PDF Oxu

Siyasət

  • 270

YAP-ın yaranması Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsi oldu - ŞƏRH

YAP-ın yaranması Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsi oldu - ŞƏRH

1992-ci ilin payızında Azərbaycan dövlətçiliyi mürəkkəb və taleyüklü bir dövr yaşayırdı. Ölkədə hökm sürən siyasi ziddiyyətlər, idarəetmədə yaranmış çətinliklər və gələcəklə bağlı qeyri-müəyyənlik cəmiyyətdən ciddi siyasi qərarların qəbul edilməsini tələb edirdi. Belə bir şəraitdə bir qrup nüfuzlu ziyalının Ümummilli Lider Heydər Əliyevə ünvanladığı müraciət yalnız yeni siyasi partiyanın yaradılması təşəbbüsü ilə məhdudlaşmırdı. Bu müraciət, eyni zamanda, xalqın sabitliyə, qüdrətli siyasi rəhbərliyə və müstəqil dövlətçiliyin etibarlı şəkildə qorunmasına olan istəyini əks etdirirdi. Ümummilli Lider Heydər Əliyev 1992-ci il oktyabrın 16-da müraciətə verdiyi cavabında belə bir partiyanın təsis edilməsini dövrün obyektiv tələbi kimi dəyərləndirmiş, onun müstəqil Azərbaycanın möhkəmlənməsi və tərəqqisində mühüm tarixi missiya daşıya biləcəyini vurğulamışdı. Bu yanaşma ölkənin siyasi həyatında yeni bir mərhələnin formalaşmasına təkan verdi. Noyabrın 21-də Naxçıvanda Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 550 nəfərin iştirakı ilə baş tutan təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması barədə qərar qəbul olundu, təşkilatın Proqramı və Nizamnaməsi təsdiqləndi.Ümummilli Lider Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi.

Bu hadisə çətin siyasi şəraitdə məsuliyyətli mövqe nümayiş etdirilməsinin, milli maraqlar naminə birləşmənin və dövlətçiliyin gələcəyinə inamın bariz nümunəsi idi. YAP-ın təsis edilməsi Azərbaycanın sonrakı siyasi və dövlətçilik inkişafında mühüm dayaqlardan birinə çevrildi. Bu təşəbbüsün təməlində fərdi maraqlar və siyasi iddialar deyil, ölkənin taleyinə görə məsuliyyət hissi və xalqın etimadını doğrultmaq əzmi dayanırdı. Məhz buna görə də təsis konfransı adi siyasi hadisə kimi deyil, Azərbaycanın müstəqil dövlət kimi inkişaf istiqamətinə ciddi təsir göstərən tarixi dönüş nöqtəsi olaraq yadda qaldı.
Yarandığı ilk dövrlərdən etibarən Yeni Azərbaycan Partiyası cəmiyyətin geniş təbəqələrinin dəstəyini qazanaraq ölkənin aparıcı siyasi təşkilatına çevrildi. Ümummilli Lider Heydər Əliyev partiyanın təşkilati strukturunun və ideoloji prinsiplərinin formalaşmasına xüsusi diqqət yetirdi, onu özünün səciyyələndirdiyi kimi, “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə çatdırdı. Müxalif siyasi qüvvə olaraq fəaliyyətə başlamasına baxmayaraq, YAP konstruktiv yanaşması, siyasi dialoqa verdiyi önəm və əməkdaşlığa açıq mövqeyi ilə ölkədə siyasi mədəniyyətin inkişafına mühüm töhfələr göstərdi. 2005-ci il martın 26-da baş tutan III Qurultayda cənab Prezident İlham Əliyevin partiyanın Sədri seçilməsi Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi kursun yeni şəraitdə davam etdirilməsini təmin etdi. Növbəti illərdə partiya müstəqillik, dövlətçilik və milli maraqlara sadiqlik prinsiplərini əsas tutaraq ölkədəki ictimai-siyasi dəyişikliklərə uyğun şəkildə fəaliyyətini təkmilləşdirdi. 2021-ci il martın 5-də keçirilən VII Qurultay isə YAP-ın təşkilati quruluşunun və fəaliyyət istiqamətlərinin müasir tələblərə uyğun yenilənməsində əhəmiyyətli rol oynadı. Həmin qurultayda partiyanın yeni Nizamnaməsi qəbul edildi, İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurası yaradıldı. Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini vəzifəsinə təyin edilməsi həm rəhbərliyə göstərilən yüksək etimadın, həm də qadınların ictimai-siyasi proseslərdə iştirakına verilən əhəmiyyətin göstəricisi oldu. 2021-ci ilin dekabrında təsdiq edilən yeni Proqramda Ümummilli Lider Heydər Əliyev siyasi irsinə bağlılıq, müstəqillik, azərbaycançılıq, dövlətçilik, hüququn aliliyi, siyasi varislik və təkamül, konstruktiv əməkdaşlıq, sosial ədalət, multikulturalizm və demokratik dəyərlərin inkişafı partiyanın başlıca strateji prioritetləri kimi müəyyənləşdirildi. Bununla yanaşı, iqtisadi tərəqqi, insan kapitalının inkişafı, şəffaflığın artırılması, milli-mənəvi dəyərlərin qorunması, xarici siyasət, ordu quruculuğu və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış da əsas fəaliyyət hədəfləri sırasına daxil edildi.
Cənab Prezident İlham Əliyevin VII Qurultaydakı çıxışında Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük siyasi təşkilatı kimi qiymətləndirilməsi onun cəmiyyətdə qazandığı nüfuzun və geniş ictimai dəstəyin göstəricisi idi. Hazırda partiyanın qarşısında duran mühüm istiqamətlərdən biri siyasi dialoqun inkişafına, sağlam əməkdaşlıq mühitinin genişlənməsinə və ümummilli əhəmiyyət daşıyan məsələlər ətrafında həmrəyliyin gücləndirilməsinə töhfə verməkdir. 2024-cü ildə keçirilən prezident və parlament seçkilərinin, eləcə də 2025-ci il bələdiyyə seçkilərinin nəticələri YAP-ın seçicilər arasında malik olduğu dəstəyi bir daha təsdiqlədi. 2026-cı il oktyabrın 2-də keçirilmiş VIII Qurultay isə partiyanın yenilənmə və müasir idarəetmə prinsiplərinə uyğunlaşma istiqamətində həyata keçirdiyi siyasətin növbəti mərhələsi oldu. Qurultay çərçivəsində aparılan müzakirələr və qəbul edilən qərarlar Yeni Azərbaycan Partiyasının qarşıdakı dövrdə də ölkənin strateji inkişaf məqsədlərinin reallaşdırılmasında fəal mövqe tutacağını nümayiş etdirdi. Cənab Prezident İlham Əliyevin qurultaydakı çıxışı yalnız partiyanın gələcək fəaliyyətinin əsas istiqamətlərini müəyyən etmədi, eyni zamanda, onun üzərinə düşən siyasi və ictimai vəzifələrin miqyasını da aydın şəkildə ifadə etdi. Əminliklə qeyd etmək olar ki, Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin siyasi irsinə və müəyyənləşdirdiyi dövlətçilik prinsiplərinə sadiq qalaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın gələcək nailiyyətlərinə bundan sonra da öz töhfəsini verəcəkdir.

Rəşad Əsgərov,
SOCAR “Kompleks Qazma İşləri” trestinin müdiri, YAP Nərimanov rayon təşkilatı üzrə ƏPT sədri

Digər xəbərlər