PDF Oxu

Siyasət

  • 320

Ağdamın qədim tarixi və dirçəliş salnaməsi - ŞƏRH

Ağdamın qədim tarixi və dirçəliş salnaməsi - ŞƏRH

Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və çoxəsrlik dövlətçilik ənənələrinə malik bölgələrindən biri olan Qarabağ torpağı xalqımızın milli-mənəvi sərvətlərinin formalaşmasında xüsusi yer tutur. Bu diyarın tarixi simasını, mədəni zənginliyini və özünəməxsus inkişaf yolunu müəyyənləşdirən şəhərlər sırasında Ağdamın mövqeyi xüsusilə seçilir. Əsrlər boyu Qarabağın ictimai, iqtisadi və mədəni həyatında mühüm rol oynamış Ağdam təkcə coğrafi məkan deyil, həm də Azərbaycanın tarixi yaddaşını, milli kimliyini və mənəvi dəyərlərini yaşadan qədim yurd yerlərimizdən biridir.

Ağdamın tarixi kökləri bölgənin qədim yaşayış mədəniyyəti ilə sıx bağlıdır. Bu ərazidə aşkar edilmiş arxeoloji nümunələr, qədim yaşayış məskənləri və tarixi abidələr Qarabağda insan məskunlaşmasının dərin keçmişə gedib çıxdığını təsdiqləyir. Xüsusilə Üzərliktəpə qədim yaşayış məskəni Azərbaycanın arxeoloji xəritəsində müstəsna əhəmiyyət daşıyır. Burada aparılmış tədqiqatlar nəticəsində əldə edilən maddi-mədəniyyət nümunələri Mil-Qarabağ düzənliyində qədim əkinçilik, sənətkarlıq və məişət mədəniyyətinin inkişaf səviyyəsini öyrənmək baxımından qiymətli elmi mənbədir. Üzərliktəpə abidəsi təkcə Ağdamın deyil, bütövlükdə Azərbaycan ərazisinin qədim tarixinin araşdırılması üçün mühüm elmi əhəmiyyətə malikdir.
Bölgənin tarixi-memarlıq irsi də öz zənginliyi ilə diqqəti cəlb edir. Şahbulaq qalası, Pənahəli xanın dövrü ilə bağlı tarixi tikililər, qədim qəbiristanlıqlar, türbələr, məscidlər və digər memarlıq nümunələri Ağdamın keçmişinə işıq salan qiymətli yadigarlardır. Bu abidələr Qarabağ xanlığının dövlətçilik tarixini, bölgənin siyasi və ictimai həyatını, eləcə də Azərbaycan xalqının özünəməxsus memarlıq ənənələrini əks etdirir. Ağdamın tarixi irsi ayrı-ayrı abidələrin məcmusu olmaqla məhdudlaşmır; o, müxtəlif tarixi dövrlərin izlərini özündə birləşdirən bütöv bir mədəniyyət xəzinəsidir.
XX əsrdə Ağdam Azərbaycanın ən sürətlə inkişaf edən şəhərlərindən birinə çevrilmiş, sənaye, kənd təsərrüfatı, ticarət, təhsil və mədəniyyət sahələrində mühüm nailiyyətlər qazanmışdır. Şəhərin ictimai-mədəni həyatı, zəngin infrastrukturu, təhsil və səhiyyə müəssisələri, sənaye obyektləri onun Qarabağın aparıcı mərkəzlərindən biri kimi formalaşmasını təmin etmişdi. Ağdam həm də özünəməxsus memarlığı, abad küçələri, yaşıllıqları, mədəniyyət ocaqları və qonaqpərvər insanları ilə seçilirdi. Bu inkişaf yolu şəhərin təkcə keçmişini deyil, müasir Azərbaycan tarixində tutduğu yeri də müəyyənləşdirirdi.
Lakin Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti Ağdamın taleyində ağır və faciəli izlər buraxdı. 1993-cü il iyulun 23-də şəhərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə onun dinc sakinləri doğma yurdlarından didərgin salındı. İşğal nəticəsində yaşayış evləri, inzibati binalar, təhsil və səhiyyə müəssisələri, mədəniyyət ocaqları, sənaye və sosial infrastruktur obyektləri dağıdıldı, tarixi-memarlıq abidələri vandalizmə məruz qaldı. Bir vaxtlar həyatın qaynayıb-qarışdığı, insanların qurub-yaratdığı şəhər məqsədyönlü şəkildə viran qoyuldu. Ağdamın işğal dövründəki vəziyyəti müharibə cinayətlərinin, mədəni irsə qarşı yönəlmiş dağıdıcı siyasətin və insanlıq əleyhinə əməllərin ən bariz nümunələrindən birinə çevrildi.
Erməni vandalizminin miqyası yalnız yaşayış məntəqələrinin dağıdılması ilə məhdudlaşmırdı. Ağdamın məscidləri, qəbiristanlıqları, tarixi tikililəri və digər mədəni irs nümunələri də bu təcavüzkar siyasətin hədəfinə çevrildi. Şəhərin Ağdam Cümə məscidi işğal illərində ciddi zərər gördü, dini-mənəvi dəyərlərə hörmətsizlik nümayiş etdirildi. Bir vaxtlar Qarabağın ən böyük və abad şəhərlərindən biri olan Ağdamın xarabalığa çevrilməsi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılan, lakin uzun illər lazımi siyasi və hüquqi qiymətini almayan faciəvi reallıq idi. Bu mənzərə təkcə Azərbaycanın deyil, bəşəriyyətin ortaq tarixi və mədəni irsinə qarşı törədilmiş vandalizm aktı kimi qiymətləndirilməlidir.
Prezident İlham Əliyevin Ağdamın işğaldan azad olunmasından sonra şəhərə səfəri zamanı səsləndirdiyi fikirlər bu tarixi faciənin mahiyyətini və Azərbaycanın gələcəyə yönəlmiş qətiyyətli mövqeyini aydın ifadə edirdi: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.” Bu bəyanat Azərbaycanın öz torpaqlarına sahib çıxmaq iradəsinin, tarixi ədalətin bərpasına inamının və milli quruculuq əzminin ifadəsi idi. Dövlət başçısının qətiyyətli mövqeyi Ağdamın gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirən siyasi iradənin təcəssümünə çevrildi.
2020-ci il noyabrın 20-də Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfər nəticəsində əldə edilmiş razılaşmaya əsasən Ağdam rayonunun işğaldan azad olunması xalqımızın yaddaşında xüsusi yer tutan hadisələrdən biri oldu. Bu tarix uzun illər doğma yurd həsrəti ilə yaşayan ağdamlıların qayıdış ümidlərinin gerçəkləşməsinə, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi mərhələnin başlanmasına yol açdı. Ağdamın azad edilməsi yalnız bir rayonun işğaldan qurtuluşu deyil, həm də xalqımızın tarixi ədalətə, milli iradəyə və öz torpaqlarına bağlılığının təntənəsi idi.
Bu gün Ağdamın tarixi-mədəni irsinin qorunması və şəhərin yenidən qurulması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri şəhərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Müasir şəhərsalma prinsipləri əsasında qurulan infrastruktur, yeni yaşayış məhəllələri, yollar, sosial obyektlər və istehsal sahələri Ağdamın gələcəyinin möhkəm təməlini yaradır. Bununla yanaşı, tarixi abidələrin bərpası, mədəni irsin qorunması və qədim yaşayış məskənlərinin elmi baxımdan öyrənilməsi şəhərin öz tarixi simasını yenidən qazanmasına xidmət edir.
Ağdam Şəhəri Günü hər il noyabrın 20-də qeyd olunmaqla xalqımızın tarixi yaddaşında həm ağır sınaqların, həm də sarsılmaz iradənin rəmzi kimi yaşayır. Bu gün Ağdamın keçmişinə ehtiramın, işğal zamanı törədilmiş cinayətlərin unudulmamasının və doğma torpaqlarımızda yeni həyatın qurulmasına yönəlmiş əzmin ifadəsidir. Vaxtilə xarabalığa çevrilmiş Ağdamın yenidən abad, müasir və insanların firavan yaşadığı şəhərə çevrilməsi Azərbaycan dövlətinin gücünün, xalqımızın quruculuq iradəsinin və tarixi torpaqlarına bağlılığının əyani təcəssümü olacaqdır.

Hafizə Xuduyeva,
Salyan şəhər 4 saylı tam orta ümumtəhsil məktəbin müəllimi, YAP fəalı

Digər xəbərlər