PDF Oxu

Siyasət

  • 285

Doğma Ağdamda həyat yenidən canlanır

Doğma Ağdamda həyat yenidən canlanır

Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar yalnız təqvimdə bir tarix deyil, həm də milli qürurun, qəhrəmanlığın, tarixi ədalətin və gələcəyə inamın rəmzinə çevrilir. 20 Noyabr – Ağdam Şəhəri Günü də xalqımız üçün belə əlamətdar günlərdən biridir. Bu tarix Ağdamın şanlı keçmişini, yaşadığı ağır faciələri, azadlıq uğrunda mübarizəsini və bu gün başlayan yeni inkişaf mərhələsini özündə əks etdirir. Ağdam Azərbaycanın Qarabağ bölgəsində yerləşən, zəngin tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə seçilən qədim şəhərlərimizdən biridir. Vaxtilə Qarabağın ən gözəl və inkişaf etmiş şəhərlərindən sayılan Ağdam özünün geniş küçələri, müasir binaları, mədəniyyət ocaqları, təhsil müəssisələri və qonaqpərvər insanları ilə tanınırdı. Şəhər həm də, Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatında mühüm yer tuturdu.

Lakin Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində Ağdam ağır faciələrlə üzləşdi. 1993-cü il iyulun 23-də şəhər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal nəticəsində Ağdamın tarixi və mədəni abidələri dağıdıldı, yaşayış evləri, məktəblər, xəstəxanalar və digər sosial obyektlər məhv edildi. Bir zamanlar gözəlliyi ilə seçilən şəhər xarabalığa çevrildi. Ağdam uzun illər ərzində erməni vandalizminin və işğal siyasətinin acı nəticələrinin simvolu oldu. Şəhər sakinləri doğma yurdlarından didərgin düşərək ölkəmizin müxtəlif bölgələrində məskunlaşmağa məcbur oldular. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın tarixi taleyində yeni bir səhifə açdı. Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Zəfər nəticəsində torpaqlarımızın işğalına son qoyuldu. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarıldı. Bu hadisə xalqımızın böyük sevincinə səbəb oldu və Ağdamın azadlığı tarixi ədalətin bərpasının mühüm göstəricisinə çevrildi.

Ağdamın azad olunmasından sonra şəhərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Ağdamın Baş Planı hazırlandı, müasir infrastrukturun yaradılması istiqamətində mühüm layihələr həyata keçirildi. Şəhərdə yaşayış binaları, məktəblər, xəstəxanalar, yollar, parklar və digər sosial obyektlər inşa olunur. Ağdam Sənaye Parkının yaradılması isə bölgənin iqtisadi potensialının artırılması və yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyət daşıyır.

20 Noyabr – Ağdam Şəhəri Günü hər bir azərbaycanlı üçün qürur və fəxarət günüdür. Bu tarix bizə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığını, qazilərimizin fədakarlığını və xalqımızın sarsılmaz birliyini xatırladır. Ağdamın yenidən dirçəlməsi sübut edir ki, Azərbaycan xalqı heç vaxt öz tarixi torpaqlarından, milli kimliyindən və gələcək arzularından vaz keçmir.

Ağdamın bugünkü dirçəlişi sabaha inamımızın, milli birliyimizin və tarixi Zəfərimizin parlaq təcəssümüdür. Əminliklə demək olar ki, Ağdam yenidən Azərbaycanın ən gözəl, müasir və inkişaf etmiş şəhərlərindən birinə çevriləcək. Doğma Ağdamda həyatın yenidən canlanması, küçələrin insanların səsi ilə dolması və şəhərin əvvəlki şöhrətinə qovuşması xalqımızın ən böyük arzularından biridir.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Digər xəbərlər