İşğaldan azad edilmiş ərazilərdə həyatın yenidən canlandırılması, dağıdılmış şəhər və kəndlərin bərpası, müasir infrastrukturun yaradılması Azərbaycanın qarşısında dayanan ən mühüm dövlət vəzifələrindən biri kimi müəyyənləşdirilib. Bu istiqamətdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri dövlətimizin iqtisadi qüdrətini, strateji planlaşdırma imkanlarını və milli iradəsini nümayiş etdirir. Qarabağın yenidən qurulması prosesində xüsusi yer tutan Ağdam şəhəri isə bu gün Azərbaycanın quruculuq əzminin, gələcəyə hesablanmış inkişaf siyasətinin və Böyük Qayıdış strategiyasının ən parlaq nümunələrindən birinə çevrilir.
Ağdamın yenidən qurulması prosesi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin birbaşa diqqət və nəzarəti altında ardıcıl şəkildə həyata keçirilir. Dövlət başçısının işğaldan azad edilmiş ərazilərə, xüsusilə Ağdama mütəmadi səfərləri burada görülən işlərin miqyasını və dövlət siyasətinin prioritetlərini aydın nümayiş etdirir. Hər bir səfər yeni layihələrin başlanması, mühüm infrastruktur obyektlərinin təməlinin qoyulması və əvvəlki mərhələlərdə görülmüş işlərin nəticələrinin qiymətləndirilməsi ilə yadda qalır. Bu səfərlər Ağdamın bərpasının təsadüfi və epizodik deyil, vahid strategiyaya əsaslanan, mərhələli və sistemli proses olduğunu təsdiqləyir.
2021-ci il mayın 28-də Prezident İlham Əliyevin Ağdama səfəri şəhərin yeni inkişaf tarixində mühüm başlanğıc nöqtəsi oldu. Həmin gün Bərdə–Ağdam avtomobil yolunun, Ağdam Sənaye Parkının, şəhərdə ilk yaşayış binasının, 1 nömrəli tam orta məktəbin yeni binasının, Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin təməli qoyuldu. Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi mərasimi isə şəhərin yaşıllıq və ekoloji mühitinin yenidən formalaşdırılmasına verilən önəmin ifadəsi idi. Səfər çərçivəsində Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksi, Qiyaslı məscidi və Şahbulaq qalası ilə bağlı məsələlərə diqqət yetirilməsi tarixi-mədəni irsin qorunmasının da quruculuq siyasətinin ayrılmaz tərkib hissəsi olduğunu göstərirdi. Həmin gün Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması isə xarabalıqlardan yeni və müasir şəhərə doğru böyük yolun başlanğıcı kimi tarixə düşdü.
Sonrakı illərdə bu proses daha geniş miqyas aldı, şəhərin mühəndis-kommunikasiya, enerji, nəqliyyat və sosial infrastrukturu üzrə layihələr ardıcıl şəkildə reallaşdırıldı. 2023-cü il dekabrın 24-də Prezident İlham Əliyevin Ağdama növbəti səfəri zamanı “AzərEnerji” ASC-nin 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyasının açılışı baş tutdu. Bu obyekt şəhərin dayanıqlı elektrik enerjisi ilə təminatında və gələcək istehsal, yaşayış və xidmət sahələrinin inkişafında mühüm rol oynayır. Həmin səfər zamanı dördüncü və beşinci yaşayış komplekslərinin, Ağdam şəhər Mərkəzi parkının təməllərinin qoyulması, şəhərin daxili yollarında aparılan işlərin vəziyyətinin nəzərdən keçirilməsi quruculuğun əhatə dairəsinin daha da genişləndiyini göstərirdi.
Ağdamın inkişafı şəhər mərkəzi ilə məhdudlaşmır, rayonun kənd və qəsəbələrini də əhatə edir. 2023-cü il dekabrın 24-də Qiyaslı, Salahlı Kəngərli və Baş Qərvənd kəndlərinin təməllərinin qoyulması, Xaçınçay su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi kənd yaşayış məntəqələrinin dirçəldilməsi və aqrar potensialın bərpası baxımından əhəmiyyətli addımlar idi. Bərdə–Ağdam avtomobil yolunun açılışı isə rayonun nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına, iqtisadi və sosial fəallığın artmasına yeni imkanlar yaratdı. Bu layihələr göstərirdi ki, Ağdamın bərpası vahid ərazi inkişafı prinsipi əsasında həyata keçirilir və şəhərlə kəndlər arasında iqtisadi, sosial və infrastruktur əlaqələrinin möhkəmləndirilməsi əsas hədəflərdəndir.
2025-ci il fevralın 18-də dövlət başçısının Ağdama səfəri şəhərin rəqəmsal idarəetmə, yaşayış, təhsil, mədəniyyət və xidmət infrastrukturu sahələrində əldə olunan irəliləyişlərlə yadda qaldı. Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışı müasir texnologiyaların tətbiqi, idarəetmədə innovativ yanaşmaların genişləndirilməsi və kadr potensialının inkişafı baxımından mühüm əhəmiyyət daşıyırdı. Bununla yanaşı, Ağdam Muğam Mərkəzində, “Hilton Garden Inn” hotelində, “Ağdam Residence” yaşayış kompleksində, şəhərin birinci və ikinci yaşayış komplekslərində aparılan işlərin vəziyyəti, 1 nömrəli tam orta məktəb və 1 nömrəli körpələr evi-uşaq bağçasının tikintisi diqqət mərkəzində oldu. Bu obyektlərin hər biri Ağdamda yeni həyatın müxtəlif istiqamətlərini – müasir yaşayış mühitini, təhsili, mədəniyyəti, turizmi və sosial rifahı özündə birləşdirir.
Həmin ilin iyulun 18-də Prezident İlham Əliyevin Ağdama növbəti səfəri quruculuq prosesinin artıq konkret nəticələrlə müşayiət olunduğunu nümayiş etdirdi. Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin açılması bölgənin sənaye potensialının genişləndirilməsi və yeni iş yerlərinin yaradılması istiqamətində atılan addımlardan biri idi. Sənaye Parkının fəaliyyəti Ağdamın iqtisadi həyatının canlandırılmasına, sahibkarlığın inkişafına və yerli istehsal imkanlarının artırılmasına xidmət edir. Səfərin ən əlamətdar hadisələrindən biri isə Ağdam şəhər 1 nömrəli tam orta məktəbin yeni binasının və 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı oldu. Uzun illər təhsil və məktəbəqədər tərbiyə imkanlarından məhrum edilmiş şəhərdə bu müəssisələrin fəaliyyətə başlaması doğma yurda qayıdan ailələrin sosial təminatı, uşaqların təhsili və gələcək nəsillərin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyırdı. Qiyaslı kəndindəki tarixi məscidin bərpadan sonra açılması isə tarixi-mənəvi irsin qorunması və dini-mədəni dəyərlərə ehtiramın ifadəsi idi.
Ağdamın yenidən qurulmasında təhsil və mədəniyyət obyektlərinin yaradılması, tarixi abidələrin bərpası, müasir yaşayış komplekslərinin inşası, nəqliyyat və kommunal infrastrukturun yenilənməsi vahid məqsədə – insanların doğma torpaqlarında təhlükəsiz, rahat və firavan həyatının təmin edilməsinə xidmət edir. Prezident İlham Əliyevin iştirakı ilə Ağdam Sənaye Parkında yeni istehsal müəssisəsinin açılışı isə şəhərin iqtisadi potensialının reallaşdırılması, sənaye imkanlarının genişləndirilməsi və əhalinin məşğulluğunun təmin olunması istiqamətində atılan mühüm addımlardan biridir. Yeni təhsil müəssisələri gələcək nəsillərin yetişməsinə zəmin yaradır, mədəniyyət ocaqları şəhərin mənəvi həyatını zənginləşdirir, nəqliyyat və enerji layihələri isə bütün bu inkişaf istiqamətlərinin dayanıqlı əsasını təşkil edir.
Prezident İlham Əliyevin Ağdama səfərləri zamanı verilən tapşırıqların ardıcıl icrası, yeni obyektlərin istifadəyə verilməsi və quruculuq işlərinin davamlı xarakter alması dövlətin qarşıya qoyduğu məqsədlərə sadiqliyinin göstəricisidir. Vaxtilə işğal nəticəsində tamamilə dağıdılmış şəhərin qısa müddətdə müasir infrastruktura malik yaşayış və iqtisadi mərkəzə çevrilməsi Azərbaycanın öz gücü və imkanları hesabına həyata keçirdiyi misilsiz bərpa prosesinin nəticəsidir. Bu proses yalnız fiziki məkanın yenilənməsi deyil, həm də Ağdamın tarixi mövqeyinin, ictimai həyatının və iqtisadi nüfuzunun yenidən formalaşdırılması deməkdir.
Bu gün Ağdamda yüksələn hər bir bina, salınan hər bir yol, istifadəyə verilən hər bir sosial və iqtisadi obyekt şəhərin əvvəlki şöhrətinə qovuşması istiqamətində atılan növbəti addımdır. Ağdam öz tarixi kimliyini qoruyaraq müasir Azərbaycanın inkişaf və tərəqqi məkanlarından birinə çevrilir.
Nazənin İsmayılova,
Salyan rayon Sarvan kənd tam orta ümumtəhsil məktəbin direktoru, YAP fəalı