19 noyabr 2026-cı il tarixində Ağstafa rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 34-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.
Tədbir YAP Ağstafa rayon təşkilatının inzibati binasında davam etdirilib.
Azərbaycanın Dövlət Himni səsləndirilib, müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin və müstəqilliyimizin, ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev geniş məruzə ilə çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması və sonrakı inkişafı bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı və siyasi fəaliyyəti ilə bağlıdır. Onun dövlət idarəçiliyindəki zəngin təcrübəsi, Azərbaycanın tarixini və milli xüsusiyyətlərini dərindən bilməsi, ölkənin beynəlxalq münasibətlər sistemində mövqeyinin gücləndirilməsinə yönəlmiş fəaliyyəti partiyanın ideoloji və təşkilati əsaslarının formalaşmasında mühüm rol oynadı.
Daha sonra çıxış edən natiqlər - əməkdar müəllim İndira Vəliyeva, Dağ Kəsəmən bələdiyyəsinin sədri, partiya fəalı Solmaz Nağıyeva, partiya veteranları Sənan Mustafayev və Xuraman Əzimova bildiriblər ki, Yeni Azərbaycan Partiyası yarandığı ilk illərdən etibarən təşkilati strukturunu genişləndirməyə xüsusi diqqət yetirmişdir. Ölkənin şəhər və rayonlarında yerli təşkilatların yaradılması, partiya fəallarının fəaliyyətinin əlaqələndirilməsi, ictimai-siyasi tədbirlərin təşkili bu prosesin əsas istiqamətlərini təşkil edirdi. Yeni Azərbaycan Partiyasının yaranma tarixinin öyrənilməsi yalnız keçmiş hadisələrin xatırlanması baxımından deyil, həm də gənc nəslin dövlətçilik tariximiz haqqında biliklərinin artırılması baxımından əhəmiyyətlidir.
Daha sonra YAP Ağstafa rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.
Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyətini özündə əks etdirən film nümayiş olunub. Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.