Azərbaycanın müasir siyasi tarixində 21 Noyabr 1992-ci il xüsusi əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Həmin gün Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcını qoydu. Bu tarix təkcə yeni siyasi partiyanın yarandığı gün kimi deyil, həm də xalqımızın mürəkkəb tarixi-siyasi şəraitdə milli birlik, dövlətçilik ənənələrinin qorunması və müstəqilliyin möhkəmləndirilməsi istiqamətində nümayiş etdirilən siyasi iradə ilə əlamətdardır.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan ilk illərdə ciddi siyasi, iqtisadi və hərbi çətinliklərlə üzləşmişdi. Ermənistanın təcavüzü, torpaqlarımızın işğalı, ölkədəki siyasi qarşıdurmalar və iqtisadi böhran vəziyyəti daha da ağırlaşdırırdı. Belə bir şəraitdə dövlət müstəqilliyinin qorunması, sabitliyin təmin edilməsi və milli maraqların müdafiəsi üçün güclü siyasi liderə və təşkilatlanmış siyasi qüvvəyə ehtiyac yaranmışdı.
1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış ziyalı Ümummilli Lider Heydər Əliyevə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını və ona rəhbərlik etməsini xahiş etdi. “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı bu müraciətə Heydər Əliyev oktyabrın 24-də “Yeni, müstəqil Azərbaycan uğrunda” başlıqlı cavab məktubu ilə münasibət bildirdi. Bununla da Yeni Azərbaycan Partiyasının yaradılması istiqamətində mühüm siyasi və təşkilati mərhələyə başlanıldı.
Beləliklə, 1992-ci il Noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Azərbaycanın müxtəlif bölgələrindən olan nümayəndələrin iştirak etdiyi konfransda partiyanın yaradılması haqqında qərar qəbul edildi. Heydər Əliyev konfrans iştirakçılarının yekdil qərarı ilə partiyanın sədri seçildi. Bununla da Yeni Azərbaycan Partiyasının əsası qoyuldu və ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı baş verdi.
Yeni Azərbaycan Partiyasının yaradılması həmin dövrün siyasi və ictimai reallıqlarından irəli gələn tarixi zərurətlə yanaşı, Azərbaycanın siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, gələcək inkişafının müəyyənləşdirilməsi istiqamətində də əhəmiyyətli addım idi.
Ümummilli Lider Heydər Əliyevin partiyanın sədri seçilməsi onun zəngin dövlətçilik təcrübəsinə, siyasi nüfuzuna və xalq arasında böyük etimada malik olmasına əsaslanırdı. Ulu Öndərin siyasi fəaliyyəti və dövlətçilik təcrübəsi müasir Azərbaycan tarixində mühüm iz qoymuşdur. Onun müəyyən etdiyi siyasi kursun əsas istiqamətlərini dövlət müstəqilliyinin qorunması, milli maraqların müdafiəsi, azərbaycançılıq ideologiyasının inkişafı və güclü dövlət quruculuğu təşkil edirdi.
1993-cü ildə ölkədə yaranmış ağır siyasi böhran şəraitində Heydər Əliyevin xalqın təkid ilə hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu dövrdə dövlət idarəçiliyinin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin təmin olunması və ölkənin iqtisadi inkişafının əsas istiqamətlərinin müəyyənləşdirilməsi sahəsində mühüm addımlar atıldı. Həmin dövrdə həyata keçirilən siyasət müstəqil Azərbaycanın gələcək inkişafı üçün möhkəm zəmin yaratdı.
Yeni Azərbaycan Partiyası təsis olunduqdan sonra ölkənin ictimai-siyasi həyatında öz mövqeyini möhkəmləndirməyə başladı. Sonrakı dövrdə partiyanın təşkilati strukturları genişləndirildi, bölgələrdə yerli təşkilatları yaradıldı və fəaliyyəti daha da inkişaf etdirildi. 1992-ci il dekabrın 18-də dövlət qeydiyyatına alınması isə partiyanın fəaliyyətində mühüm mərhələ oldu.
2003-cü ildən etibarən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın inkişafında yeni mərhələnin əsasını qoydu. Bu dövrdə ölkənin iqtisadi potensialı artırıldı, infrastruktur yeniləndi, əhalinin sosial rifahının yüksəldilməsi, beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi və dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olundu. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası isə müasir dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri kimi xüsusi əhəmiyyət daşıyır.
Yeni Azərbaycan Partiyasının üzvü olaraq hesab edirəm ki, bu tarixi irsin qorunması və gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur. Partiya üzvü olmaq yalnız siyasi mənsubiyyət deyil, həm də dövlətçilik ənənələrinə sadiqlik, milli maraqların müdafiəsi və ölkəmizin gələcəyi qarşısında məsuliyyət deməkdir. Bu baxımdan, Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsiplərinə sadiq qalmaq, Azərbaycanın inkişafına töhfə vermək və milli birliyin qorunmasına xidmət etmək hər bir partiya üzvünün qarşısında duran mühüm vəzifələrdəndir.
Bu baxımdan, 2026-cı il oktyabrın 2-də Bakıda keçirilmiş Yeni Azərbaycan Partiyasının VIII Qurultayı partiyanın inkişaf tarixində yeni mərhələnin başlanğıcı kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultayda qarşıdakı dövrün yeni hədəf və vəzifələri müəyyənləşdirilmiş, Prezident və Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə partiyanın gələcək fəaliyyət istiqamətləri bir daha diqqətə çatdırılmışdır.
Nəticə etibarilə, 21 Noyabr 1992-ci il Yeni Azərbaycan Partiyasının tarixində mühüm başlanğıc, ölkəmizin siyasi həyatında isə əlamətdar hadisədir. Bu gün həmin tarixi vərəqləyərkən partiyanın yaranma zərurətini, Heydər Əliyevin siyasi irsini və keçdiyi inkişaf yolunu bir daha xatırlayırıq.
Yeni Azərbaycan Partiyasının üzvü olaraq bu tarixi yaddaşın yaşadılması, Heydər Əliyevin dövlətçilik irsinin qorunması və gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur.
Məlahət Müştaqova
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin məzmun və siyasət sektorunun böyük məsləhətçisi,
YAP Nərimanov rayon Təşkilatının fəal üzvü