Oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edən Prezident İlham Əliyev ölkənin müasir tarixinin ən mürəkkəb dövrlərindən birinə — 1990-cı illərin əvvəllərinə və Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışına yenidən nəzər saldı.
Dövlətimizin başçısı çıxışında həmin dövrün hadisələri ilə ölkənin müasir inkişaf mərhələsi arasında birbaşa tarixi bağlılıq yaratdı. Prezidentin vurğuladığı kimi, Yeni Azərbaycan Partiyasının yaradılması xalqın tələbi idi, Heydər Əliyevin hakimiyyətə qayıdışı da xalqın tələbi idi. 1993-cü ilin oktyabrında Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi — ölkənin eyni zamanda siyasi, hərbi və iqtisadi böhran yaşadığı bir dövrdə.
Bu fikirlər məhz bu gün — oktyabrın 3-də xüsusi əhəmiyyət kəsb edir. Həmin prezident seçkilərindən 33 il sonra bu tarixin əhəmiyyətini artıq yalnız 1993-cü ilin şəraiti ilə deyil, həm də ötən müddət ərzində baş vermiş dəyişikliklərin miqyası ilə qiymətləndirmək mümkündür.
Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdi. Lakin ilk illər göstərdi ki, müstəqilliyin elan olunması hələ dayanıqlı dövlətin mövcudluğu demək deyil. Müharibə davam edir, ərazilər işğal altında qalır, qaçqın və məcburi köçkünlərin sayı artır, iqtisadiyyat dərin böhran yaşayırdı. Daxili siyasi mübarizə və silahlı birləşmələrin fəaliyyəti ölkənin idarəolunmasına təhlükə yaradırdı. 1993-cü ilin yayına doğru vətəndaş qarşıdurması təhlükəsi meydana çıxmışdı.
Buna görə də 3 oktyabr 1993-cü ili dövlətçiliyin qorunub saxlanıldığı və ölkənin beynəlxalq münasibətlərin həqiqətən müstəqil subyekti kimi mövcudluğunu təmin edə biləcək sistemin yaradılmasının başlanğıcı olan tarix kimi qiymətləndirmək lazımdır.
İlk növbədə daxili sabitliyin və idarəolunmanın bərpası əsas vəzifəyə çevrildi. Daha sonra müharibəni dayandırmaq və dövlətin möhkəmləndirilməsi üçün zaman qazanmaq lazım idi. 1994-cü ilin mayında əldə olunan atəşkəs münaqişəni həll etmədi və işğal olunmuş əraziləri geri qaytarmadı, lakin Azərbaycanın fəaliyyət göstərdiyi şəraiti dəyişdirdi. Ölkə dövlət institutlarının, ordunun və iqtisadiyyatın qurulmasına diqqət yetirmək imkanı qazandı.
Cəmi bir neçə ay sonra, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Tarixi perspektivdən onun əhəmiyyəti neft sektorunun hüdudlarından xeyli kənara çıxdı. Böyük beynəlxalq enerji şirkətlərinin cəlb olunması investisiyaların təmin edilməsinə imkan yaratmaqla yanaşı, Azərbaycan ətrafında beynəlxalq iqtisadi maraqların yeni sistemini formalaşdırırdı. Sonrakı dövrdə ixrac marşrutlarının yaradılması ölkəyə öz enerji resurslarını müstəqil şəkildə dünya bazarlarına çıxarmaq imkanı verdi.
Məhz bu dövrdə iqtisadi müstəqilliyin siyasi suverenliyin zəruri tərkib hissəsi kimi qəbul edildiyi model formalaşmağa başladı. Mürəkkəb geosiyasi mühitdə yerləşən dövlət üçün öz iqtisadi resurslarına malik olmaq yalnız inkişaf demək deyildi — bu resurslar müstəqil xarici siyasət yürütmək imkanlarını da genişləndirirdi.
Paralel olaraq dövlətin institusional əsasları formalaşdırılırdı. 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi. Konstitusiya dövlət quruluşunun əsaslarını, hüquqi və dünyəvi dövlət prinsiplərini, hakimiyyət bölgüsünü, vətəndaşların hüquq və azadlıqlarını təsbit etdi. Sonrakı illərdə yeni dövlət və hüquq institutları yaradıldı, iqtisadi və məhkəmə islahatları həyata keçirildi, kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi.
Beləliklə, 1993-cü ildən sonra dövlətin qorunub saxlanılması zərurətindən onun uzunmüddətli inkişaf mexanizmlərinin yaradılmasına keçid baş verdi. Eyni zamanda Azərbaycanın xarici siyasət modeli müəyyənləşirdi. Ölkənin coğrafi mövqeyi bir istiqamətdən həddindən artıq asılılığa yol vermədən müxtəlif güc mərkəzləri ilə münasibətlərin qurulmasını tələb edirdi. Məhz buna görə Heydər Əliyevin hakimiyyəti dövründə formalaşmış siyasi kurs Qərblə əməkdaşlığı, qonşu dövlətlərlə münasibətləri, beynəlxalq təşkilatlarda iştirakı və milli maraqların ardıcıl şəkildə irəli sürülməsini özündə birləşdirirdi.
Azərbaycançılıq ideologiyası ayrıca əhəmiyyət qazandı. Müharibənin və daxili böhranın nəticələrini yaşayan çoxmillətli ölkədə vahid vətəndaş kimliyi dövlətin dayanıqlılığını təmin edən amillərdən birinə çevrilirdi. Dövlətçilik, milli-mənəvi dəyərlər və vahid Azərbaycana mənsubiyyət yalnız ölkə vətəndaşlarını deyil, onun hüdudlarından kənarda yaşayan azərbaycanlıları da birləşdirməli olan vahid konsepsiyada öz əksini tapdı.
Bu kontekstdə Prezident İlham Əliyevin dünən Heydər Əliyevin siyasi irsinə müraciəti xüsusilə diqqətəlayiqdir. Ötən üç onillik ərzində dövlət qarşısında duran konkret vəzifələr dəyişsə də, siyasi kursun əsasında müstəqillik, suverenlik, iqtisadi müstəqillik və müdafiə potensialının gücləndirilməsi məsələləri qalmaqda davam edib.
Bununla yanaşı, 1993-cü ilin Azərbaycanı ilə 2026-cı ilin Azərbaycanı arasında prinsipial fərq var. O zaman dövlət daxili böhranı və ərazi itkilərini dayandırmağa çalışırdı. Bu gün Azərbaycan tamamilə fərqli tarixi reallıqda — ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş dövlət kimi yaşayır. Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdır, yeni infrastruktur yaradılır.
1990-cı illərin əvvəllərində dövlətin ciddi şəkildə çatışmayan resursları yaratması zəruri idi: siyasi sabitlik, dayanıqlı iqtisadiyyat, peşəkar institutlar, beynəlxalq əlaqələr və güclü ordu. Sonrakı onilliklər bu potensialın toplanması dövrünə çevrildi. Belə tarixi kontekstdə ərazi bütövlüyünün bərpası ayrıca bir hadisə kimi deyil, dövlətin imkanlarının uzunmüddətli möhkəmləndirilməsinin nəticəsi kimi görünür.
Məhz burada iki dövr arasındakı əsas varislik xətlərindən biri özünü göstərir. 1993-cü ildə söhbət müstəqilliyin qorunub saxlanılmasından gedirdi. Sonrakı illərdə əsas məsələ bu müstəqilliyin real məzmunla təmin edilməsi idi. Bu gün isə sürətlə dəyişən beynəlxalq sistem şəraitində əldə olunan nailiyyətlərin qorunması və dövlətin daha da gücləndirilməsi ön plana çıxır.
Heydər Əliyev deyirdi: “Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır, Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır”.
Bu formulda dövlətçilik yalnız dövlət institutlarının mövcudluğu kimi deyil, həm də ölkənin müstəqilliyi, ərazi bütövlüyü və gələcəyi üçün məsuliyyət kimi başa düşülürdü.
3 oktyabr seçkilərindən 33 il sonra həmin tarixin tarixi əhəmiyyəti, ilk növbədə, keçilən yolun nəticələri ilə müəyyən olunur. 1990-cı illərin əvvəllərində Azərbaycan öz dövlətçiliyini qoruyub saxlamaq uğrunda mübarizə aparırdı. 2026-cı ilin Azərbaycanı isə ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş, tamamilə fərqli iqtisadi və hərbi imkanlara malik olan və müstəqil xarici siyasət yürüdən dövlətdir.
Məhz bu iki tarixi nöqtə arasındakı məsafə 3 oktyabr 1993-cü ildə edilmiş seçimin əhəmiyyətini ən aydın şəkildə göstərir.
Anastasiya Lavrina
YAP Gənclər Birliyinin üzvü