Mənim düşüncəmə görə, xarici siyasətimizi elə qurmalıyıq ki, heç bir dövlət Azərbaycanın daxili və xarici siyasətinə müdaxilə edə biləcəyini düşünməsin. Biz bütün dövlətlərlə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq şəraitində münasibətlər qurmalıyıq. Lakin dostluq və tərəfdaşlıq heç vaxt asılılıq demək olmamalıdır. Azərbaycan hər zaman öz qərarlarını özü verməli, milli maraqlarını qorumalı və müstəqil siyasətini davam etdirməlidir.
Bunun üçün güclü ordu ilə yanaşı, güclü iqtisadiyyat, inkişaf etmiş müdafiə sənayesi, müasir texnologiyalar və dayanıqlı diplomatiya da vacibdir. Öz silahını və sursatını istehsal etmək imkanına malik olmaq, hərbi ehtiyaclarını qarşılamaq üçün yerli potensialını artırmaq dövlətin təhlükəsizliyinə verilən mühüm töhfədir.
44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər də göstərdi ki, xalqın birliyi, ordunun qüdrəti və dövlətin qətiyyətli mövqeyi bir araya gəldikdə böyük nəticələr əldə etmək mümkündür. Azərbaycan xalqı öz torpaqlarının azadlığı uğrunda mübarizədə qəhrəmanlıq göstərdi, şəhidlər verdi, qazilər yetişdirdi. Bu gün bizim borcumuz həmin Zəfəri qorumaq, dövlətimizi daha da gücləndirmək və gələcək nəsillərə təhlükəsiz Azərbaycan miras qoymaqdır.
Mən hesab edirəm ki, Azərbaycan heç bir dövlətlə qarşıdurma tərəfdarı olmamalı, sülhə və əməkdaşlığa üstünlük verməlidir. Ancaq sülh istəmək zəif olmaq demək deyil. Əksinə, sülhü qorumaq üçün güclü olmaq, öz hüquqlarını müdafiə etmək və milli maraqlardan geri çəkilməmək lazımdır.
Unutmamalıyıq ki, müstəqillik yalnız dövlət bayrağının dalğalanması ilə ölçülmür. Müstəqillik həm də öz qərarlarını sərbəst vermək, iqtisadi və hərbi baxımdan dayanıqlı olmaq, xalqın gələcəyini kənar təsirlərdən qorumaq deməkdir.
Azərbaycanın gələcəyi öz gücünə, xalqının birliyinə və milli iradəsinə söykənməlidir. Bizim məqsədimiz kiməsə qarşı olmaq deyil, öz dövlətimizi daha güclü, daha təhlükəsiz və daha müstəqil görməkdir. Çünki öz gücünə inanan, milli maraqlarını qoruyan və müstəqil siyasət yürüdən dövlətin gələcəyi də öz əlindədir.
Əlisoy Əli
YAP Şərur rayon təşkilatının fəal üzvü