Ümummilli Lider Heydər Əliyev demişdir: “Yeni Azərbaycan Partiyası yaşayacaq, inkişaf edəcək, xalqımızı, müstəqil dövlətimizi xoşbəxt gələcəyə aparacaqdır.”
Bu dahi fikirlər bu gün real həqiqətə çevrilmişdir. Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin çıxışı bunun daha bir parlaq təsdiqi oldu.
Qeyd etmək lazımdır ki, YAP-ın VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıyan, Azərbaycanın yeni reallıqlar şəraitində inkişaf prioritetlərinin müəyyənləşdirildiyi mühüm siyasi hadisə kimi yadda qaldı. Cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev geniş və məzmunlu çıxışında partiyanın keçdiyi şərəfli yolu təhlil etməklə yanaşı, qarşıda duran vəzifələri də aydın şəkildə müəyyənləşdirdi və mühüm mesajlar verdi.
Dövlət başçısı Azərbaycanın inkişaf yolunun əsas istiqamətlərini olduqca aydın ifadə etdi: müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial, milli maraqların qorunması və ölkənin mövcud imkanlarından maksimum səmərəli istifadə edilməsi.
Prezident cənab İlham Əliyevin qurultayda toxunduğu ideoloji təhlükəsizlik, suverenlik və müstəqil siyasət məsələlərini xususi qeyd etmək istəyirəm. Çünki bu məsələlər müasir Azərbaycan dövlətçiliyinin ən mühüm prioritetləri sırasında dayanır.
Prezident İlham Əliyevin çıxışı, əslində, müasir Azərbaycan dövlətçiliyinin strateji fəlsəfəsini ifadə edir. Azərbaycan bu gün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoyub. YAP-ın VIII Qurultayının məhz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilməsi onun tarixi əhəmiyyətini daha da artırır.
Lakin suverenliyi əldə etmək qədər onu qorumaq da böyük məsuliyyətdir. Suverenlik yalnız dövlət sərhədlərinin qorunması demək deyildir. Suverenlik, eyni zamanda, dövlətin öz siyasi qərarlarını müstəqil qəbul etməsi, milli maraqlarını sərbəst müəyyənləşdirməsi, iqtisadi və informasiya təhlükəsizliyini təmin etməsi, milli-mənəvi dəyərlərini qoruması və öz gələcəyini özü müəyyən etməsidir.
Cənab Prezident çıxışında güclü dövlət, güclü cəmiyyət və milli ideoloji birliyin bu gün xüsusi əhəmiyyət daşıdığını vurğuladı. Məhz bu baxımdan ideoloji təhlükəsizlik milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilir.
Müasir dünyada ideoloji və informasiya riskləri fiziki sərhədlərlə məhdudlaşmır. İnternet, sosial şəbəkələr və süni intellekt texnologiyalarının sürətli inkişafı informasiya və ideoloji təsirlərin yayılma imkanlarını daha da genişləndirir. Müxtəlif informasiya platformalarında Azərbaycan cəmiyyətinə təsir göstərməyə yönəlmiş məlumatlar yayılır, ayrı-ayrı qüvvələr müxtəlif vasitələrdən istifadə etməklə ölkəmizdə ictimai rəyə təsir göstərməyə çalışırlar.
Belə şəraitdə bu risklərə qarşı ən mühüm vasitələrdən biri təhsil və maarifləndirmədir.
Milli ideoloji təhlükəsizlik ilk növbədə, savadlı, düşünən, milli dövlətçilik dəyərlərini anlayan, müstəqil düşünməyi və informasiya mənbələrini düzgün qiymətləndirməyi bacaran vətəndaş yetişdirməklə təmin olunmalıdır.
Bu istiqamətdə təhsil müəssisələrinin, xüsusilə ali təhsil ocaqlarının üzərinə böyük məsuliyyət düşür.
Gənclərimiz öz tariximizi bilməli, milli-mənəvi dəyərlərimizi qorumalı, dövlətçilik ənənələrimizi dərindən mənimsəməli, eyni zamanda dünyada baş verən prosesləri obyektiv, analitik və tənqidi düşüncə əsasında qiymətləndirməyi bacarmalıdırlar.
Çünki milli ideoloji saflıq dünyadan təcrid olunmaq demək deyil. Əksinə, dünyaya açıq olmaqla yanaşı, öz milli kimliyini, milli-mənəvi dəyərlərini və dövlət maraqlarını qorumaq deməkdir.
Ölkə başçısının qeyd etdiyi kimi, ideoloji risklər həmişə mövcuddur və onların qarşısının alınması istiqamətində ciddi tədbirlər görülür və bundan sonra da görüləcəkdir.
Müstəqil siyasətin digər mühüm dayağı isə iqtisadi müstəqillikdir.
İqtisadi baxımdan güclü və dayanıqlı dövlət öz siyasi qərarlarını daha sərbəst qəbul etmək imkanına malik olur. Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nailiyyətlər ölkəmizin öz milli maraqlarına əsaslanan müstəqil siyasət həyata keçirməsi üçün mühüm imkanlar yaradıb. İqtisadi müstəqillik siyasi müstəqilliyin möhkəm dayaqlarından biridir.
Bununla yanaşı, dövlətin təhlükəsizliyinin təmin olunması üçün güclü müdafiə qabiliyyəti də mühüm şərtdir. Müasir dünyada sülhün və sabitliyin qorunmasının əsas amillərindən biri dövlətin öz təhlükəsizliyini təmin etmək, milli maraqlarını qorumaq və beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək imkanına malik olmasıdır.
Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən biri milli maraqların qorunması, heç bir xarici qüvvənin ölkəmizin daxili işlərinə müdaxiləsinə yol verilməməsi və dövlətlərarası münasibətlərin qarşılıqlı hörmət, bərabərlik və əməkdaşlıq prinsipləri əsasında qurulmasıdır.
Prezident İlham Əliyevin qurultayda ifadə etdiyi mühüm fikirlərdən biri də bundan ibarət idi ki, Azərbaycan xarici siyasətini elə qurmalıdır ki, heç bir qüvvə ölkəmizin işinə müdaxilə edə bilməsin. Dövlət başçısı eyni zamanda tarixi heç vaxt unutmamağın, daim ayıq-sayıq olmağın və “on qat güclü olmağın” vacibliyini vurğuladı.
Bu yanaşma Azərbaycanın ideoloji təhlükəsizliyi məsələsi ilə də birbaşa əlaqəlidir. Buradan mühüm bir nəticə çıxır: güclü dövlət yalnız öz sərhədlərini deyil, həm də öz qərarlarını, informasiya məkanını, milli dəyərlərini və milli maraqlarını qoruya bilməlidir.
Bu gün Azərbaycanın qarşısında yeni vəzifələr dayanır. Artıq əsas məsələ yalnız əldə edilmiş Zəfəri qeyd etmək deyil, Zəfərin nəticələrini qorumaq və onu davamlı inkişaf üçün möhkəm təmələ çevirməkdir.
Bunun üçün milli birlik, vətənpərvərlik, güclü iqtisadiyyat, müasir təhsil, güclü ordu və müstəqil xarici siyasət bir-birini tamamlamalıdır.
Xüsusilə gənc nəslin milli ideoloji hazırlığı daim diqqət mərkəzində saxlanılmalıdır. Çünki gələcəyin Azərbaycanını qoruyacaq əsas qüvvə yalnız güclü ordu deyil, həm də öz dövlətinə, öz xalqına, öz tarixinə və gələcəyinə məsuliyyətlə yanaşan vətəndaşdır.
Bu baxımdan universitetlərin üzərinə düşən vəzifələr xüsusi əhəmiyyət daşıyır. Ali təhsil müəssisələri yalnız peşəkar kadr hazırlayan qurumlar deyil, həm də dövlətçilik düşüncəsinin, milli məsuliyyət hissinin, vətəndaşlıq mövqeyinin və müasir dünyagörüşünün formalaşdığı mühüm sosial institutlardır.
Biz gənclərimizə həm milli dəyərlərimizi sevdirməli, həm də onları qlobal dünyada baş verən prosesləri düzgün dəyərləndirməyə hazırlamalıyıq. Onlar bilməlidirlər ki, müstəqillik yalnız dövlətin əldə etdiyi hüquqi status deyil, hər bir vətəndaşın qoruması və inkişaf etdirməsi üçün məsuliyyət daşıdığı milli sərvətdir.
Ümumiyyətlə, suverenlik dövlət müstəqilliyimizin hüquqi ifadəsidirsə, milli ideologiya onun mənəvi dayağı, iqtisadi müstəqillik maddi əsası, güclü müdafiə qabiliyyəti təhlükəsizlik təminatı, müstəqil diplomatiya isə bu siyasətin beynəlxalq müstəvidə həyata keçirilməsinin mühüm mexanizmidir.
Bu dəyərlərin hər birinin qorunması və möhkəmləndirilməsi Azərbaycanın gələcək inkişafının mühüm şərtidir.
Bizim vəzifəmiz milli dövlətçilik düşüncəsini yaşatmaq, onu gənc nəslə ötürmək, milli maraqlarımızı qorumaq və Azərbaycanın müstəqil inkişafına öz töhfəmizi verməkdir.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin müəyyən etdiyi strateji istiqamətlər Azərbaycanın qarşısında duran yeni vəzifələrin aydın yol xəritəsidir.
Əminik ki, güclü dövlət, milli birlik, milli ideoloji həmrəylik və müstəqil siyasət Azərbaycanın gələcəyinin əsas dayaqları olaraq bundan sonra da ölkəmizi yeni uğurlara aparacaqdır.
Azərbaycanın Zəfəri əbədidir, suverenliyi dönməzdir, müstəqil inkişaf yolu isə davamlıdır!
Ramiz Şəmmədov
YAP Lənkəran Rayon Təşkılatı Lənkəran Dövlət Universiteti ƏPT sədri, dos.