PDF Oxu

Siyasət

  • 1 375

“Azərbaycan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əməkdaşlıq körpüsü rolunu daha da gücləndirir” - DEPUTAT

image

"Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu üzv kimi iştirakı ölkəmiz üçün mühüm siyasi və strateji əhəmiyyət daşıyır. Bu formatda təmsil olunmağımız təkcə nəqliyyat-kommunikasiya əməkdaşlığı ilə bağlı deyil, həm də Azərbaycanın regional gündəliyin formalaşmasında fəal iştirak edən ölkələrdən biri olduğunu göstərir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov deyib.Onun sözlərinə görə, Azərbaycanın bu platformaya tamhüquqlu üzv kimi qoşulması Mərkəzi Asiya regionunun geosiyasi və iqtisadi baxımdan genişlənməsi, əməkdaşlıq coğrafiyasının Cənubi Qafqaza qədər uzanması deməkdir: "Bu, eyni zamanda, ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, regional təşəbbüslərinin və strateji tərəfdaşlıq imkanlarının göstəricisidir.Bu gün Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlər bütün istiqamətlər üzrə dinamik inkişaf edir. Ötən il ölkəmizin region dövlətləri ilə ticarət dövriyyəsində 50 faiz artım qeydə alınması iqtisadi əməkdaşlığın genişləndiyini göstərir. Bununla belə, mövcud potensial daha böyükdür. Yaxın gələcəkdə qarşılıqlı ticarətin, investisiyaların və birgə istehsal layihələrinin genişlənməsi ilə iqtisadi əlaqələrimizdə yeni mərhələnin başlanacağının şahidi ola bilərik.Nəqliyyat-logistika sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Bu ilin ilk səkkiz ayında ölkəmizin ərazisindən keçən Orta Dəhliz üzrə daşımaların həcmində 20 faiz artımın qeydə alınması marşruta beynəlxalq marağın yüksəldiyini göstərir. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Avropa arasında mühüm nəqliyyat və logistika qovşağı rolunu daha da gücləndirir. Bu baxımdan, Orta Dəhlizin imkanlarının genişləndirilməsi region ölkələrinin iqtisadi maraqlarına xidmət etməklə yanaşı, onların beynəlxalq bazarlara çıxışını da asanlaşdırır.İnvestisiya əməkdaşlığı da münasibətlərimizin mühüm istiqamətlərindən biridir. Azərbaycan Özbəkistan, Qazaxıstan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların yüz milyonlarla dollarla ölçülən kapitalı birgə layihələrin maliyyələşdirilməsi, istehsal imkanlarının genişləndirilməsi və rəqabətqabiliyyətli məhsulların beynəlxalq bazarlara çıxarılması üçün əlverişli şərait yaradır.Enerji sahəsində əməkdaşlığımız da strateji əhəmiyyət daşıyır. Azərbaycan Türkmənistan və Qazaxıstan neftinin beynəlxalq bazarlara nəqlində mühüm tranzit ölkə kimi çıxış edir. Bununla yanaşı, Mərkəzi Asiyanı Azərbaycan üzərindən Avropa ilə birləşdirəcək Rəqəmsal İpək Yolu layihəsi regionlararası rəqəmsal bağlantıların gücləndirilməsi baxımından böyük perspektivlər vəd edir. Bu infrastrukturun inkişafı Avropa ilə Asiya arasında məlumat mübadiləsinin genişlənməsinə və rəqəmsal iqtisadiyyat sahəsində yeni imkanların yaranmasına töhfə verəcək.Bərpa olunan enerji sahəsində əməkdaşlıq da perspektivli istiqamətlərdəndir. Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında yaşıl enerji dəhlizinin yaradılması istiqamətində əldə olunmuş razılaşmalar regionda istehsal edilən bərpa olunan enerjinin Avropa bazarlarına çatdırılması üçün yeni imkanlar açır. Bu təşəbbüs həm enerji təhlükəsizliyinin gücləndirilməsi, həm də yaşıl enerji keçidinin sürətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.Ümumilikdə, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika, süni intellekt, rəqəmsal texnologiyalar, qida sənayesi, tekstil, turizm və digər sahələrdə əməkdaşlıq imkanları genişdir. Mövcud siyasi etimad və qarşılıqlı maraqlar bu imkanların reallaşdırılması üçün əlverişli zəmin yaradır.Beləliklə, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu üzv kimi təmsil olunması ölkəmizin regional proseslərdə rolunu daha da gücləndirir. Bu iştirak siyasi dialoqun dərinləşməsinə, iqtisadi əlaqələrin genişlənməsinə, nəqliyyat və enerji layihələrinin inkişafına, eləcə də Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına xidmət edir. Ən əsası, bu format Azərbaycanı Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əməkdaşlıq körpüsü kimi daha da möhkəmləndirir və ölkəmizin regional təşəbbüslərin formalaşdırılmasında fəal iştirakını təmin edir".

Müəllif: Lətifə Musayeva

Digər xəbərlər