PDF Oxu

Siyasət

  • 2 005

Azərbaycan və Mərkəzi Asiya: vahid geosiyasi və geoiqtisadi məkan

image

“Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq mühüm yer tutur. Bu münasibətlər Avrasiyanın geosiyasi və geoiqtisadi mənzərəsini yenidən formalaşdıran strateji müttəfiqlik və vahid iqtisadi məkan səviyyəsinə yüksəlib. Əvvəllər regional əməkdaşlıq formatı kimi tanınan “Mərkəzi Asiya Beşliyi” (C5) Azərbaycanın bu formata rəsmən tamhüquqlu üzv qəbul edilməsi ilə artıq “C6” formatına çevrilib. Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü bu baxımdan xüsusi diqqətdə oldu. Əlaqələrin gələcək inkişafının prioritetləri müəyyənləşdirildi, dövlət başçıları hədəflərə nail olmağın yollarını müzakirə etdilər. Yeni hədəf birgə investisiya yatırmaq, istehsal etmək, nəqliyyat imkanlarını genişləndirmək, enerji və rəqəmsal layihələri birləşdirmək və dünya bazarlarına birlikdə çıxmaqdır. Prezidentlərin görüşdə səsləndirdikləri fikirlər vahid regional əməkdaşlıq konsepsiyasının təqdimatı oldu. Dövlətimizin başçısı İlham Əliyev çıxışında keçən ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü olduğunu xüsusi vurğulayaraq bu tarixi qərarı yekdilliklə dəstəklədikləri üçün həmkarlarına bir daha təşəkkürünü bildirdi. Cənab İlham Əliyev son illərdə Azərbaycan-Türkmənistan münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini, ötən ildən başlayaraq ən yüksək səviyyədə artıq beş səfərin həyata keçirildiyini də diqqətə çatdırdı. Bu, siyasi dialoqun intensivliyini və ikitərəfli əlaqələri daha da gücləndirmək üçün qarşılıqlı niyyəti əks etdirir”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində mütəmadi iştirakı və qəbul edilən birgə bəyannamələr Bakını bu regionun ayrılmaz bir hissəsinə çevirib: “Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində coğrafi mövqeyini xüsusi qeyd etmək istərdik. Belə ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Avropa arasında nəqliyyat və logistika əlaqələrinin formalaşdırılmasında mühüm halqa rolunu oynayır. Orta Dəhliz əməkdaşlığın əsas istiqamətlərindən biridir. Mərkəzi Asiyadan Xəzər vasitəsilə Azərbaycana daxil olan yüklərin daha sonra Qafqaz və Türkiyə ərazisindən Avropa istiqamətində daşınması üçün mövcud infrastrukturun inkişaf etdirilməsi qarşılıqlı iqtisadi maraqları artırır. Cənab İlham Əliyev çıxışında əməkdaşlığımızın əsas sahələrindən biri kimi nəqliyyatı xüsusi vurğulayaraq bildirdi ki, Xəzər dənizi ölkələrimiz arasında nəqliyyat əlaqələrində getdikcə daha vacib rol oynayır. Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycanla və daha sonra beynəlxalq bazarlarla birləşdirmək üçün çox mühüm əhəmiyyətə malikdir. Son illərdə nəqliyyat imkanlarımızı davamlı şəkildə genişləndiririk. Biz nəqliyyat infrastrukturuna, dəniz limanlarının, aeroportların, dəmir və avtomobil yollarının inkişafına böyük sərmayə qoymuşuq. Bu gün Xəzər dənizi vasitəsilə daşımaların həcmlərində əhəmiyyətli dərəcədə artım müşahidə edirik. Ortaq məqsədimiz bu marşrutları daha səmərəli və rəqabətədavamlı etməkdir. Paralel olaraq, “Rəqəmsal İpək Yolu” layihəsi həyata keçirilir və Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişafı üçün işlər görülür. Orta Dəhliz getdikcə daha mühüm əhəmiyyət kəsb edir - keçən il bu marşrut üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, bu ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artıb”.Malik Həsənov vurğulayıb ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin son illərdə əhəmiyyətli dərəcədə genişləndiyini diqqətə çatdırdı, iqtisadi-ticari əməkdaşlığın gücləndiyini, qarşılıqlı investisiyaların artdığını və birgə layihələrin həyata keçirildiyini bildirdi: “Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin 50 faizdən çox artması və ölkəmizdə Mərkəzi Asiya kapitalı ilə 400-dən çox şirkətin fəaliyyət göstərməsi bu fikirlərin real ifadəsidir. Cənab İlham Əliyev münasibətlərimizin bundan sonrakı inkişafının əsas istiqamətlərini də diqqətə çatdırdı. Qeyd etdi ki, son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar məbləğindədir. Birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün, ilk növbədə, onların potensialından daha fəal şəkildə istifadə olunmalıdır. Biz yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq. Bu çağırış Azərbaycan-Mərkəzi Asiya iqtisadi münasibətlərinin yeni mərhələyə daxil olduğunun göstəricisidir. Əgər əvvəllər əsas məqsəd ticarət dövriyyəsinin artırılması idisə, hazırda hədəf qarşılıqlı iqtisadi fəaliyyəti gücləndirməkdir”.

Millət vəkili əməkdaşlıq əlaqələrinin inkişafında enerji amilinin rolunu xüsusi qeyd edib: “Enerji resurslarının yeni bazarlara çıxarılması, ötürülmə imkanlarının artırılması region ölkələrinin qarşılıqlı maraqlarını gücləndirir. Enerji əməkdaşlığının yeni istiqamətləri sırasında elektrik enerjisi və yaşıl enerji layihələri də xüsusi yer tutur. Bu sahələrdə qarşılıqlı əlaqələrin genişləndirilməsi həm enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, həm də regionun yeni enerji bazarlarına inteqrasiyasına töhfə verə bilər. Cənab İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan enerji resurslarının Mərkəzi Asiyadan beynəlxalq bazarlara tranzitində mühüm rol oynayır. Türkmənistan və Qazaxıstandan neft ölkəmiz vasitəsilə nəql olunur və bu daşımaların həcmi artır. Bərpaolunan enerji sahəsində əməkdaşlığımız davamlı olaraq genişlənir. Yaşıl enerji dəhlizi yaratmaq üçün Qazaxıstan və Özbəkistanla birgə iş aparırıq. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı da etdi ki, ölkələrimizdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün nailiyyətlərimizin təməli, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın gələcək uğurlu inkişafının, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinin təminatıdır”.
Malik Həsənov bildirib ki, Prezidentlərin görüşdə səsləndirdikləri fikirlər Azərbaycanın yeni müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olmaqda böyük rola malik olduğunu bir daha təsdiqlədi: “Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanın bu formata qoşulmasının vacibliyini vurğuladı. Qırğızıstan Prezidenti Sadır Japarovun 2027-ci ildə Azərbaycanın Məşvərət görüşünə sədrliyini dəstəkləməsi qarşıdakı mərhələyə verilən siyasi əhəmiyyətin göstəricisi kimi dəyərləndirilir. Əgər Türkmənbaşı görüşündə əsas diqqət əməkdaşlığın istiqamətlərinə yönəlibsə, 2027-ci ildə Bakıda keçiriləcək görüşdə həmin istiqamətlər üzrə əldə olunan nəticələrdən bəhs ediləcək. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin çıxışında səsləndirdiyi “Altı ölkə – bir məhsul” ideyası görüşün iqtisadi gündəminin ən diqqətçəkən tezislərindən biri oldu. Bu yanaşma hədəflərə birgə səylərin göstərilməsi, imkanların birləşdirilməsi fonunda yüksək səviyyədə nail olmağın mümkünlüyünü açıqlayır. Görüşün mühüm nəticələrindən biri dövlət başçılarının iki sənədi- “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı”nı və “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar”ı imzalamasıdır. Bu sənədlər əlaqələrimizin gələcək inkişafının yol xəritəsidir. Həm Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü çərçivəsində müəyyənləşdirilən hədəflər, həm də imzalanan sənədlər 2027-ci ildə Azərbaycanın ev sahibliyi edəcəyi Məşvərət görüşünün əhəmiyyətini açıqlayır”.

Digər xəbərlər