PDF Oxu

Siyasət

  • 1 385

Milli birlik, güclü dövlətçilik və zəfər ideologiyası: Yeni Azərbaycan Partiyasının tarixi missiyası - ŞƏRH

image

Azərbaycanın müasir tarixində elə siyasi hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, gələcək nəsillərin düşüncə və fəaliyyət istiqamətinə də təsir göstərir. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qurultaydakı çıxışı məhz belə mühüm siyasi hadisələrdəndir. Bu çıxış Azərbaycanın keçdiyi tarixi yolun, əldə etdiyi möhtəşəm nailiyyətlərin və qarşıdakı dövr üçün müəyyənləşdirilən strateji hədəflərin aydın mənzərəsini yaradır. Cənab Prezidentin çıxışında səsləndirilən fikirlər bir daha təsdiq edir ki, Azərbaycanın bugünkü uğurları təsadüfi hadisələrin nəticəsi deyil. Bu nailiyyətlərin əsasında düşünülmüş dövlət siyasəti, milli maraqlara əsaslanan siyasi iradə, xalq-iqtidar birliyi və Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının ardıcıl davam etdirilməsi dayanır. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonrakı dövrdə keçirilən mühüm siyasi mərhələ kimi xüsusi əhəmiyyət daşıyır. Bu reallıq partiyamızın qarşısında yeni vəzifələr müəyyənləşdirir. Artıq əsas məsələ qazanılmış tarixi nailiyyətləri qorumaq, dövlətimizin gücünü daha da artırmaq, cəmiyyətin ideoloji bütövlüyünü möhkəmləndirmək və Azərbaycanın davamlı inkişafına töhfə verməkdir.
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycan dövlətçiliyinin təməli Azərbaycan dövlətçiliyinin inkişaf tarixindən danışarkən Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi qeyd etmək lazımdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmiz ağır siyasi, iqtisadi və hərbi sınaqlarla üz-üzə qalmışdı. Dövlət müstəqilliyimizin təhlükə altında olduğu, torpaqlarımızın işğala məruz qaldığı, cəmiyyətdə sabitliyin pozulduğu bir dövrdə Azərbaycan xalqı öz gələcəyini etibarlı siyasi liderlə bağlamağa ehtiyac duyurdu. Məhz belə bir tarixi şəraitdə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı dövlətimizin xilası, milli birliyin bərpası və müstəqilliyimizin möhkəmləndirilməsi baxımından həlledici əhəmiyyət daşıdı. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanın dövlətçilik əsasları möhkəmləndirildi, iqtisadi inkişafın təməli qoyuldu, ölkəmizin beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis edilməsi də xalqın siyasi iradəsinin və güclü dövlətçilik arzusunun təzahürü idi. Partiyamız yarandığı gündən milli maraqları, müstəqilliyi və dövlətçiliyi əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirdi. Bu gün əldə etdiyimiz nailiyyətlərə nəzər saldıqda Yeni Azərbaycan Partiyasının tarixinin müasir Azərbaycan dövlətinin inkişaf yolu ilə sıx bağlı olduğunu görürük. Cənab İlham Əliyevin VIII Qurultaydakı çıxışında Ulu Öndərin siyasi xəttinin dəyişməz qalmasının xüsusi vurğulanması mühüm mesajdır. Bu xətt müstəqil dövlətçilik, güclü iqtisadiyyat, qüdrətli ordu, milli maraqların qorunması və xalqın rifahının yüksəldilməsi kimi fundamental prinsiplərə əsaslanır. Bu gün həmin prinsiplər müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir və Azərbaycanın gələcək inkişafına istiqamət verir.
Milli iradənin və dövlət gücünün təntənəsi Azərbaycan xalqının ən böyük tarixi nailiyyətlərindən biri ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasıdır. İkinci Qarabağ müharibəsində qazanılan Zəfər xalqımızın milli iradəsinin, ordumuzun qəhrəmanlığının və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin təntənəsidir. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu bütün dünyaya sübut etdi ki, xalqımız öz torpaqlarını azad etmək əzmindədir və dövlətimiz milli maraqlarını qorumaq üçün bütün zəruri imkanlara malikdir. Bu Qələbə yalnız hərbi uğur deyil, eyni zamanda, milli özünüdərkin, vətənpərvərliyin və xalqımızın birliyinin təntənəsidir. 2023-cü il sentyabrın 20-də suverenliyimizin tam bərpası isə Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcı oldu. Uzun illər davam edən işğal və separatizm problemi öz həllini tapdı. Dövlətimizin bütün ərazilərində konstitusiya quruluşunun bərpası müstəqilliyimizin daha da möhkəmlənməsini təmin etdi. Bu tarixi nailiyyətlərin arxasında şəhidlərimizin canı və qanı, qazilərimizin fədakarlığı, Azərbaycan xalqının sarsılmaz iradəsi dayanır. Hər birimizin borcu şəhidlərimizin əziz xatirəsini daim uca tutmaq, onların uğrunda canlarından keçdikləri Vətənimizi sevmək və qorumaqdır. Cənab Prezidentin çıxışından irəli gələn əsas nəticələrdən biri budur ki, tarixi Qələbəmizlə fəxr etməklə yanaşı, onun məsuliyyətini də daşımalıyıq. Suverenliyimizin qorunması, müdafiə qüdrətimizin artırılması, milli birliyimizin möhkəmləndirilməsi və gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişdirilməsi daim diqqət mərkəzində olmalıdır.
Müstəqil siyasət və beynəlxalq nüfuz Müasir dünyada dövlətin gücü yalnız iqtisadi göstəricilərlə və hərbi imkanlarla ölçülmür. Eyni zamanda, ölkənin müstəqil qərarlar qəbul etmək bacarığı, beynəlxalq münasibətlərdə öz mövqeyini qoruması və milli maraqlarını ardıcıl müdafiə etməsi də böyük əhəmiyyət daşıyır. Azərbaycanın xarici siyasəti məhz bu prinsiplər üzərində qurulub. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz beynəlxalq münasibətlər sistemində özünəməxsus mövqe qazanıb, müxtəlif dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan əlaqələr qurub və etibarlı tərəfdaş kimi tanınıb. Azərbaycanın əsas üstünlüklərindən biri milli maraqlara söykənən müstəqil siyasət yürütməsidir. Ölkəmiz öz gələcəyini özü müəyyənləşdirir, beynəlxalq əməkdaşlıq imkanlarından istifadə edir və dövlət suverenliyini hər şeydən üstün tutur. Bu siyasətin mühüm istiqamətlərindən biri iqtisadi müstəqilliyin möhkəmləndirilməsidir. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin inkişafı, investisiyaların cəlb edilməsi və qeyri-neft sektorunun genişləndirilməsi Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən amillərdəndir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri də dövlətimizin imkanlarının və gələcəyə yönəlmiş siyasətinin göstəricisidir. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, yaşayış məntəqələrinin bərpası və Böyük Qayıdış prosesinin həyata keçirilməsi Azərbaycanın tarixi Qələbəsini real inkişaf nəticələri ilə tamamlayır.
Həqiqətlərin cəmiyyətə çatdırılması. Cənab Prezidentin VIII Qurultaydakı çıxışında Yeni Azərbaycan Partiyasının ideoloji fəaliyyətinə xüsusi diqqət yetirilməsi hər bir partiya üzvü üçün mühüm vəzifələr müəyyənləşdirir. Müasir dövrdə ideoloji iş yalnız tədbirlərin keçirilməsi və çıxışların hazırlanması ilə məhdudlaşmamalıdır. Bu fəaliyyət cəmiyyətin bütün təbəqələri ilə səmərəli ünsiyyətin qurulmasını, dövlət siyasətinin mahiyyətinin izah edilməsini və əldə olunan nailiyyətlərin insanlara düzgün çatdırılmasını əhatə etməlidir. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, sosial şəbəkələrin ictimai rəyə təsir imkanlarının genişləndiyi bir dövrdə məlumatların düzgün təhlili və həqiqətlərin obyektiv şəkildə təqdim olunması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, partiya fəalları məsuliyyətli, savadlı, çevik və müasir düşüncəli olmalıdırlar. İdeoloji fəaliyyətin əsas məqsədi yalnız məlumat vermək deyil, insanlarda dövlətə bağlılığı, milli məsuliyyəti və ictimai fəallığı gücləndirməkdir. Bunun üçün real faktlara, görülmüş işlərə, əldə edilmiş nəticələrə və cəmiyyətin gündəlik həyatında baş verən müsbət dəyişikliklərə istinad edilməlidir. Kərkəlan kənd ərazi partiya təşkilatı olaraq hesab edirəm ki, yerli səviyyədə ideoloji işin səmərəliliyi insanlarla birbaşa ünsiyyətdən, onların müraciət və təkliflərinə diqqətlə yanaşmaqdan, gənclərlə məqsədyönlü iş aparmaqdan və dövlətçilik dəyərlərini gündəlik fəaliyyətimizdə yaşatmaqdan keçir. Hər bir partiya üzvü öz davranışı, məsuliyyəti, vətəndaşlarla münasibəti və gördüyü işlərlə təmsil etdiyi siyasi təşkilatın nüfuzuna töhfə verməlidir. Çünki ideoloji iş yalnız sözlə deyil, əməli fəaliyyətlə daha inandırıcı olur.
Azərbaycanın tarixi təcrübəsi göstərir ki, milli birlik dövlətimizin ən böyük güc mənbələrindən biridir. Vətən müharibəsində xalqımızın yumruq kimi birləşməsi, ordumuza göstərilən mənəvi dəstək və dövlətimizin ətrafında formalaşan həmrəylik Qələbəmizin əsas amillərindən oldu. Bu birliyin qorunması və gələcək nəsillərə ötürülməsi hər birimizin məsuliyyətidir. Xüsusilə gənclərin milli ruhda, dövlətçilik ənənələrinə hörmət, vətənpərvərlik və yüksək mənəvi dəyərlər əsasında yetişdirilməsi mühüm əhəmiyyət daşıyır. Vətənpərvərlik yalnız Vətəni sevdiyini bəyan etmək deyil. Vətənpərvərlik dövlət qanunlarına hörmət etmək, cəmiyyət qarşısında məsuliyyət daşımaq, milli maraqları qorumaq, öz əməyinlə ölkənin inkişafına töhfə vermək və çətin anlarda dövlətinin yanında olmaqdır. Yeni Azərbaycan Partiyasının yerli təşkilatları bu istiqamətdə mühüm rol oynayırlar. Ərazi partiya təşkilatlarının fəaliyyəti insanların dövlətçilik ideyaları ətrafında birləşməsinə, ictimai fəallığın artırılmasına və milli həmrəyliyin möhkəmləndirilməsinə xidmət etməlidir.
Azərbaycanın qarşısında duran vəzifələr geniş və çoxşaxəlidir. Müdafiə qüdrətinin artırılması, iqtisadi inkişafın davam etdirilməsi, sosial rifahın yüksəldilməsi, təhsilin və insan kapitalının inkişafı, ideoloji təhlükəsizliyin möhkəmləndirilməsi dövlət siyasətinin mühüm istiqamətləridir. Cənab İlham Əliyevin qurultaydakı çıxışı göstərir ki, qazanılmış uğurlar gələcək məsuliyyəti aradan qaldırmır, əksinə, yeni hədəflər üçün zəmin yaradır. Güclü dövlət quruculuğu davamlı zəhmət, intizam, peşəkarlıq və milli maraqlara sədaqət tələb edir. Yerli partiya təşkilatlarının üzərinə düşən vəzifələrdən biri dövlət siyasətinin mahiyyətini insanlara izah etmək, ictimai təşəbbüsləri dəstəkləmək, gənclərin fəallığını artırmaq və partiya üzvlərinin məsuliyyətini daha da gücləndirməkdir. Formal yanaşmalardan uzaqlaşaraq konkret nəticələrə, səmərəli ünsiyyətə və real fəaliyyətə üstünlük vermək müasir ideoloji işin əsas şərtlərindəndir. İnanıram ki, Yeni Azərbaycan Partiyasının hər bir üzvü bu vəzifələrin həyata keçirilməsində öz məsuliyyətini dərindən dərk edir. Partiyamızın gücü onun sıralarında birləşən insanların dövlətçiliyə sədaqətində, ümumi məqsədlər naminə çalışmağında və xalqın etimadını əməli fəaliyyəti ilə doğrultmasındadır.
Azərbaycan bu gün öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş, beynəlxalq nüfuzunu artırmış, iqtisadi və müdafiə potensialını gücləndirmək istiqamətində ardıcıl addımlar atan müstəqil dövlətdir. Bu tarixi nailiyyətlər Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mühüm nəticələridir. Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlər hər bir partiya üzvünə aydın mesaj verir: əldə olunan nailiyyətləri qorumaq, həqiqətləri cəmiyyətə çatdırmaq, milli birliyi möhkəmləndirmək və Azərbaycanın gələcək inkişafına əməli töhfə vermək lazımdır. YAP Kərkəlan kənd ərazi partiya təşkilatının sədri kimi hesab edirəm ki, hər birimiz öz fəaliyyətimizlə bu böyük məqsədlərə xidmət etməliyik. Dövlətimizin gücünə inamımız, milli dəyərlərimizə bağlılığımız, Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sədaqətimiz və Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərə dəstəyimiz gələcək uğurlarımızın əsasını təşkil edir. Bizim yolumuz müstəqil Azərbaycan yoludur. Bu yol dövlətçiliyə sədaqət, milli birlik, quruculuq və davamlı inkişaf yoludur. Əminik ki, xalqımızın birliyi, dövlətimizin qüdrəti və Yeni Azərbaycan Partiyasının fəal iştirakı ilə qarşıda duran vəzifələr də uğurla həyata keçiriləcək, Azərbaycanın daha parlaq gələcəyi naminə yeni nailiyyətlər əldə olunacaq.
Müstəqil Azərbaycanımızın inkişafı, xalqımızın rifahı və dövlətçiliyimizin daha da möhkəmlənməsi naminə hər birimiz öz məsuliyyətimizi əməli fəaliyyətimizlə doğrultmalıyıq!

Nəzakət Heydərova
YAP Lənkəran rayon təşkilatı Kərgəlan kənd ərazi partiya təşkilatının sədri

Digər xəbərlər