PDF Oxu

Siyasət

  • 722

Prezident İlham Əliyevin regional əməkdaşlıq mesajları - ŞƏRH

image

Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi, region ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi və yeni iqtisadi imkanların yaradılması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin əsas istiqamətlərindəndir. Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə dövlətimizin başçısının çıxışı da bu siyasətin mühüm prioritetlərini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin tədbirdə səsləndirdiyi fikirlər Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin yeni məzmun qazandığını, əməkdaşlığın daha geniş coğrafiyanı əhatə etdiyini və qarşılıqlı tərəfdaşlığın konkret nəticələrə hesablandığını göstərir.
Dövlət başçısının çıxışında xüsusi vurğulanan məqamlardan biri Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü formatına tamhüquqlu üzv kimi qoşulmasıdır. Ötən ilin noyabrında qəbul edilən bu qərar ölkəmizin regional əməkdaşlıq sistemindəki mövqeyinin möhkəmlənməsinin və Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisidir. Prezident İlham Əliyev bu tarixi qərara görə həmkarlarına təşəkkürünü bildirərək Türkmənistanın və şəxsən Qurbanqulu Berdiməhəmmədovun rolunu xüsusi qeyd etdi. Bu yanaşma Azərbaycanın əməkdaşlığa qarşılıqlı hörmət, etimad və ortaq maraqlar əsasında yanaşdığını bir daha təsdiqləyir.
Prezident İlham Əliyevin çıxışında nəqliyyat və logistika sahəsində əməkdaşlıq mühüm yer tutdu. Xəzər dənizinin Azərbaycanla Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin inkişafında artan əhəmiyyətini qeyd edən dövlət başçısı limanların, hava limanlarının, dəmir yollarının və avtomobil yollarının inkişafına yönəlmiş investisiyaların nəticələrinə diqqət çəkdi. Orta Dəhlizin əhəmiyyətinin getdikcə artması, bu marşrut üzrə yükdaşımaların ötən il 10 faizdən çox, 2026-cı ilin ilk səkkiz ayında isə təxminən 20 faiz artması Azərbaycanın beynəlxalq nəqliyyat qovşağı kimi mövqeyinin gücləndiyini göstərir. Xəzərin dibi ilə fiber-optik kabellərin çəkilməsini nəzərdə tutan “Rəqəmsal İpək Yolu” layihəsi də regionun rəqəmsal bağlantılarının genişləndirilməsi baxımından mühüm perspektivlər açır.
Enerji sahəsində əməkdaşlıq da dövlət başçısının diqqət yetirdiyi əsas istiqamətlərdəndir. Azərbaycan Türkmənistan və Qazaxıstan neftinin beynəlxalq bazarlara nəqlində mühüm tranzit rolunu oynayır. Bununla yanaşı, Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizinin yaradılması istiqamətində görülən işlər ölkələrin enerji tərəfdaşlığının yeni mərhələyə yüksəldiyini göstərir. Bu təşəbbüslər təkcə iqtisadi əlaqələrin genişlənməsinə deyil, həm də regionun beynəlxalq enerji və nəqliyyat sistemində əhəmiyyətinin artmasına xidmət edir. Prezident İlham Əliyevin çıxışından aydın olur ki, Azərbaycan əməkdaşlığı mövcud imkanlarla məhdudlaşdırmır, gələcəyə hesablanmış layihələrlə daha geniş inkişaf perspektivləri formalaşdırır.
Dövlət başçısının səsləndirdiyi ən mühüm mesajlardan biri isə sülhün, təhlükəsizliyin, siyasi və iqtisadi sabitliyin davamlı inkişafın əsas şərti olmasıdır. Prezident İlham Əliyev vurğuladı ki, əməkdaşlıq formatının geosiyasi əhəmiyyəti yalnız energetika və nəqliyyat layihələri ilə məhdudlaşmır. Ölkələrimizdə sabitliyin qorunması, qarşılıqlı etimadın gücləndirilməsi və ortaq maraqların uzlaşdırılması gələcək uğurların möhkəm təməlidir. Bu yanaşma Azərbaycanın regionda sabitliyin və konstruktiv əməkdaşlığın tərəfdarı kimi mövqeyini ifadə edir.
Azərbaycanın 2027-ci ildə Məşvərət görüşü formatına sədrlik edəcəyinin elan olunması da ölkəmizin regional əməkdaşlıqda artan nüfuzunun mühüm göstəricisidir. Bu məsuliyyət Azərbaycana mövcud tərəfdaşlıq imkanlarını daha da genişləndirmək, yeni təşəbbüsləri irəli sürmək və birgə layihələrin həyata keçirilməsinə əlavə töhfələr vermək imkanı yaradacaq. Prezident İlham Əliyevin Türkmənbaşı görüşündəki çıxışı bir daha təsdiqlədi ki, Azərbaycan müstəqil xarici siyasəti, güclü iqtisadi potensialı və etibarlı tərəfdaşlıq münasibətləri ilə regionun gələcəyinin formalaşmasında fəal iştirak edir. Dövlətimizin başçısının müəyyənləşdirdiyi strateji xətt Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə, iqtisadi əlaqələrin dərinləşməsinə və ortaq inkişaf məqsədlərinin gerçəkləşməsinə xidmət edir.

Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri

Digər xəbərlər