Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərin müzakirəsi məqsədilə YAP Salyan rayon təşkilatının Statistika İdarəsi ərazi partiya təşkilatında partiya fəalları ilə görüş keçirilib.
Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının banisi Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev VIII Qurultayın ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətini qeyd edərək, Prezident İlham Əliyevin nitqində müəyyənləşdirilən əsas hədəflər, partiyanın qarşısında duran vəzifələr və onların yerli təşkilatlar səviyyəsində həyata keçirilməsinin vacibliyi barədə danışıb. Bildirilib ki, Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin qorunması, dövlət başçısının müəyyənləşdirdiyi inkişaf strategiyasının dəstəklənməsi və cəmiyyətlə davamlı əlaqələrin gücləndirilməsi partiya fəallarının fəaliyyətində əsas istiqamətlərdən olmalıdır.
Salyan Rayon Statistika İdarəsinin rəisi, ərazi partiya təşkilatının sədri, YAP-ın VIII Qurultayının rayon üzrə nümayəndəsi Elnur Hüseynov çıxışında qurultayda səsləndirilən fikirlərin və qarşıya qoyulan vəzifələrin əhəmiyyətinə toxunub. O, rəhbərlik etdiyi ərazi partiya təşkilatının fəaliyyəti, üzvlərlə işin təşkili, partiya sıralarının möhkəmləndirilməsi və ictimai-siyasi proseslərdə fəal iştirakın təmin olunması istiqamətində görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, qurultaydan irəli gələn tapşırıqların ardıcıl şəkildə həyata keçirilməsi, partiya üzvlərinin təşəbbüskarlığının artırılması və təşkilati işin daha da təkmilləşdirilməsi qarşıdakı dövrün əsas vəzifələrindəndir.
Görüşdə digər çıxış edənlər də VIII Qurultayın əhəmiyyəti, Yeni Azərbaycan Partiyasının cəmiyyət həyatındakı rolu, partiya üzvlərinin məsuliyyəti və qarşıda duran vəzifələrin icrası ilə bağlı fikirlərini bölüşüblər.
Sonda ərazi partiya təşkilatının cari fəaliyyəti müzakirə olunub, görüləcək işlər və qarşıdakı dövr üçün prioritet istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb.