Süni intellekt sektoruna böyük investisiyalar və texnologiya şirkətlərinin sürətlə artan bazar dəyəri ətrafında yaranan nikbinlik qlobal fond bazarlarında ciddi narahatlıqla əvəzlənib. Son günlər texnologiya səhmlərinin kəskin ucuzlaşması investorları riskli aktivlərdən uzaqlaşmağa vadar edib. Noyabrın 20-də başa çatan həftə ərzində qlobal hedc-fondlar orta hesabla 3 faizdən çox itki ilə üzləşib. Bu, 2025-ci ilin aprelindən bəri ən zəif həftəlik göstərici hesab olunur. Fondların noyabr ayı üzrə orta itkisi isə 4 faizə çatıb.
Satış dalğasının əsas səbəblərindən biri süni intellekt şirkətlərinin gələcək mənfəət imkanları və hazırkı bazar qiymətləndirmələri ilə bağlı şübhələrin artmasıdır. İnvestorlar texnologiya şirkətlərinin süni intellekt infrastrukturuna ayırdığı böyük vəsaitlərin nə zaman real gəlir gətirəcəyini yenidən qiymətləndirməyə başlayıblar.
ABŞ-ın texnologiya ağırlıqlı Nasdaq indeksi həftə ərzində təxminən 10 faiz geriləyib. Bu eniş nəticəsində indeks 2026-cı ildə əldə etdiyi artımı itirərək ilin əvvəlindən hesablanan göstərici üzrə mənfi zonaya keçib. Nvidia səhmləri isə həftə ərzində 23 faiz ucuzlaşıb.
Eniş yalnız ABŞ bazarı ilə məhdudlaşmayıb. Tayvan fond bazarı həftə ərzində 17,5 faiz, Cənubi Koreyanın Kospi indeksi isə 8 faiz geriləyib. Beləliklə, süni intellekt sektorunda başlayan satışlar Asiya və digər regionların maliyyə bazarlarına da yayılıb. Fond menecerləri riskləri azaltmaq məqsədilə investisiya portfellərində dəyişiklik edir, texnologiya səhmlərindən çıxaraq maliyyə, sənaye, səhiyyə və istehlak sektorlarına yönəlirlər.
Analitiklərin fikrincə, baş verənlər süni intellekt texnologiyasının gələcəyinə inamın itməsi deyil, bu sahədəki şirkətlərin bazar dəyəri ilə real gəlirlilik potensialı arasındakı fərqin yenidən müzakirəyə çıxarılmasıdır. İnvestorlar artıq yalnız texnoloji yeniliklərə deyil, həmin yeniliklərin nə qədər gəlir gətirəcəyinə də diqqət yetirirlər. Mütəxəssislər yaxın müddətdə bazarlarda dəyişkənliyin davam edə biləcəyini istisna etmirlər.
Lalə Mehralı
700.000 dollarlıq superkar cəmi 499 nüsxədə istehsal olunacaq...
Xüsusilə qadınlarda...