PDF Oxu

Cəmiyyət

  • 991

İqlim dəyişikliyi super bakteriyaların yayılmasını sürətləndirir -TƏHLÜKƏ

İqlim dəyişikliyi super bakteriyaların yayılmasını sürətləndirir -TƏHLÜKƏ

İqlim dəyişikliyi artıq yalnız temperaturun yüksəlməsi, quraqlıq, daşqın və təbii fəlakətlərlə məhdudlaşan problem deyil. Alimlər onun daha az diqqət çəkən başqa bir nəticəsinə – mikroorqanizmlərin dərmanlara davamlılığının artmasına mümkün təsirinə diqqət çəkirlər.

BMT-nin Ətraf Mühit Proqramı (UNEP) bildirir ki, temperaturun yüksəlməsi və hava şəraitinin dəyişməsi antibiotiklərə davamlı bakteriyaların yaranmasına və yayılmasına təsir göstərə bilər. Bu proses dünyada artıq ciddi problemə çevrilmiş antimikrob dərmanlara davamlılıq təhlükəsini daha da mürəkkəbləşdirə bilər.

Antimikrob davamlılıq mikroorqanizmlərin onları məhv etmək və ya çoxalmasını dayandırmaq üçün istifadə edilən dərmanlara qarşı müqavimət qazanmasıdır. Nəticədə əvvəllər müalicəsi mümkün olan bəzi infeksiyaların qarşısını almaq və onları müalicə etmək çətinləşir.

UNEP-in diqqət çəkdiyi nümunələrdən biri salmonella bakteriyasıdır. “The Lancet Planetary Health” jurnalında dərc edilmiş araşdırmaya istinadən, yüksələn temperaturun bu bakteriyanın bəzi dərmanlara davamlılığının inkişafına təsir göstərə biləcəyi bildirilir. İqlim dəyişikliyinin salmonellada antimikrob davamlılıq genlərinin sayının artmasına təxminən 10 faiz töhfə verdiyi də qeyd olunur.

İqlim dəyişikliyi ilə antimikrob davamlılıq arasındakı əlaqə bir neçə istiqamətdə izah edilir. Birincisi, temperaturun yüksəlməsi bəzi bakteriyaların uyğunlaşmasına və davamlılıq xüsusiyyətlərinin yayılmasına əlverişli şərait yarada bilər. İkincisi, güclü yağışlar və daşqınlar kanalizasiya və sanitariya sistemlərini zədələyərək çirklənmiş suların yaşayış ərazilərinə yayılmasına səbəb ola bilər.

Bundan başqa, su hövzələrinə, torpağa və ətraf mühitə dərman istehsalı, kənd təsərrüfatı və səhiyyə müəssisələrindən daxil olan çirkləndiricilər də problemin dərinləşməsində rol oynaya bilər. 2026-cı ilin fevralında “Nature Reviews Microbiology” jurnalında dərc olunan elmi icmalda da iqlim dəyişikliyi ilə antimikrob davamlılıq arasındakı əlaqə təhlil edilib. Müəlliflər temperatur artımı və ekstremal hava hadisələrinin infeksion xəstəliklərin yayılmasını və antimikrob preparatlara tələbatı artıra biləcəyini vurğulayırlar. Bununla belə, mövcud elmi sübutların səbəb-nəticə əlaqəsini tam təsdiqləmək üçün hələ kifayət etmədiyi bildirilir.

UNEP hesab edir ki, antimikrob davamlılığa qarşı mübarizədə ətraf mühitin qorunması mühüm yer tutmalıdır. Bunun üçün dərman istehsalı, kənd təsərrüfatı və səhiyyə sektorlarından qaynaqlanan çirklənmənin azaldılması, tullantı sularının təmizlənməsi və ekoloji monitorinq sistemlərinin gücləndirilməsi vacibdir. Qurum həmçinin antibiotiklərdən yalnız zəruri hallarda və həkim göstərişinə uyğun istifadə edilməsinin əhəmiyyətini vurğulayır.

Lalə Mehralı

Digər xəbərlər