Rusiyalı alimlər işığa həssas ürək ritmi hüceyrələrinin yeni növünü hazırlayıblar. Gələcəkdə bu hüceyrələr “canlı” kardiostimulyator kimi istifadə oluna bilər. Bio mühəndislik konstruksiyası 2026-cı ildə Nobel mükafatına layiq görülmüş texnologiya əsasında işıq vasitəsilə idarə olunur. Bu barədə jurnalistlərə mərkəzin direktor müavini Aleksandr Romanov məlumat verib.
Fiziologiya və tibb üzrə Nobel mükafatına ilk işığahəssas ion kanallarını kəşf edən üç tədqiqatçı layiq görülüb. Bu kanalları hüceyrə membranına yerləşdirmək mümkündür və nəticədə hüceyrə işığa reaksiya verməyə başlayır. Bu kəşf müxtəlif məqsədlər üçün işıqla idarə olunan zülalların yaradılmasına imkan verib. Romanov qeyd edib ki, mükafat onlara verilməsə də, bu hadisə komandanın düzgün istiqamətdə irəlilədiyini təsdiqləyir.
Moskva Fizika-Texnika İnstitutunun bio mühəndisləri və Meşalkin adına Mərkəzin aritmoloqları polimer əsaslar üzərində işıqla idarə olunan hüceyrələr yetişdirərək onları ürəyə implantasiya ediblər. Hüceyrələr təbii şəkildə fəaliyyət göstərir, həkimlər isə işıq siqnalları vasitəsilə ürək ritmini kənardan tənzimləyə bilirlər. Bunun üçün müəyyən dalğa uzunluğuna malik işıq şüalarının təsiri altında vəziyyətini dəyişən zülallardan istifadə olunur. Bu zülallar hüceyrələri ya aktivləşdirir, ya da onların fəaliyyətini zəiflədir.
Aritmiyaya nəzarət üçün təxminən 460 nanometr dalğa uzunluğuna malik mavi işıqdan istifadə edən qurğunun tətbiqi planlaşdırılır. Pasiyentin dərisinin altına işıq kapsulu yerləşdiriləcək və ya onun döş qəfəsinə xüsusi bint taxılacaq.
Çərşənbə günü eksperimental əməliyyat otağında ürək cərrahları işığa həssas hüceyrələrin yeni qrupunu miniatür donuzun ürəyinə yerləşdiriblər. Əvvəlcə bu, polimer əsas üzərində həyata keçirilib, daha sonra isə hüceyrələr mikrokapsullar şəklində şprislə yeridilib. Romanovun sözlərinə görə, təsir beş-yeddi gün ərzində özünü göstərməlidir.
Lalə Mehralı