PDF Oxu

Cəmiyyət

  • 1 127

Bir yumaq ip, qovrulmuş soğan və uşaqlıq

Bir yumaq ip, qovrulmuş soğan və uşaqlıq

Lalə Mehralı

Uşaqlığımı xatırlayanda oğlumun bir sözü düşür yadıma, qeyri-ixtiyari gülümsəyirəm. Kiçik ikən bir dəfə "sizin uşaqlığınızda hər şey ağ-qara idi?" deyə soruşmuşdu. Ağ-qara şəkillərimizi, hər axşam birlikdə baxdığımız milli filmlərimizi görüb elə düşünmüşdü.

Mən uşaqlğımı xatırlayanda həmişə burnuma soğandağının iyi gəlir. Yeməyin içində görünən soğanları sevmirəm, amma qızğın yağda rəqs edə-edə qovrulan soğanların qoxusu mənə həmişə güvən verib. Çox insan sevmir soğan qoxusunu, amma bu qoxu evin istiliyini, etibarlılığını, təhlükəsizliyini hiss etdirir, soğan qoxusu gələn evlərdə inanılmaz bir səmimiyyət var məncə. Bu qoxu o evdəki insanları qohumluqdan əlavə başqa bir cür doğmalaşdırır sanki. Böyük oğlumu başqa ölkəyə oxumağa göndərdikdən sonra "ən çox xəngəlin üstünə qovurduğun soğanların qoxusundan ötrü darıxıram" demişdi.

Nənəmin əlindəki hörmə iynələri ilə yanındakı ip yumağıdır uşaqlığım. Hər rəngdə, hər növdə ip olan taxta dolabının ağır və dərin siyirməsindən çıxırdı o iplər. Nənəmin əlində kimimizə corab, kimimizə jaket, kimimizə jilet olurdu bir neçə günə. Rəngli, zolaqlı, saçaqlı - hər növdə isti geyimimiz nənəmin o arıq, dərisi qurumuş barmaqlarının məhsulu idi. Əzbər bilirdi ölçümüzü, iynəsindən çıxan eynən olurdu əynimizə. Yaşıl-qırmızı, zolaq-zolaq bir corabımı hələ də xatırlayıram, nənəmin onu hörəndə heç baxmadığı əllərini, heç ilmə qaçırmadan hörməyini də unutmamışam.

Axşamlar saat 19.45 olanda bir nəfər kimi ağ-qara televizorumuzun önünə toplaşmağımızdır, Ələkbər əmi, Savalan baba, ovçu ya gopçu olduğu bilinməyən Pirimdir uşaqlığım. Babamın diqqətlə qulaq asdığı xəbərlər bitirdi, biz yerdə oyuncaqlarla oynayırdıq, böyüklər stol ətrafında sabahın qayğıları ilə: mənə görə o söhbətlərdir uşaqlığım.

Nə qədər az şeyimiz varmış, amma nə qədər çox şeyə sahibmişik. İki cüt ayaqqabımız vardı, amma məmnunduq. Bir gəlinciyimiz vardı, xoşbəxtdik. Bir televizorun qarşısında hamı otururdu, bir süfrə arxasına hamı eyni anda yığılırdı. Ekran bir idi, süfrə hamının idi, söhbət ümumi idi. İndi hərənin öz ekranı, öz dünyası, öz qulaqlığı var. Eyni evdə bir-birimizdən xəbərsiz yaşayırıq. Eyni anda eyni şeyə gülməyəli, ağlamayalı necə uzun zaman olub, fərqindəsinizmi?

Səhərlər nənəmin küçənin başındakı taxta dükandan alıb gətirdiyi taxta peçenyelər, barbarislər idi uşaqlığımız. Zirzəmidəki ağ emallı qazanın dibi görünməzdi heç vaxt, nənəm qoymurdu görünsün. Qazanda peçenye azalan kimi üstünə əlavə edilirdi. Adına niyə "taxta" deyilirdi görəsən o qədər dadlı peçenyenin?

Bizə sevgisini göstərmirdi böyüklər. Amma hamımız bilirdik bizi sevdiklərini. Nənəmin toxuduğu corabdan hiss edirdik, anamın tikdiyi dondan, babamın bazardan şüşə konfet gətirməyindən, atamın axşamlar bizə viktorina təşkil etməyindən, bibimin qovurduğu soğandan, əmimin bostandakı ən şirin qarpızı seçməyindən. Hərəsi özü bildiyi kimi sevirdi bizi. Böyüyəndə başa düşürsən ki, bəzən də bir cüt corabdır sevgi, özəyi bal dadan qarpızdır, qoxusu ciyərlərinə bayram yaşadan soğandağıdır, damağında ləzzətlə sümürdüyün barbarisdir, cavabını bildiyin viktorina sualıdır, geyinib küçədə yaşıdlarına forsla göstərdiyin əlvan donundur.

Bəlkə də elə buna görə oğlumun xəngəlin üstünə qovrulan soğan qoxusu üçün darıxdığını deməsi məni kövrəltmişdi. O, başqa ölkədə, başqa bir həyatın içində idi. Orada da yemək vardı, yeməkxana vardı. Amma heç biri oğlum üçün bizim evin mətbəxindən gələn o qoxunu əvəz etməmişdi. Oğlum uşaqlığından ötrü darıxmışdı əslində, fərqində deyildi.

Yaxşı ki xatirələr var. Onlar bəzən qızğın yağda qovrulan soğanın qoxusu ilə qayıdır, bəzən yaşıl-qırmızı zolaqlı bir corabın bənzərini görməklə, bəzən də oğlumun bir sualı ilə: “Sizin uşaqlığınızda hər şey ağ-qara idi?”

Digər xəbərlər