PDF Oxu

Cəmiyyət

  • 903

Məktəblilərin payız tətili başlayır: necə səmərəli keçirməli?

Məktəblilərin payız tətili başlayır: necə səmərəli keçirməli?

Məktəblilərin payız tətili bu gün başlayır. Həftəsonları ilə birlikdə uşaqlar 9 gün evdə olacaqlar. Şagirdlər məktəbdən uzaqlaşıb istirahətə hazırlaşarkən valideynləri eyni sual düşündürür: Bu doqquz günü necə daha maraqlı və səmərəli keçirmək olar?

Ankara Universitetinin Təhsil Elmləri fakültəsinin professoru, professor doktor Erten Gökçe, Ege Universitetinin Təhsil fakültəsinin dosenti, dosent doktor Elif Ulu və Kahramanmaraş Sütçü İmam Universitetinin Təhsil fakültəsinin dosenti, dosent doktor Adem Doğandan şagirdlərin və valideynlərin ara tətilini səmərəli keçirmək üçün nələr etməli olduqları barədə Hürriyət qəzetinə danışıb. Onların tövsiyələri belədir:

  • Övladınızdan tətil zamanı nə etmək istədiyini soruşun. Birlikdə plan hazırlayın. İstirahətə və uşağın öz seçdiyi məşğuliyyətlərə də vaxt ayırın.
  • Yuxu və qidalanma rejiminə diqqət yetirin. Tətil günlərində qida saatlarda müəyyən dəyişikliklər ola bilər. Bununla belə, gündəlik rejimin dərs günlərindəkindən çox fərqlənməməsinə çalışın.
  • Hər gün bir qədər fiziki aktivliklə məşğul olun. Birlikdə gəzintiyə çıxın, parkda oyun oynayın və ya açıq havada vaxt keçirin.
  • Yeni idman növünü sınayın. Uşağın əvvəllər məşğul olmadığı bir idman növü onun üçün yeni maraq sahəsinin başlanğıcı ola bilər.
  • Velosiped sürün və ya başqa açıq hava idmanı seçin.
  • Ekran qarşısında keçirilən vaxtı birlikdə planlaşdırın. Telefon, planşet, kompüter və televizordan istifadəyə dair aydın məhdudiyyətlər müəyyənləşdirin.
  • Birlikdə kitab seçin. Kitab oxumaq vaxtını əyləncəli təşkil edin. Uşaqlarla ucadan oxu saatları təşkil edin. Oxumağı yeni öyrənən uşaqlarla hər gün qısa müddət ərzində ucadan kitab oxuyun.
  • Lövhə və etiketləri oyuna çevirin. Küçə lövhələrini, məhsul qablaşdırmalarını, kitab başlıqlarını və ya qısa qeydləri birlikdə oxuyun. Uşağın sözləri düzgün oxuyub-oxumadığını yoxlamaq əvəzinə, oxuduqlarınız barədə söhbət edin.
  • Hekayələri birlikdə oxuyun. Övladınızdan hekayəyə öz sonluğunu əlavə etməsini istəyin.
  • Riyaziyyatı gündəlik həyata tətbiq edin. Yemək hazırlayarkən ərzaqları sayın, reseptdəki ölçüləri müqayisə edin və ya alış-veriş zamanı qiymətlərə baxın.
  • Harasa gedərkən yolun nə qədər davam edəcəyini əvvəlcədən təxmin edin, məsafəni ölçün. Uşağınızdan saatı, məsafəni və yola sərf olunan vaxtı hesablamağı istəyin.
  • Stolüstü oyunlar oynayın. Xal toplamaq, zər atmaq və ya gediş növbəsini gözləmək kimi qaydaları olan oyunlara üstünlük verin.
  • Birlikdə pazl yığın və ya əl işi hazırlayın. Uşağın maraq dairəsinə uyğun olaraq pazl, rəsm və ya sadə dizayn fəaliyyəti seçin.
  • Təbiəti tanıyın. Parka, sahilə, meşəyə və ya yaxınlıqdakı başqa bir açıq əraziyə gedin. Gördüyünüz bitkilər, heyvanlar və fəsil dəyişiklikləri haqqında söhbət edin.
  • Yaşadığınız ərazini kəşf edin. Əvvəllər getmədiyiniz bir məhəlləyə, tarixi abidəyə və ya şəhərin görməli yerlərindən birinə baş çəkin.
  • Kitabxanaya, muzeyə və ya sərgiyə gedin. Uşağınızın maraq göstərdiyi məkanı seçin.
  • Birlikdə yemək hazırlayın. Uşağın yaşına uyğun olaraq ona ərzaqları seçmək, qarışdırmaq və ya süfrə hazırlamaq imkanı verin.
  • Ailə üzvləri və ya dostlarla birlikdə vaxt keçirin. Birlikdə musiqi dinləyin, oyun oynayın və ya yaxınlarınızla görüşün.

Tətilin sonunda nələr etdiyiniz barədə söhbət edin. Övladınızdan ən çox hansı fəaliyyətdən zövq aldığını və hansını yenidən etmək istədiyini soruşun. Bu, onun maraq dairəsini daha yaxşı tanımağınıza kömək edəcək.

Digər xəbərlər