PDF Oxu

Cəmiyyət

  • 980

Yaşıllığı olmayan şəhərlər: həyat şərtləri minimumdur

Yaşıllığı olmayan şəhərlər: həyat şərtləri minimumdur

Londonun iki yaşayış məhəlləsində aparılan tədqiqat göstərib ki, ağaclar, kollar və canlı bitki örtüyü ilə zəngin həyətlər havadakı çirkləndirici hissəcikləri və yay istisini azaltmağa kömək edir.

Şəhərlərdə havanın çirklənməsi və temperaturun yüksəlməsi müasir ekoloji problemlərin əsas istiqamətlərindəndir. Sıx nəqliyyat, asfalt örtüklər, beton tikililər və yaşıllıq sahələrinin azalması şəhər mühitində həm hava keyfiyyətinə, həm də istilik balansına təsir göstərir. Lakin yeni araşdırma göstərir ki, bu problemlərin azaldılmasında yalnız böyük parklar və meşə zolaqları deyil, evlərin qarşısındakı kiçik bağçalar da mühüm rol oynaya bilər.

“ The Guardian” qəzetinin məlumatına görə, Londonun iki fərqli məhəlləsində yerləşən səkkiz həyət ərazisində bir il ərzində aparılan müşahidələr bitki örtüyünün hava çirklənməsinə və temperatur göstəricilərinə təsirini üzə çıxarıb.

Tədqiqat zamanı yol kənarında yerləşən, müxtəlif səviyyədə yaşıllığa malik bağçalar müqayisə edilib. Nəticələr göstərib ki, kol və bitkilərlə zəngin həyətlərdə havadakı çirkləndirici hissəciklərin səviyyəsi daha aşağı olub. Ən yaxşı nəticə qeydə alınan bağçada bu göstərici asfalt örtüklü həyətlərlə müqayisədə 80 faizə qədər az olub.

Araşdırmanın diqqətçəkən nəticələrindən biri də temperatur fərqidir. Müşahidələrə əsasən, yay aylarında asfalt və digər sərt örtüklərlə döşənmiş həyətlər bitki örtüyü bol olan ərazilərdən 6°C-dək daha isti olub. Alimlər bunu bitkilərin kölgə yaratması, su buxarlandırması və ətraf mühitin istilik balansına təsiri ilə izah edirlər.

Mütəxəssislərin fikrincə, ağacların, kolların və çəpər bitkilərinin yarpaqları havadakı bəzi hissəcikləri öz üzərində saxlaya, müəyyən qaz halında olan çirkləndiricilərin udulmasına kömək edə bilər. Bununla belə, bitkilərin təsiri bütün şəraitlərdə eyni deyil. Havanın hərəkəti, mövsüm, bitki növü və ərazinin yerləşməsi nəticələrə təsir göstərir. Araşdırma yaz aylarında regional miqyasda yayılan çirklənməyə qarşı bağçaların qoruyucu təsirinin daha məhdud ola bildiyini də göstərib.

Bu nəticələr Azərbaycan şəhərləri üçün də düşündürücüdür. Xüsusilə Bakı kimi sıx məskunlaşmış, nəqliyyat yükü və yay istiliyi yüksək olan şəhərlərdə yaşıllıq sahələrinin qorunması, yolkənarı bitkilərin düzgün seçilməsi və həyətlərin betonlaşdırılmasının məhdudlaşdırılması ekoloji planlaşdırmanın mühüm istiqamətlərindən ola bilər.

Araşdırmanın əsas məqsədi odur ki, şəhər ekologiyasının yaxşılaşdırılması yalnız iri parkların salınması ilə məhdudlaşmamalıdır. Hər bir həyət, küçə və kiçik yaşıllıq sahəsi daha sağlam və sərin şəhər mühitinin formalaşmasına töhfə verə bilər.

Lalə Mehralı

Digər xəbərlər