İynə vurularkən və ya damar yolu açılarkən hiss edilən ağrını musiqi vasitəsilə azaltmaq mümkündür. İsveçrədə aparılan araşdırmada kiçik tibbi prosedurlar zamanı musiqi dinləməyin ağrı hissinə təsiri öyrənilib. Alimlər müxtəlif musiqi növlərini müqayisə edərək maraqlı nəticələr əldə ediblər.
İsveçrənin Sürix Universitet Xəstəxanasında çalışan alimlər bu prosedurlar zamanı musiqi dinləməyin ağrını azaldıb-azaltmadığını araşdırıblar. Frontiers in Pain Research jurnalında dərc olunan tədqiqatda müxtəlif musiqi növlərinin ağrıya təsiri müqayisə edilib. Tədqiqatda beyin, onurğa, baş və ya boyun nahiyəsinin maqnit-rezonans tomoqrafiyasından (MRT) keçəcək 204 xəstə iştirak edib. Müayinə zamanı xəstələrə damar yolu ilə kontrast maddə verilməsi tələb olunub.
Tədqiqatçılar damar yolu açılarkən hiss edilən ağrını öyrənmək üçün iştirakçıları dörd qrupa bölüblər:
- Birinci qrup özünün ən çox sevdiyi musiqiləri dinləyib.
- İkinci qrupa rahatlama məqsədilə hazırlanmış musiqilər təqdim edilib.
- Üçüncü qrup Motsartın K.448 nömrəli sonatasını dinləyib.
- Dördüncü qrup isə prosedur zamanı heç bir musiqi dinləməyib.
İştirakçılardan hiss etdikləri ağrını 1-dən 10-a qədər qiymətləndirmələri istənilib. Bu şkalada 1 ağrının olmadığını, 10 isə insanın həyatında hiss etdiyi ən şiddətli ağrını ifadə edib. Qiymətləndirmələr prosedurdan əvvəl, iynə yerləşdirilərkən, prosedurdan 30 saniyə və iki dəqiqə sonra aparılıb.
Araşdırmada Motsartın K.448 sonatasının da bəzi xəstələrdə ağrını yüngülləşdirdiyi müəyyən edilib. Lakin bu təsir yalnız damar yolu açılmadan əvvəl də ağrı hiss edən iştirakçılarda müşahidə olunub. Həmin qrupda sevdiyi musiqiləri dinləyən xəstələrin ağrısı iynə yerləşdirilən anda azalıb. Motsart dinləyənlərdə isə ağrının azalması prosedurdan iki dəqiqə sonra qeydə alınıb. Alimlər ağrı hissindəki azalmanın prosedurdan iki dəqiqə sonra daha aydın müşahidə olunduğunu bildiriblər.
Bunun mümkün səbəblərindən biri iynə yerləşdirilən anda yaranan narahatlığın insanın diqqətini musiqidən yayındırmasıdır. Digər ehtimala görə isə musiqinin ağrı qavrayışına təsir edən mexanizmlərinin işə düşməsi müəyyən vaxt tələb edir. Ancaq araşdırma bu ehtimallardan hansının doğru olduğunu hələ müəyyənləşdirməyib.
Tədqiqatın aparıcı müəllifi doktor Andrei Cristinel Dragnea qeyd edib ki, iynə prosedurları qısa çəksə də, insanların hiss etdiyi ağrının səviyyəsi bir-birindən ciddi şəkildə fərqlənə bilər. Onun fikrincə, müasir tibb yalnız prosedurun uğurla həyata keçirilməsinə deyil, həm də xəstənin mümkün qədər az narahatlıq hiss etməsinə diqqət yetirməlidir. Araşdırmanın baş müəlliflərindən doktor Meritxell Garcia Alzamora isə musiqi dinləməyi sevən xəstələrə bu üsuldan istifadə etməyi tövsiyə edib.
O bildirib ki, əldə olunan nəticələr əsasında radioloji müayinələr zamanı damar yolu açılarkən musiqidən istifadənin genişləndirilməsi planlaşdırılır. Xüsusilə narahatlıq keçirən və qapalı məkan qorxusu yaşayan xəstələr üçün bu yanaşmadan yararlanmaq nəzərdə tutulur. Tədqiqatçılar vurğulayırlar ki, araşdırma yalnız qısa müddətli damar yolu açılması prosedurlarını əhatə edib. Buna görə nəticələri daha uzun və ağrılı tibbi müdaxilələrə birbaşa şamil etmək olmaz. Bundan başqa, prosedur zamanı tibb işçilərinin xəstələrlə danışması da ağrı hissinə təsir göstərmiş ola bilər.
Lalə Mehralı