PDF Oxu

Siyasət

  • 387

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü: Dövlətçilik ənənələrinin və milli suverenliyin hüquqi təməli

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü: Dövlətçilik ənənələrinin və milli suverenliyin hüquqi təməli

Azərbaycan Respublikasının Konstitusiyası Günü müstəqil dövlətçiliyimizin tarixində mühüm yer tutan, xalqımızın hüquqi dövlət quruculuğu sahəsində əldə etdiyi nailiyyətləri əks etdirən əlamətdar tarixdir. 12 Noyabr Azərbaycan xalqının öz müstəqil dövlətinin hüquqi əsaslarını müəyyənləşdirdiyi, demokratik inkişaf yolunu seçdiyi mühüm tarixi gündür. Konstitusiya dövlətin siyasi, hüquqi və iqtisadi sisteminin əsaslarını müəyyən etməklə yanaşı, insan hüquq və azadlıqlarının qorunmasının, qanunun aliliyinin və cəmiyyətin davamlı inkişafının başlıca təminatıdır.
“Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir”, – deyən Ümummilli Lider Heydər Əliyev Konstitusiyanın müstəqil Azərbaycan dövlətinin gələcəyi üçün daşıdığı əhəmiyyəti yüksək qiymətləndirmişdir. Həqiqətən də, müasir Azərbaycan Konstitusiyasının hazırlanması və qəbul edilməsi Ulu Öndərin dövlətçilik strategiyasının ən mühüm nəticələrindən biridir.
Azərbaycanın konstitusiya quruluşunun tarixi müstəqillik dövründən daha əvvələ gedib çıxır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli dövlətçilik tariximizdə mühüm mərhələ olsa da, mürəkkəb tarixi şərait səbəbindən həmin dövrdə Konstitusiyanın qəbulu mümkün olmamışdır. Sovet hakimiyyəti illərində Azərbaycan SSR-in müxtəlif dövrlərdə Konstitusiyaları qəbul edilmişdir. 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra isə müstəqil Azərbaycanın yeni Konstitusiyasının hazırlanması zərurəti yaranmışdır.
1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin rəhbərliyi ilə ölkədə siyasi sabitliyin təmin olunması, dövlət institutlarının möhkəmləndirilməsi və hüquqi dövlət quruculuğunun sürətləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildi. Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının ilk milli Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edildi. Bu hadisə müstəqil Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcını qoydu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Konstitusiyanın dövlətçilik tariximizdəki rolunu yüksək dəyərləndirərək bildirmişdir: “Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.”
Konstitusiyada Azərbaycan dövlətinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, xalq hakimiyyəti, insan hüquq və azadlıqları, hakimiyyət bölgüsü və qanunun aliliyi kimi fundamental prinsiplər təsbit edilmişdir. Sonrakı illərdə ölkənin inkişafından irəli gələn tələblərə uyğun olaraq Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi dövlət idarəçiliyinin təkmilləşdirilməsinə və hüquqi təminatların genişləndirilməsinə xidmət etmişdir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də ölkənin hüquq sistemində mühüm yer tutur. 1998-ci ildə fəaliyyətə başlayan bu ali konstitusiya ədalət mühakiməsi orqanı Konstitusiyanın aliliyinin təmin edilməsi, qanunların və digər normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun yoxlanılması, vətəndaşların konstitusion hüquq və azadlıqlarının müdafiəsi baxımından mühüm funksiyalar həyata keçirir. Konstitusiya Məhkəməsinin fəaliyyəti ölkədə hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsinə və qanunçuluğun təmin olunmasına töhfə verir.
2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi isə bu baxımdan xüsusi tarixi və siyasi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə elan olunan bu il Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü və dövlət suverenliyimizin tam bərpası ilə bağlı mühüm hadisələrin qeyd olunmasına həsr edilmişdir. Bu təşəbbüs Konstitusiyanın dövlətçilik tariximizdəki rolunun daha dərindən öyrənilməsi, hüquqi maarifləndirmənin gücləndirilməsi və suverenlik anlayışının cəmiyyətdə daha geniş təbliği baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa edilməsi milli tariximizin ən böyük nailiyyətlərindəndir. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində konstitusiya quruluşunun bərpası müstəqil dövlətçiliyimizin gücünü nümayiş etdirdi. Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri, Böyük Qayıdış Proqramının uğurla icrası və yeni infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanın suveren inkişafının real təzahürüdür.
Dövlət başçısının qeyd etdiyi kimi, 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur. Bu gün Ulu Öndərin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, dövlət müstəqilliyinin daha da güclənməsinə və milli maraqların etibarlı müdafiəsinə şərait yaradır.
12 Noyabr – Konstitusiya Günü hər bir Azərbaycan vətəndaşı üçün dövlətə, qanunlara və milli dəyərlərə hörmətin ifadəsidir. Konstitusiyanın müddəalarına əməl etmək, hüquq və vəzifələrimizi dərindən dərk etmək, dövlətçiliyimizin qorunmasına töhfə vermək hər birimizin vətəndaşlıq borcudur. Xüsusilə gənc nəslin hüquqi biliklərinin artırılması, onlarda dövlətçilik düşüncəsinin və vətənpərvərlik ruhunun gücləndirilməsi gələcəyimizin etibarlı təminatıdır.
Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyası müstəqilliyimizin, dövlət suverenliyimizin, milli birliyimizin və hüquqi inkişafımızın əsas təminatıdır. Bu ali sənədin müəyyən etdiyi prinsiplər əsasında inkişaf edən Azərbaycan bu gün güclü dövlət, qalib xalq və etibarlı tərəfdaş kimi beynəlxalq aləmdə öz mövqeyini daha da möhkəmləndirir.

Elnur Əsədov
YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Digər xəbərlər