PDF Oxu

Siyasət

  • 242

“Konstitusiya – müstəqil Azərbaycanın dövlətçilik və hüquqi inkişafının təməli” - ŞƏRH

“Konstitusiya – müstəqil Azərbaycanın dövlətçilik və hüquqi inkişafının təməli” - ŞƏRH

Hər bir müstəqil dövlətin möhkəmliyi onun hüquqi əsaslarının nə dərəcədə düzgün formalaşmasından, qanunun aliliyinin təmin edilməsindən və vətəndaş hüquqlarına verilən dəyərdən asılıdır. Dövlətin siyasi, iqtisadi və ictimai həyatını tənzimləyən əsas sənəd isə Konstitusiyadır. Konstitusiya xalqın dövlətçilik iradəsini, milli maraqlarını, hüquq və azadlıqlarını özündə birləşdirən Əsas Qanundur.
1993-cü ildə xalqın tələbi ilə siyasi rəhbərliyə qayıdan Heydər Əliyev ilk növbədə dövlət müstəqilliyinin qorunması, ictimai-siyasi sabitliyin bərpası və dövlət idarəçiliyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atdı. Onun rəhbərliyi ilə ölkədə yeni Konstitusiyanın hazırlanması prosesi sürətləndirildi. 1995-ci ildə Heydər Əliyevin sədrliyi ilə Konstitusiya layihəsini hazırlayan komissiya fəaliyyət göstərdi. Layihədə Azərbaycanın tarixi dövlətçilik ənənələri, milli-mənəvi dəyərləri, beynəlxalq hüququn prinsipləri və qabaqcıl dünya təcrübəsi nəzərə alındı. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Bu hadisə ölkəmizin hüquqi tarixində yeni mərhələnin başlanğıcı oldu. Konstitusiyada dövlət hakimiyyətinin mənbəyinin xalq olduğu, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər daşıdığı, hakimiyyət bölgüsü prinsipinin əsas götürüldüyü təsbit edildi. Beləliklə, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafının hüquqi təməli yaradıldı.
Konstitusiyanın qəbul edilməsi müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı olmuşdur. Bu sənəd ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün, milli dövlətçilik ənənələrinin və hüquqi sisteminin möhkəmləndirilməsində mühüm rol oynamışdır. Sonrakı illərdə Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər də ölkənin ictimai-siyasi, iqtisadi və hüquqi inkişafının tələblərinə uyğun olaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsinə xidmət etmişdir.

Azərbaycan Respublikasında Konstitusiyanın aliliyinin təmin olunmasında və onun müddəalarının qorunmasında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi xüsusi əhəmiyyətə malikdir. Konstitusiya Məhkəməsi konstitusiya ədalət mühakiməsini həyata keçirən ali konstitusiya orqanıdır. Onun əsas vəzifəsi Konstitusiyanın aliliyini təmin etmək, qanunların və digər normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunu yoxlamaq, eləcə də konstitusiya hüquq və azadlıqlarının müdafiəsinə töhfə verməkdir.

12 Noyabr – Konstitusiya Günü hər bir Azərbaycan vətəndaşı üçün yalnız tarixi bir gün deyil, həm də hüquqi dövlətçilik dəyərlərinə, milli suverenliyə və demokratik prinsiplərə ehtiramın ifadəsidir. Bu əlamətdar gün münasibətilə Konstitusiyanın mahiyyətini, hüquq və vəzifələrimizi dərindən dərk etmək, qanunlara hörmətlə yanaşmaq və dövlətçiliyimizin möhkəmləndirilməsinə töhfə vermək hər birimizin vətəndaşlıq borcudur.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının əsas istiqamətlərindən biri güclü dövlət və azad vətəndaş prinsipinə əsaslanan cəmiyyət qurmaq idi. Bu gün həmin siyasi və hüquqi irs Azərbaycanın inkişaf yolunda mühüm istiqamətverici qüvvə olaraq qalır. Konstitusiyamız xalqımızın keçmişindən gələn milli dəyərləri müasir dünyanın hüquqi prinsipləri ilə birləşdirərək dövlətimizin bu gününü və gələcəyini müəyyən edən möhkəm təməl rolunu oynayır. Onun müddəalarına hörmətlə yanaşmaq, hüquqi prinsipləri gündəlik həyatda rəhbər tutmaq və dövlət müstəqilliyimizi qorumaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Məhz Konstitusiyaya əsaslanan hüquqi dövlət, milli həmrəylik və vətəndaş məsuliyyəti Azərbaycanın daha güclü, firavan və davamlı inkişaf edən ölkə kimi gələcəyə inamla addımlamasının başlıca şərtlərindəndir.

Səxavət Həsənov
YAP Kəngərli rayon təşkilatının fəalı

Digər xəbərlər