PDF Oxu

Siyasət

  • 293

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi hüquqi dövlətçilik xətti - ŞƏRH

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi hüquqi dövlətçilik xətti - ŞƏRH

Azərbaycan Konstitusiyasının yaranma tarixi müstəqil dövlətçilik tariximizin ən mühüm mərhələlərindən biri olmaqla yanaşı, Ulu Öndər Heydər Əliyevin adı və siyasi fəaliyyəti ilə bilavasitə bağlıdır. Çünki müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması, dövlətçilik prinsiplərinin müəyyənləşdirilməsi və hüquqi dövlət quruculuğunun əsaslarının formalaşdırılması məhz Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən tarixi prosesin nəticəsi idi.

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan qarşısında yeni siyasi və hüquqi sistem qurmaq, milli dövlətçiliyin əsaslarını möhkəmləndirmək kimi mühüm vəzifələr dayanırdı. Ölkənin üzləşdiyi mürəkkəb ictimai-siyasi proseslər, dövlət idarəçiliyindəki çətinliklər və müstəqilliyin qorunması zərurəti hüquqi əsasların yenidən formalaşdırılmasını qaçılmaz edirdi. Belə bir tarixi şəraitdə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı dövlət quruculuğunun yeni mərhələsinin başlanğıcı oldu. Onun rəhbərliyi ilə dövlət idarəçiliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması, milli maraqlara əsaslanan inkişaf strategiyasının müəyyənləşdirilməsi ilə yanaşı, Azərbaycanın gələcək hüquqi sisteminin fundamental prinsipləri də formalaşdırıldı. Ulu Öndər yaxşı bilirdi ki, müstəqilliyin qorunması yalnız siyasi iradə ilə deyil, həm də möhkəm hüquqi əsaslara söykənən dövlət institutları ilə mümkündür. 1995-ci il mayın 2-də Milli Məclisin qərarı ilə yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın yaradılması və Ulu Öndər Heydər Əliyevin həmin Komissiyaya sədrlik etməsi bu istiqamətdə atılan ən mühüm addımlardan biri oldu. Hazırlanan layihə geniş ictimai müzakirəyə təqdim edildi və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Beş bölmə, 12 fəsil və 158 maddədən ibarət olan Əsas Qanun noyabrın 27-də qüvvəyə mindi. Bu tarixi hadisənin əhəmiyyəti yalnız yeni hüquqi sənədin qəbul edilməsi ilə məhdudlaşmırdı. Konstitusiya Azərbaycan xalqının öz dövlətinin gələcəyini müəyyənləşdirmək iradəsinin, milli suverenliyinin və müstəqil dövlətçilik düşüncəsinin hüquqi ifadəsinə çevrildi. Onun preambulasında dövlət müstəqilliyinin, suverenliyin və ərazi bütövlüyünün qorunması, demokratik quruluşun təmin edilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, qanunun aliliyinə əsaslanan hüquqi və dünyəvi dövlət quruculuğu kimi fundamental prinsiplər öz əksini tapdı. Xüsusilə diqqətəlayiq məqamlardan biri də odur ki, Ulu Öndər Heydər Əliyev Konstitusiyanı sadəcə dövlətin idarəçilik mexanizmini müəyyənləşdirən hüquqi sənəd kimi deyil, müstəqil Azərbaycanın gələcək inkişafının strateji təminatı kimi görürdü. Onun dövlətçilik fəlsəfəsində qanunun aliliyi, milli maraqların qorunması, insan hüquqlarına hörmət və dövlət institutlarının möhkəmləndirilməsi bir-birini tamamlayan əsas istiqamətlər idi. Məhz bu baxımdan 1995-ci ildə qəbul edilmiş Konstitusiya sonrakı illərdə ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi, sosial və məhkəmə-hüquq islahatlarının mühüm hüquqi bazasına çevrildi. Konstitusiya nəzarəti institutunun yaradılması da milli hüquq sistemində yeni mərhələnin başlanğıcı oldu.

Ulu Öndərin Konstitusiya quruculuğu sahəsindəki xidmətlərinin daha bir mühüm göstəricisi isə 1996-cı il noyabrın 1-də imzaladığı Fərmanla noyabrın 12-nin ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilməsinin müəyyənləşdirilməsi idi. Bu qərar həmin tarixi hadisənin milli dövlətçilik yaddaşında xüsusi yer tutmasının ifadəsi oldu. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət quruculuğu proseslərinə nəzər saldıqda Konstitusiyanın əsasını təşkil edən müstəqillik, suverenlik, dövlətçilik və milli maraqlar prinsiplərinin ölkənin inkişaf gündəliyindəki əhəmiyyətini aydın görmək mümkündür. Konstitusiyaya 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar vasitəsilə əlavə və dəyişikliklər edilmiş, Əsas Qanunun ayrı-ayrı müddəaları zamanın tələblərinə uyğun təkmilləşdirilmişdir. Bu gün 12 Noyabr – Konstitusiya Günü münasibətilə tariximizin həmin mühüm səhifəsini vərəqləyərkən bir həqiqəti xüsusi vurğulamaq lazımdır - Ulu Öndər Heydər Əliyevin adı Azərbaycan Konstitusiyasının hazırlanması və qəbul edilməsi tarixinə ayrılmaz şəkildə həkk olunub. Onun rəhbərliyi ilə formalaşdırılan hüquqi dövlətçilik təməlləri müasir Azərbaycanın inkişaf tarixinin mühüm tərkib hissəsidir. Konstitusiya dövlətin hüquqi dayağı, xalqın iradəsinin ifadəsi, Heydər Əliyevin dövlətçilik irsinin isə ən mühüm tarixi səhifələrindən biridir. Çünki dövlətçilik yalnız sərhədlərin müəyyənləşdirilməsi və müstəqilliyin elan edilməsi ilə tamamlanmır; onu yaşadan, qoruyan və gələcək nəsillərə ötürən möhkəm hüquqi əsasların yaradılması ilə davam edir. Müstəqil Azərbaycanın ilk Konstitusiyası da məhz bu tarixi missiyanın təcəssümüdür.

David Həsənov

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının əməkdaşı

Digər xəbərlər