Dünyanın diqqətini qüdrəti ilə özünə cəlb edən Azərbaycan misli görünməmiş bir tarix yazaraq, xalqımızın Zəfər salnaməsinə imza atdı. Tarixi zəfərimiz müstəqil Azərbaycan dövlətini tarixində mühüm mərhələni təşkil edir. Dünyaya, düşmənə məğrur və yenilməz xalq olduğunu göstərən Azərbaycan Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, işğala son qoyan Azərbaycan bir-birinin ardınca böyük bayramlarını qeyd edir. Zəfər gününü, Bayraq gününü yaşamış Azərbaycan bu gün tarixi müstəqillik tarixinin ən əlamətdar gününü qeyd edir. Azərbaycanın siyasi arenada, döyüş meydanında misilsiz uğura imza ataraq tarixi ədaləti bərpa eən ölkəmizdə 12 Noyabr Azərbaycan Respublikası Konstitusiyası Günüdür. Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu günü ilk milli Konstitusiyamızın qəbul edilməsindən 31 il ötür. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, bilavasitə təşəbbüsü və müəllifliyi ilə hazırlanmış ilk milli Konstitusiya - Ana Qanunumuz müasir dövrün ən mütərəqqi konstitusiyalarından biri olmaqla, suveren dövlətçilik tariximizdə yeni mərhələ təşkil edir. 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, ümumxalq səsverməsi - referendum yolu ilə özünün ilk milli Konstitusiyasını qəbul edib. Referendumda seçicilərin 86 faizi edərək onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə mindi. Konstitusiyanın qəbulundan sonra ölkəmizdə hüquqi dövlət quruculuğu və insan haqlarının təmini sahəsində əhəmiyyətli dəyişikliklər baş verdi. 1996-cı il fevralın 6-da Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə noyabrın 12-i Azərbaycan Respublikası Konstitusiya Günü elan edildi. Hər il 12 noyabr - Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu gün ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd olunur.
Azərbaycan xalqı bütün cəmiyyətin və hər kəsin firavanlığını, azadlığını və təhlükəsizliyinin bərqərar edilməsinə nail oldu. 5 bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalarından ibarət olan konstitusiyanın mühüm özəlliklərindən biri də vətəndaş hüquq və azadlıqlarına geniş yer ayrılması idi. 1996-1997-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların inkişafının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşuldu. 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmü ləğv edildi. Azərbaycan MDB məkanında və müsəlman dünyasında bu tarixi qərarı qəbul edən ilk dövlət idi. 14 iyul 1998-ci il tarixdə Azərbaycanda konstitusion müstəvinin ən vacib institutlarından biri - Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. 1998-ci il avqustun 6-da Ümummilli Lider Heydər Əliyev konstitusion hüququn təməl prinsiplərindən olan söz azadlığının təminatı ilə bağlı mühüm bir qərara imza atdı. Belə ki, mətbuat üzərində senzura tamamilə ləğv edildi. 1999-cu il dekabrın 12-də Konstitusiyada təsbit olunmuş keçid müddəalarından daha birinə əməl olundu - ölkədə ilk bələdiyyə seçkiləri keçirildi, yerli özünüidarə institutu fəaliyyətə başladı.
Əlbəttə ki, əldə edilən uğurlar, yeni çağırışlar konstitusiyamıza da təsirsiz ötüşmədi. Yeni dövrün tələblərinin yaratdığı zərurət Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilməsi ilə nəticələnib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Yeni dövrın çağırışlarına cavab olaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmiş oldu.Son dəyişikliyə əsasən idarəetmə sistemində yeni təsisat - Birinci vitse-prezidentlik institutu yaradıldı. Müstəqil Azərbaycanda bu yeni təsisat dövlət və hakimiyyət idarəetmə mexanizmində funksional institut olaraq yenilənən respublikanın yeni idarəetmə modeli oldu. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi.
Xüsusilə qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasının müddəalarını bərpa etmək, suveren Azərbaycanın təməlini qoymaq üçün 19 sentyabr 2023-cü ildə antiterror əməliyyatı başladı. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusunun qarşıya qoyulmuş bütün tapşırıqları yerinə yetirməsi nəticəsində Azərbaycan dünya tərəfindən tanınmış bütün əraziləri üzərində suverenliyini tam təmin etdi. Müstəqilliyinin bərpasından sonra daim təcavüz və işğala, eləcə də beynəlxalq təşkilatların təzyiqlərinə məruz qalan Azərbaycan Respublikası müstəqilliyinə və ərazi bütövlüyünə tam qovuşdu. Azərbaycanın şanlı bayrağı bütün ərazilərimizdə dalğalandı. Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti, şəhidlərimizin və qazilərimizin canı, qanı bahasına böyük Zəfər salnaməsi yazıldı.
Artıq Azərbaycan Respublikası öz hakimiyyətini, Azərbaycan Konstitusiyasının müddəalarını özünün bütün ərazisi üzərində tam sərbəstliklə həyata keçirir. Azərbaycan Respublikasının qanunlarının aliliyinin, suverenliyin əbədiliyinin təmini üçün biz bu ali dəyərləri tam qorumalıyıq. Ölkə Prezidentinin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi məhz həmin dəyərlərin tam mənimsənilməsinə, onların qorunması və əbədiliyinə xidmət edir.
Bu gün Azərbaycan xalqı bütün sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub. Artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır.Xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər sayəsində artıq altıncı ildir ki, 12 noyabr - Konstitusiya Günü ölkəmizin hər bir vətəndaşı tərəfindən daha böyük sevinclə, fəxarətlə qeyd olunur.
Elxan Quliyev,
Əməkdar müəllim