Tarixin mühüm göstəricilərindən biri də xalqın öz dövlətçilik iradəsini hansı hüquqi prinsiplər əsasında reallaşdırması, müstəqil dövlətinin gələcəyini hansı dəyərlər üzərində qurmasıdır. Azərbaycan Respublikasının Konstitusiyası məhz bu baxımdan müstəqil dövlətimizin tarixində müstəsna əhəmiyyətə malikdir. Əsas Qanun xalqımızın azadlıq və müstəqillik arzularının hüquqi təcəssümü olmaqla yanaşı, dövlət quruculuğunun fundamental prinsiplərini, demokratik inkişafın əsas istiqamətlərini və cəmiyyətin gələcək tərəqqisinin hüquqi çərçivəsini müəyyənləşdirən ali sənəddir. Bu sənəd Azərbaycanın müstəqil dövlət kimi formalaşmasının, milli suverenliyinin möhkəmləndirilməsinin və hüquqi dövlət quruculuğunun etibarlı təməlini təşkil edir.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlət müstəqilliyinin hüquqi əsaslarını müəyyənləşdirməklə ölkəmizin inkişafında yeni tarixi mərhələnin başlanğıcını qoydu. Həmin dövrdə Azərbaycanın qarşısında dövlət müstəqilliyinin qorunması, siyasi sabitliyin təmin edilməsi, iqtisadi sistemin yenidən qurulması, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və demokratik təsisatların formalaşdırılması kimi taleyüklü vəzifələr dayanırdı. Mürəkkəb ictimai-siyasi şəraitdə Əsas Qanunun hazırlanması və qəbul edilməsi dövlətçiliyin gələcək inkişafı baxımından strateji əhəmiyyət daşıyırdı. Bu tarixi missiyanın uğurla həyata keçirilməsi bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider müstəqil Azərbaycanın gələcəyini hüquqi dövlət quruculuğu, milli maraqların qorunması, demokratik dəyərlərin inkişafı və insan hüquqlarının təmin edilməsi prinsipləri üzərində qururdu. Onun rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dövlət idarəçiliyinin hüquqi əsaslarını müəyyənləşdirməklə yanaşı, xalqımızın çoxəsrlik dövlətçilik təcrübəsini, milli-mənəvi dəyərlərini və tarixi ənənələrini də özündə ehtiva etdi.
Konstitusiyanın ideya və məzmun baxımından ən mühüm xüsusiyyətlərindən biri insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi qəbul edilməsidir. Əsas Qanunda hər kəsin qanun qarşısında bərabərliyi, yaşamaq, azadlıq, mülkiyyət, əmək, təhsil, sosial təminat və digər fundamental hüquqları təsbit olunub. Bu müddəalar şəxsiyyətin hüquqi müdafiəsinin təmin edilməsinə, vətəndaşların ictimai-siyasi proseslərdə fəal iştirakına, onların dövlət və cəmiyyət qarşısında hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə xidmət edir. Eyni zamanda, hakimiyyətin qanunvericilik, icra və məhkəmə qolları arasında səlahiyyət bölgüsünün müəyyən edilməsi, dövlət orqanlarının fəaliyyətində qanunçuluq və hüquqi məsuliyyət prinsiplərinin əsas götürülməsi demokratik idarəçilik sisteminin möhkəm hüquqi çərçivəsini formalaşdırır. Bütün bunlar Konstitusiyanın yalnız dövlət hakimiyyətinin təşkili ilə bağlı sənəd deyil, həm də cəmiyyətin hüquqi münasibətlərini tənzimləyən fundamental norma və prinsiplər toplusu olduğunu təsdiqləyir.
Müstəqilliyin ilk illərindən etibarən Azərbaycanın keçdiyi inkişaf yolu Konstitusiyanın dövlət quruculuğunda və milli tərəqqidə oynadığı müstəsna rolu aydın şəkildə nümayiş etdirir. Ölkədə həyata keçirilən siyasi, iqtisadi və institusional islahatlar, milli iqtisadiyyatın gücləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, dövlət idarəçiliyinin müasirləşdirilməsi və demokratik təsisatların təkmilləşdirilməsi konstitusion prinsiplərin ardıcıl inkişafı ilə müşayiət olunub. Zamanın tələbləri, cəmiyyətin dəyişən ehtiyacları və dövlət qarşısında dayanan yeni vəzifələr nəzərə alınaraq Əsas Qanuna edilmiş dəyişikliklər hüquqi sistemin təkmilləşdirilməsinə, idarəçilik mexanizmlərinin yenilənməsinə və dövlət institutlarının fəaliyyətinin daha səmərəli təşkilinə imkan yaradıb. Bu baxımdan Konstitusiya dövlətçilik ənənələrinin davamlılığını təmin edən əsas hüquqi baza kimi çıxış edir.
Azərbaycan dövlətçiliyinin müasir tarixində qazanılmış ən böyük nailiyyətlərdən biri ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasıdır. Ermənistanın uzun illər davam edən işğalçılıq siyasəti nəticəsində ölkəmizin ərazilərinin bir hissəsində Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin və dövlət hakimiyyətinin suveren səlahiyyətlərinin həyata keçirilməsi mümkün deyildi. 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri bu vəziyyətə son qoydu. Beləliklə, Azərbaycan özünün bütün ərazilərində dövlət suverenliyini təmin etməklə müstəqillik tarixinin ən mühüm strateji məqsədlərindən birinə nail oldu. Bu tarixi Qələbənin əhəmiyyəti yalnız ərazi bütövlüyünün bərpası ilə məhdudlaşmır. Eyni zamanda, dövlət müstəqilliyinin, milli iradənin və konstitusion quruluşun ölkənin bütün ərazisində bərqərar olması baxımından fundamental tarixi məna daşıyır. Azərbaycan xalqı öz birliyi, qətiyyəti və gücü ilə tarixi ədaləti bərpa etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bu möhtəşəm nailiyyət dövlətimizin siyasi tarixində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu.
Suverenliyin tam bərpasından sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın yeni inkişaf reallıqlarını əks etdirən mühüm prosesdir. İşğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlərin yenidən qurulması, müasir nəqliyyat, enerji və sosial infrastrukturun yaradılması, təhsil və səhiyyə müəssisələrinin istifadəyə verilməsi dövlətin qarşıya qoyduğu strateji məqsədlərin ardıcıl şəkildə reallaşdırıldığını göstərir. Uzun illər doğma yurdlarından ayrı düşmüş soydaşlarımızın mərhələli şəkildə öz torpaqlarına qayıtması isə Böyük Qayıdış siyasətinin humanitar və sosial mahiyyətini daha aydın nümayiş etdirir. Bu proseslər dövlətin vətəndaş qarşısında konstitusion öhdəliklərinin, sosial məsuliyyətinin və milli həmrəyliyin praktik müstəvidə təzahürüdür. Qarabağ və Şərqi Zəngəzurda yaradılan yeni yaşayış məkanları, formalaşdırılan iqtisadi imkanlar, müasir şəhərsalma və kənd təsərrüfatı layihələri bütövlükdə ölkənin uzunmüddətli inkişaf strategiyasına mühüm töhfə verir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan bu gün yalnız ərazi bütövlüyünü və suverenliyini təmin etmiş dövlət kimi deyil, həm də müstəqil siyasi kursu, artan beynəlxalq nüfuzu, güclənən iqtisadi potensialı və regional proseslərə təsir imkanları ilə seçilən ölkə kimi tanınır. Dövlət suverenliyinin möhkəmləndirilməsi, milli təhlükəsizliyin etibarlı təmin olunması, iqtisadi müstəqilliyin gücləndirilməsi, sosial rifahın yüksəldilməsi və milli maraqların beynəlxalq müstəvidə müdafiəsi vahid dövlət strategiyasının bir-birini tamamlayan əsas istiqamətləridir. Bu strateji xəttin hüquqi əsasını isə Azərbaycan Respublikasının Konstitusiyası təşkil edir. 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi məhz dövlətçilik tariximizin iki mühüm dayağının – konstitusion quruluşun və milli suverenliyin əhəmiyyətinin ön plana çıxarılması baxımından xüsusi məna daşıyırdı. Azərbaycan Konstitusiyasının qəbulunun 30 illiyinin dövlət suverenliyinin tam bərpası ilə eyni dövrdə qeyd olunması rəmzi və tarixi baxımdan olduqca əlamətdar hadisə idi. Bu qərar, bir tərəfdən, müstəqil dövlətimizin hüquqi təməllərinə verilən yüksək dəyəri, digər tərəfdən isə xalqımızın suverenlik uğrunda apardığı mübarizənin tarixi nəticələrini və qazandığı nailiyyətləri ifadə edirdi.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan tədbirlər Əsas Qanunun mahiyyətinin, konstitusion dəyərlərin və hüquqi dövlət quruculuğunun cəmiyyət həyatındakı rolunun daha geniş təbliğinə, xüsusilə gənc nəslin dövlətçilik və hüquq mədəniyyətinin yüksəldilməsinə mühüm töhfə verdi. Bu təşəbbüslər Konstitusiyanın yalnız tarixi sənəd kimi deyil, gündəlik ictimai münasibətlərin, dövlət-vətəndaş əlaqələrinin və milli inkişafın hüquqi təminatı kimi dərk olunmasına şərait yaratdı. Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi münasibətilə yubiley medalının təsis edilməsi də Əsas Qanunun hazırlanmasında və təkmilləşdirilməsində, hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının müdafiəsində xidmətləri olan şəxslərin əməyinə verilən yüksək qiymətin ifadəsidir. Bu addım, eyni zamanda, konstitusion ənənələrə hörmətin, hüquqi dövlət ideyasına sədaqətin və dövlətçilik dəyərlərinin gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini önə çıxarır.
Qarşıdakı dövrdə konstitusion inkişafın əsas istiqamətləri hüquqi dövlət prinsiplərinin daha da möhkəmləndirilməsi, qanunun aliliyinin təmin olunması, insan hüquq və azadlıqlarının müdafiəsi, dövlət idarəçiliyində səmərəliliyin artırılması və vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı olacaq. Bu baxımdan Konstitusiya Azərbaycanın yalnız keçmiş dövlətçilik nailiyyətlərinin hüquqi ifadəsi deyil, həm də gələcək inkişafının etibarlı təminatıdır. Əsas Qanuna sədaqət, onun norma və prinsiplərinə hörmət hər bir vətəndaşın hüquqi məsuliyyətinin və dövlətçilik mövqeyinin mühüm göstəricisidir. 12 Noyabr – Konstitusiya Günü isə xalqımızın müstəqillik iradəsinə, Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinə, suveren Azərbaycanın hüquqi təməllərinə və gələcəyə inamına ehtiramın ifadəsidir.
Nurlan Həsənov
Milli Məclisin deputatı