Şəkərdən imtina etmək, şirin qazlı içkiləri şəkərsiz alternativlərlə əvəzləmək və pəhriz məhsullarına üstünlük vermək son illərdə sağlam həyat tərzinin bir hissəsinə çevrilib. Artıq bir çox insan adi şəkər əvəzinə süni şirinləşdiricilərdən istifadə edir. Lakin yeni elmi araşdırma bu seçimin uzunmüddətli sağlamlıq nəticələri ilə bağlı suallar yaradıb.
ABŞ-ın Nevrologiya Akademiyasının məlumatına görə, Braziliyada təxminən 13 min insanın iştirakı ilə aparılan araşdırmada şəkər əvəzedicilərindən daha çox istifadə edən şəxslərdə yaddaş və düşünmə qabiliyyətinin daha sürətlə zəifləməsi ilə əlaqə aşkarlanıb. Tədqiqat iştirakçıları təxminən səkkiz il ərzində müşahidə olunub. Onların qidalanma vərdişləri, yaddaş, dil qabiliyyəti və informasiya emalı sürəti mütəmadi qiymətləndirilib. İştirakçıların orta yaşı 52 olub.
Nəticələrə əsasən, az miqdarda şirinləşdirici qəbul edənlərlə müqayisədə ən çox qəbul edən qrupda ümumi koqnitiv göstəricilərin zəifləmə sürəti təxminən 62–63 faiz daha yüksək olub. Tədqiqat müəllifləri bu fərqi təxminən 1,6 əlavə illik koqnitiv yaşlanmaya bərabər qiymətləndiriblər. Araşdırmada aspartam, saxarin, asesulfam-K, eritritol, ksilitol, sorbitol və taqatoza olmaqla yeddi növ şirinləşdirici öyrənilib. Onlardan altısının daha sürətli koqnitiv zəifləmə ilə əlaqəsi müşahidə edilib. Taqatoza ilə bağlı isə belə əlaqə aşkarlanmayıb. Maraqlı məqamlardan biri də nəticələrin bütün yaş qruplarında eyni olmamasıdır. Əlaqə xüsusilə 60 yaşdan aşağı şəxslərdə və diabet xəstələrində daha nəzərəçarpan olub.
Araşdırma müşahidə xarakterlidir və süni şirinləşdiricilərin birbaşa yaddaş itkisinə səbəb olduğunu sübut etmir. İştirakçıların qidalanma məlumatlarının özlərinin verdiyi cavablara əsaslanması da tədqiqatın məhdudiyyətlərindəndir.
Həmçinin, nəticələr sağlam qidalanma ilə bağlı yanaşmaların yenidən nəzərdən keçirilməsinin vacibliyini göstərir. Şəkərsiz məhsul həmişə sağlam məhsul demək deyil. İstehlakçılar məhsulların tərkibinə diqqət yetirməli, yalnız üzərindəki “şəkərsiz” və ya “dietik” yazısına əsaslanaraq seçim etməməlidirlər.
Lalə Mehralı