Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının təşkilatçılığı ilə 3 saylı ərazi partiya təşkilatının iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüş keçirilib. Tədbir Lənkəran Dövlət Universitetinin Elmi Kitabxanasının iclas zalında təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev VIII Qurultayın partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində mühüm əhəmiyyət daşıdığını bildirib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan danışaraq qurultayda qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində partiya təşkilatlarının fəal iştirakının vacibliyini vurğulayıb.
3 saylı ərazi partiya təşkilatının sədri, dosent Ramiz Şəmmədov “İdeoloji təhlükəsizlik və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda çıxış edib. O, müasir dövrdə ideoloji təhlükəsizliyin əhəmiyyətindən, milli-mənəvi dəyərlərin qorunmasından və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyindən bəhs edib.
Lənkəran Dövlət Universitetinin Tarix və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Kamal Mahmudov “Müstəqil xarici siyasət və Azərbaycanın artan beynəlxalq nüfuzu” mövzusunda çıxış edərək ölkəmizin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsindən, həyata keçirilən müstəqil xarici siyasətin əhəmiyyətindən danışıb.
Universitetin “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasının dosenti Fərid Xankişiyev “Zəfərdən davamlı inkişafa: güclü Azərbaycan modelinin yeni hədəfləri” mövzusunda çıxış edib. O, Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra qarşıda açılan yeni inkişaf imkanlarını, ölkənin iqtisadi potensialının gücləndirilməsini və davamlı inkişaf hədəflərini diqqətə çatdırıb.
Lənkəran Dövlət Universitetinin “Aqrar elmlər” kafedrasının müəllimi Nahid Əzizov isə “Böyük Qayıdış: Qarabağ və Şərqi Zəngəzurun dirçəlişində yeni mərhələ” mövzusunda çıxış edib. O, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərindən, “Böyük Qayıdış” proqramının əhəmiyyətindən danışıb.
Tədbirdə Allahşükür Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanan müraciəti oxuyub. Müraciətdə dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər, ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası, ölkənin beynəlxalq nüfuzunun yüksəlməsi və davamlı inkişafı istiqamətində həyata keçirilən siyasət yüksək qiymətləndirilib. Həmçinin ölkəmizin tərəqqisi və xalqımızın rifahı naminə dövlət başçısına yeni uğurlar arzulanıb.
Görüşdə YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi, ideoloji təhlükəsizliyin möhkəmləndirilməsi, gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycanın müstəqil xarici siyasətinin təbliği, davamlı inkişaf və işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qurultayda müəyyənləşdirilən hədəflərin reallaşdırılmasında partiya üzvlərinin fəal iştirakının və ölkəmizin inkişafına töhfə verməsinin vacibliyi vurğulanıb.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.