PDF Oxu

Siyasət

  • 549

Xarabalıqdan müasir Şərqi Zəngəzura: Zəngilanın yeni həyat salnaməsi - ŞƏRH

Xarabalıqdan müasir Şərqi Zəngəzura: Zəngilanın yeni həyat salnaməsi - ŞƏRH

Tarixin axarını dəyişən, xalqın milli mənliyini, əyilməz ruhunu bütün dünyaya nümayiş etdirən anlar var. 2020-ci ilin 20 oktyabr tarixi Azərbaycan xalqının müasir salnaməsinə məhz belə bir şanlı səhifə kimi yazıldı. Şərqi Zəngəzurun füsunkar incisi, Araz boyunun dilbər guşəsi olan Zəngilan şəhəri və onun ətraf ərazilərin rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində 27 illik işğaldan azad edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi “Zəngilan azaddır!” müjdəsi hər bir azərbaycanlının milli qürurun və ərazi bütövlüyünün bərpasının xəbərçisi idi.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 20 oktyabr gününün Zəngilan Şəhəri Günü kimi təsis edilməsi yalnız hərbi qələbənin bayram edilməsi deyil. Bu gün, eyni zamanda, dağıdılmış bir diyarın yenidən dirçəlişinə, Şərqi Zəngəzurda həyata keçirilən misilsiz quruculuq salnaməsinə və tarixi ədalətin bərpasına həsr olunmuş qürur günüdür.
Zəngilanın işğal dövründən bu günə qədər keçdiyi inkişaf yoluna nəzər salsaq, insanı dərin kədərlə yanaşı, həm də böyük qürur hissi ilə sevindirir. 1993-cü ilin oktyabrında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Zəngilan rayonu, təxminən otuz ilə yaxın bir müddətdə misli görünməmiş urbisid və ekosid cinayətlərinə məruz qaldı.
Zəngilan şəhəri, qəsəbə və kəndləri bütünlüklə sökülərək xarabazara çevrilmişdi. Evlər, məktəblər, xəstəxanalar və mədəniyyət ocaqları qarət olunmuş, infrastrukturdan əsər-əlamət qalmamışdı.
Avropanın ən böyük təbii çinar meşəliyi olan Bəsitçay Dövlət Təbiət Qoruğu vəzhşicəsinə qırılmış, Oxçuçay kimyəvi və sənaye tullantıları ilə çirkləndirilərək fəlakət zonasına çevrilmişdi.
Ərazidəki tarixi-mədəni abidələr, məscidlər təhqir olunmuş, bəziləri isə tamamilə dağıdılmışdı.
Bugünkü Zəngilan isə viranəliyin üzərində yüksələn müasirlik, yaşıl enerjili gələcək və dinamik inkişaf rəmzidir. Dağıdılmış yolların yerində beynəlxalq standartlara cavab verən avtomagistrallar, minalanmış tarlaların yerində smart texnologiyalarla təchiz olunmuş yaşayış kompleksləri və sənaye parkları qərar tutur. Zəngilanın işğal dövrü ilə bu gününü müqayisə etdikdə, barbarlıqla sivilizasiyanın, köhnə dağıdıcılıqla müasir quruculuğun fərqini asanlıqla görmək mümkündür.
Zəngilan şəhəri işğaldan azad edildiyi ilk gündən etibarən genişmiqyaslı bərpa və yenidenqurma meydanına çevrildi. Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, rayonda işlər təkcə tikinti - quruculuq ilə məhdudlaşmır; burada gələcəyin müasir, ekoloji baxımdan təmiz və innovativ şəhərsalma modelləri tətbiq olunur.
İşğaldan azad edildikdən sonra Zəngilanda görülən infrastruktur və yenidənqurma tədbirlərini aşağıdakı kimi ümumiləşdirmək mümkündür.
Zəngilan Beynəlxalq Hava Limanı – Şərqi Zəngəzurun Hava Qapısı
Zəngilanda inşa edilən Beynəlxalq Hava Limanı bölgənin strateji və iqtisadi əhəmiyyətini köklü şəkildə dəyişdi. Qısa müddətdə istifadəyə verilən bu müasir nəqliyyat qovşağı, Şərqi Zəngəzurun beynəlxalq logistika və turizm xəritəsinə inteqrasiya olunmasında müstəsna rol oynayır. Beynəlxalq Hava yolu daşımalarında ölkəmizin rolunu daha da artırır.
Logistika və Zəngəzur Dəhlizi
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu və eyniadlı dəhiryolu xəttinin çəkilişi sürətlə davam etdirilir. Bu layihələr Zəngilanı təkcə Azərbaycanın digər bölgələri ilə bağlamır, həm də Türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin əsas dayağına çevirir. Şərqi Zəngəzur bölgəsinin iqtisadi inteqrasiyası prosesinin sürətləndirilməsi baxımdan xüsusi əhəmiyyətə malikdir.
Ekoloji Bərpa və "Yaşıl Enerji
Rayon ərazisində Bəsitçay Dövlət Təbiət Qoruğunun bərpası istiqamətində addımlar atılmış, çayların təmizlənməsi və yaşıllıq zolaqlarının salınması geniş vüsət almışdır. Zəngilanda inşa edilən su elektrik stansiyaları bölgənin "yaşıl enerji" zonasına çevrilməsi strategiyasının tərkib hissəsidir. Eyni zamanda tarixi Zəngilan məscidi də yenidən inşa olunaraq öz əvvəlki əzəmətinə qovuşmasına imkan vermişdir.
Böyük Qayıdışın İlk Qaranquşu: Zəngilana El Köçü
Azərbaycanın işğaldan azad olunmuş ərazilərə əhalinin qaytarılmasını nəzərdə tutan "Böyük Qayıdış" proqramının ilk addımı məhz Zəngilan torpağında atıldı.
Zəngilanın Ağalı kəndi "Ağıllı kənd" konsepsiyası əsasında tamamilə yenidən qurularaq postmüharibə dövrünün ilk yaşayış məntəqəsi kimi tarixə düşdü. Bura köçən sakinlər müasir standartlara cavab verən mənzillər, rəqəmsal xidmətlər, günəş panelləri ilə təmin olunmuş enerji şəbəkəsi və yeni iş yerlərinin açılması üçün böyük bir təkan olmuşdur.
Ağalı kəndindən başlayan bu müqəddəs köç prosesi pilləli şəkildə davam edir. Mərhələli şəkildə Zəngilan şəhər mərkəzinə və digər kəndlərə əhalinin köçürülməsi üçün çoxmənzilli binalar, fərdi yaşayış evləri, məktəblər, bağçalar və tibb müəssisələri inşa edilir. Soydaşlarımızın illərlə həsrətində olduqları ata-baba yurdlarına qayıdaraq orada mülki həyatı canlandırmaları, uşaq səsinin yenidən bütöv Azərbaycan torpağında eşidilməsi əlbəttə ki, ölkəmizin böyük zəfərinin ən böyük sübutudur.
Zəngilanın işğaldan azad olunmasından bu günə qədər həyata keçirilən nəhəng quruculuq işlərinə qədər hər bir uğurun mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən siyasi iradəsi, yüksək təşkilatçılıq qabiliyyəti və dəmir iradəsi dayanır.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən çevik hərbi planlaşdırma Zəngilanın azad olunmasını minimum itki və yüksək peşəkarlıqla təmin etdi.
Ölkə başçısı Zəngilana etdiyi çoxsaylı səfərlər zamanı şəxsən təməlqoyma mərasimlərində iştirak etmiş, hər bir layihənin icrasını diqqətində saxlamışdır. Prezidentin Şərqi Zəngəzur İqtisadi Rayonunun yaradılması haqqında Fərmanı bölgənin kompleks inkişafı üçün hüquqi və iqtisadi bünövrə oldu.
İlham Əliyev Zəngilanı beynəlxalq əməkdaşlıq platformasına çevirməyi bacardı. Bərpa prosesinə xarici tərəfdaşların və dost ölkələrin şirkətlərinin cəlb olunması, keçirilən beynəlxalq forumlar Zəngilanın geosiyasi və iqtisadi çəkisini regional çərçivədən çıxararaq qlobal səviyyəyə qaldırdı.
Cənab Prezidentin də dediyi kimi, biz bu torpaqlara qurmaq, yaratmaq və əbədi yaşamaq üçün qayıtmışıq. Zəngilanda aparılan hər bir tikinti işi bu ali məqsədə xidmət edir.
20 Oktyabr – Zəngilan Şəhəri Günü yalnız bir təqvim tarixi deyil. Bu gün milli qürurun, dirçəlişin, azadlığın və böyük gələcəyin rəmzidir. Viranəlikdən gələcəyin modern, ekoloji və smart şəhərinə çevrilən Zəngilan, Azərbaycan xalqının yaratmaq və yaşatmaq gücünün ən parlaq təcəssümüdür.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sürətlə bərpa olunan Zəngilan, günbəgün daha da gözəlləşir, öz doğma sakinlərinə qucaq açır. Bu gün Zəngilanın səmasında dalğalanan üçrəngli bayrağımız, bu torpaqlarda həyatın əbədi olaraq çağlayacağını və Şərqi Zəngəzurun işıqlı gələcəyini müjdələyir.


Sabir Məmmədli
YAP Yasamal rayon “S.Əsgərova küç 85” ünvanı (ƏƏSMN) üzrə ərazi partiya təşkilatının fəal üzvü

Digər xəbərlər