PDF Oxu

Siyasət

  • 559

Zəngilan – Tarixi qələbədən davamlı inkişafa doğru

Zəngilan – Tarixi qələbədən davamlı inkişafa doğru

20 Oktyabr – Zəngilan Şəhəri Günü Azərbaycan xalqının milli yaddaşında xüsusi yer tutan, dövlətimizin gücünü, xalqımızın birliyini və doğma torpaqlara bağlılığını əks etdirən əlamətdar tarixlərdəndir. Bu gün Zəngilanın işğaldan azad edilməsinin tarixi əhəmiyyətini xatırlatmaqla yanaşı, bölgədə həyata keçirilən bərpa və quruculuq işlərinin, Böyük Qayıdış prosesinin əhəmiyyətini də ön plana çıxarır.

Zəngilan zəngin tarixi, mədəni irsi və füsunkar təbiəti ilə seçilən qədim Azərbaycan torpaqlarından biridir. Lakin 1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş rayonun sakinləri doğma yurdlarını tərk etməyə məcbur olmuş, yaşayış məntəqələri və sosial infrastruktur ciddi dağıntılara məruz qalmışdır. Buna baxmayaraq, zəngilanlıların doğma torpaqlara qayıtmaq ümidi illər boyu yaşamaqda davam etmişdir.

2020-ci il oktyabrın 20-də Zəngilan şəhərinin Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsi Vətən müharibəsinin mühüm tarixi hadisələrindən biri olmuşdur. Bu qələbə Azərbaycan xalqının birliyinin, hərbçilərimizin qəhrəmanlığının və dövlətimizin qətiyyətinin təntənəsi kimi tarixə düşmüşdür. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə oktyabrın 20-si Zəngilan Şəhəri Günü elan edilmişdir.

Bu gün Zəngilan azadlığın, dirçəlişin və gələcəyə inamın rəmzi kimi yeni inkişaf mərhələsini yaşayır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri çərçivəsində yollar, yaşayış evləri, sosial obyektlər və müasir infrastruktur yaradılır. Məqsəd əhalinin təhlükəsiz və rahat yaşayışını təmin etmək, bölgənin iqtisadi potensialını bərpa etmək və doğma yurda qayıdan sakinlər üçün dayanıqlı həyat şəraiti formalaşdırmaqdır.

Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi bu istiqamətdə mühüm nümunələrdən biridir. Müasir texnologiyalar əsasında qurulan yaşayış məntəqəsi Böyük Qayıdışın və işğaldan azad edilmiş ərazilərdə yeni həyatın başlanmasının rəmzinə çevrilmişdir. Eyni zamanda, Zəngilan Beynəlxalq Hava Limanı və digər nəqliyyat layihələri rayonun iqtisadi və logistika imkanlarının genişlənməsinə, regional əlaqələrin möhkəmlənməsinə şərait yaradır.

Bölgənin inkişafı ilə yanaşı, tarixi-mədəni irsin qorunması, təbii sərvətlərin mühafizəsi və ekoloji tarazlığın təmin olunması da mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə görülən işlər Zəngilanın tarixi simasının qorunmasına və gələcək nəsillərə zəngin irsin ötürülməsinə xidmət edir.

20 Oktyabr – Zəngilan Şəhəri Günü xalqımızın qəhrəmanlıq salnaməsini, milli həmrəyliyini və doğma torpaqlara bağlılığını təcəssüm etdirir. Bu əlamətdar tarix şəhidlərimizin fədakarlığını ehtiramla yad etmək, qazilərimizin qəhrəmanlığını

xatırlamaq və Azərbaycanın quruculuq əzmini bir daha vurğulamaq baxımından mühüm əhəmiyyətə malikdir.

Zəngilanın dirçəlişi tarixi qələbənin nəticələrini, Böyük Qayıdışın əhəmiyyətini və Azərbaycanın davamlı inkişaf strategiyasını özündə birləşdirir. Doğma yurda qayıdan ailələr, yenidən qurulan yaşayış məntəqələri və yaradılan müasir infrastruktur Zəngilanın gələcəyə inamla addımladığını nümayiş etdirir.

Nərmin Azadova

“H.B. Zərdabi küçəsi 96” ünvanı üzrə (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi)

ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər