19 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı YAP Samux rayon təşkilatının Qarayeri və Qovlarsarı kəndləri üzrə ərazi partiya təşkilatlarında partiya üzvləri ilə görüşlər keçirilib.
Görüşlər zamanı əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşlərdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov VIII Qurultayın Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, təşkilati işin təkmilləşdirilməsi və yeni hədəflərin qarşıya qoyulması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Prezident İlham Əliyevin qurultaydakı nitqində səsləndirilən fikir və tapşırıqların partiyanın bütün strukturları, o cümlədən ərazi partiya təşkilatları tərəfindən əsas fəaliyyət istiqaməti kimi qəbul edilməsinin vacibliyini vurğulayıb.
Görüşlərdə çıxış edən ərazi partiya təşkilatı sədrləri və digər partiya fəalları tərəfindən Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolu, partiya üzvlərinin qarşısında duran vəzifələr və qurultayda müəyyənləşdirilən hədəflərin həyata keçirilməsində ərazi partiya təşkilatlarının üzərinə düşən məsuliyyət vurğulanıb.
Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın davamlı inkişafı naminə qarşıya qoyulan məqsədlərin reallaşdırılmasında YAP üzvlərinin fəal iştirakının vacibliyi qeyd edilib.