Müstəqillik illərində ölkəmizdə tarix və memarlıq abidələrinə dövlət qayğısı yüksək səviyyədə olmuşdur. Həmin abidələrə möhtəşəm sənət əsərlərinin müəllifi olan Əcəmi Naxçıvaninin bu günədək gəlib çıxmış memarlıq abidələri də aiddir. Naxçıvanın orta əsrlər tarixini özündə əks etdirən bu abidələri qoruyub, tədqiq edib gələcək nəsillərə çatdırmaq dövlətimizin mədəniyyət siyasətinin başlıca məqsədidir. Təməli Ümummilli liderimiz Heydər Əliyev tərəfindən atılmış, bugün isə cənab prezident İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət tarix, memarlıq və mədəniyyətimizə verilən ən yüksək qiymətin nəticəsidir.
Əcəmi Naxçıvaninin Naxçıvan şəhərində iki möhtəşəm memarlıq abidəsi –Yusif Küseyir oğlu Türbəsi (el arasında bu türbə “Atababa günbəzi” adlanır) və qadına verilən ən böyük dəyər və hörmətin canlı, bariz nümunəsi olan Mömünə xatun türbəsi ucalmaqdadır. Əcəmi Naxçıvanın şah əsəri olan hər iki türbənin əsrarəngiz və möhtəşəmliyi memarın hərtərəfli biliyə malik, dövrünün tanınmış kamil sənətkarı olmasını, memarlıq peşəsinin incəliklərinə dərindən yiyələnməsini və eləcə də həndəsə, riyaziyyat kimi digər elmlər barəsində yüksək anlayışından xəbər verir.
Naxçıvan memarlıq məktəbinin incilərindən ilki olan Mömunə xatun türbəsi müstəqillik illərində dövlət qayğısı ilə əhatə olunmuşdur. Dahi lider Heydər Əliyev Əcəmi Naxçıvaninin şah əsəri olan Mömunə xatun türbəsini Naxçıvanın qədim dövlətçilik və zəngin mədəniyyət tarixinin əzəmətli abidəsi kimi hər zaman yüksək qiymətləndirmişdir. Ümummilli liderin Əcəmi yaradıcılığının zirvəsi olan Mömünə xatun türbəsinə sevgisi hələ uşaqlıq illərindən başlamış, daha sonra məktəb illərində bu şah əsərinə olan heyranlığı və çəkdiyi rəsm onun tarixi irsimizə olan sevgisinin bariz nümunəsidir. Azərbaycana birinci və ikinci rəhbərliyi illərində Ümummilli Lider Heydər Əliyev Naxçıvandakı tarix memarlıq abidələrinə, Əcəmi irsinə eləcə də Mömünə xatun türbəsinə xüsusi diqqətlə yanaşmışdır. Əcəmi Naxçıvani şəxsiyyətinə ilk qiyməti də məhz Ümummilli Lider Heydər Əliyev vermiş, ulu öndərin təşəbbüsü ilə memar Əcəmi Naxçıvaninin 850 illik yubileyi 1976-ci ildə təntənəli şəkildə qeyd olunmuşdur. Daha sonralar dövlət rəhbərliyi tərəfindən Memar Əcəminin xatirəsi əbədiləşdirmək və adının yaşadılması üçün Bakıda və Naxçıvanda mühüm işlər görülmüşdür. Bakı Metropoliteninin mərkəzi stansiyalarından birinə “Memar Əcəmi” adı verilmiş və stansiyada onun büstü ucaldılmışdır.
Azərbaycana hər iki rəhbərliyi zamanı Ümummilli lider Mömunə xatun türbəsini ziyarət etmiş və abidənin möhtəşəmliyinə heyranlığını dilə gətirmişdir. 1999-cu il oktyabrın 14-də baş tutan ziyarətdə dahi lider demişdir: “Bu abidənin qiyməti yoxdur. Möminə xatun türbəsi XII əsrdə, orta əsrlərdə Azərbaycanın nə qədər zəngin mədəniyyəti olduğunu göstərir. Bu abidənin memarlıq qiyməti ilə bərabər bizim üçün bəlkə, daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərmişdir. Bu təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir”.
Mömünə xatun türbəsi 30 sentyabr 1998-ci ildən “Naxçıvan Məqbərələri”nin tərkibində UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmiş, 2001-ci ildə dünya əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş və 2003-cü ildə onun üzərində əsaslı bərpa və təmir işləri həyata keçirilmişdir.
Mömunə xatun türbəsi ilə yanaşı Yusif Küseyir oğlu türbəsinə də dövlət qayğısı yüksəkdir. Türbənin ətrafı ilk dəfə 2001-ci ildə abadlaşdırılmış və daha sonra 2020-ci ildə əsaslı şəkildə bərpa edilmişdir. Qeyd etmək istərdim ki, Naxçıvanda türk-islam mədəniyyətinin ən dəyərli nümunələrindən olan bu türbə Azərbaycanın qülləvari türbələri içərisində üst piramida örtüyü zəmanəmizədək tamamilə salamat vəziyyətdə gəlib çatan yeganə abidədir.
Heydər Əliyev irsinin layiqli davamçısı olan cənab Prezident İlham Əliyev tərəfindən bu tarixi abidlərə hər zaman qayğı göstərilmiş və bu gündə göstərilməkdədir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti 5 iyun 2023-cü il tarixli Sərəncam imzalamışdır. Həmin sərəncama əsasən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planına uyğun olaraq, Azərbaycan Avstriyanın “Atelier Erich Pummer GMBH” şirkəti ilə müqavilə bağlamışdır. Müqavilənin bağlanmasında məqsəd Möminə xatun türbəsinin bərpası və ərazisinin abadlaşdırılmasıdır. 2024-cü ilin sentyabr ayında şirkətin rəhbəri Erik Pumer və işçi qrup Naxçıvana şəhərinə gəlmiş, türbənin vəziyyətinin tədqiqi və ölçmə işlərinin aparılması üçün ilkin baxış keçirmişdir. Daha sonra isə təmir bərpa abadlaşdırılma işlərinə başlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2026-cı il tarixli Sərəncamı ilə Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsində bərpa və konservasiya işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9,566.0 min manat vəsait ayrılması nəzərdə tutulmuşdu. Bütün bu qeyd edilənlər yüksək mədəniyyətin və qədim dövlətçilik ənənələrinin mövcudluğunun əyani təcəssümü olan bu monumental abidəyə dövlət diqqətinin ən ali göstəricisidir. 11 avqust 2026-ci il tarixində Naxçıvana səfər zamanı cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Möminə xatun türbəsində aparılan bərpa və konservasiya işləri ilə yaxından tanış olmuşlar. Bərpa və konservasiya zamanı abidənin damının yenidən qurulması, məqbərədə mövcud əyilmənin ölçülməsi və nəzarətdə saxlanılması, həmçinin drenaj sisteminin qurulması ilə bağlı işlər görülməsi nəzərdə tutulmuşdur.
Ölkəmizdə dahi memarın irsinə göstərilən dövlət diqqəti bu gün də davam etdirilir, o cümlədən cənab prezident İlham Əliyev tərəfindən imzalanmış Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında 30 dekabr 2025-ci il tarixli sərəncamında Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi nəzərdə tutulurdu. Bu sərəncamdan irəli gələrək memarın 900 illik yubileyi ilə əlaqədar beynəlxalq və respublika səviyyəsində bir sıra tədbirlər keçirilmişdir. Mömünə xatun türbəsinin yaxınlığında “Əcəmi Seyrəngahı Kompleksi” yaradılması və 2026-cı ilin 11 avqustunda cənab Prezident İlham Əliyev tərəfindən memarın yeni ucaldılmış abidəsinin rəsmi açılış mərasiminin baş tutması da məhz həmin tədbirlərdən biri idi.
Əcəmi Naxçıvaninin şəxsiyyəti və irsi UNESCO tərəfindən də yüksək qiymətləndirilir. UNESCO Baş Konfransının 42-ci sessiyası tərəfindən memarın yubileyi 2024–2025-ci illəri əhatə edən yubileylər siyahısına daxil edilmiş və 15 dekabr 2025-ci il tarixində UNESCO-nun mənzil-qərargahında Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyinə həsr olunmuş tədbir və sərginin açılışı olmuşdur. Açılış zamanı UNESCO baş direktorunun Mədəniyyət sektoru üzrə müavini Ernesto Ottone Əcəmi Naxçıvani yaradıcılığının Naxçıvan regionun mühüm mədəniyyət mərkəzinə çevirdiyini vurğulayaraq, onun memarlıq irsinin yerli ənənələri qorumaqla yanaşı, zaman və sərhədləri aşan ümumbəşəri dəyərləri özündə birləşdirdiyini qeyd etmişdir.
Memar Əcəmi şəxsiyyəti və irsinin tədqiqi, öyrənilməsi və gələcək nəsillərə çatdırılması bu gün dövlət tərəfindən həyata keçirilən tarix memarlıq abidələri və dahi şəxsiyyərlərlə bağlı mədəniyyət siyasətinin bir parçasıdır. Dövlətimiz Əcəmi Naxçıvani irsinin gənclərə aşılanması sahəsində də mühüm addımlar atır. Naxçıvan memarlıq məktəbi və Əcəmi yaradıcılığı milli sənət tariximizin təməl daşı kimi ali və orta ixtisas təhsili müəssisələrində tədris olunur. İnanırıq ki, Əcəmi irsi və memarlıq məktəbinin qaranlıq səhifələri yeni tədqiqatlar nəticəsində işıqlandırılacaq və Azərbaycan memarlığına yeni töhvələr verəcəkdir.
Nilufər Ağayeva
Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi
Arxiv fond sənədlərindən istifadə edilməsi və publikasiya şöbəsinin müdiri