Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində müstəqilliyin qorunması, milli iradənin ifadəsi və suveren dövlət quruculuğunun təmin edilməsi mühüm yer tutur. Bu baxımdan 12 Noyabr – Konstitusiya Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin göstəricisidir. Konstitusiyanın qəbul edilməsi Azərbaycan dövlətinin siyasi, hüquqi və institusional inkişafında yeni mərhələnin əsasını qoymuşdur.
Müstəqil dövlətin gücü yalnız iqtisadi və hərbi potensialı ilə deyil, həm də möhkəm hüquqi sistemi, işlək dövlət institutları və vətəndaşların hüquqlarının etibarlı müdafiəsi ilə ölçülür. Azərbaycan Respublikasının Konstitusiyası məhz bu prinsipləri özündə birləşdirərək dövlət idarəçiliyinin əsaslarını, cəmiyyətin inkişaf istiqamətlərini və milli maraqların hüquqi təminatlarını müəyyənləşdirir.
Müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması və qəbul edilməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə dövlət müstəqilliyinin ciddi təhlükələrlə üzləşdiyi bir şəraitdə hakimiyyətə qayıdan Ulu Öndər ölkədə siyasi sabitliyi təmin etdi və hüquqi dövlət quruculuğu üçün zəruri zəmin yaratdı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın gələcək inkişafını müəyyən edən fundamental hüquqi sənədin hazırlanmasına başlanıldı.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin hüquqi təməlini formalaşdırdı. Həmin il noyabrın 27-də qüvvəyə minən Əsas Qanun xalqın suveren iradəsini, demokratik idarəçilik prinsiplərini və milli dövlətçilik maraqlarını özündə əks etdirir. Konstitusiyanın preambulasında müstəqilliyin, suverenliyin və ərazi bütövlüyünün qorunması, demokratik quruluşun və hüquqi dövlətin təmin edilməsi əsas məqsədlər kimi müəyyənləşdirilmişdir.
Konstitusiyanın başlıca prinsiplərindən biri hakimiyyətin yeganə mənbəyinin xalq olmasıdır. Bu müddəa dövlət idarəçiliyinin xalqın iradəsinə əsaslandığını, vətəndaşların referendum və seçkilər vasitəsilə ölkənin siyasi həyatında iştirak etmək hüququnu təsdiqləyir. Hakimiyyətin qanunvericilik, icra və məhkəmə qollarına bölünməsi isə dövlət idarəçiliyində hüquqi tarazlığın və məsuliyyətin təmin edilməsinə xidmət edir.
Əsas Qanunun mühüm istiqamətlərindən biri insan hüquq və azadlıqlarının müdafiəsidir. İnsan ləyaqətinin qorunması, qanun qarşısında bərabərlik, fikir və söz azadlığı, mülkiyyət, təhsil, əmək və sosial təminat hüquqları demokratik cəmiyyətin əsas dəyərləridir. Konstitusiyada insan və vətəndaş hüquqlarının, azadlıqlarının, eləcə də vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi müəyyənləşdirilmişdir. Bu yanaşma dövlət-vətəndaş münasibətlərinin hüquqi əsaslarını möhkəmləndirməklə yanaşı, cəmiyyətdə ədalət və sosial məsuliyyət prinsiplərinin inkişafına da şərait yaradır.
Müstəqillik illərində ölkəmizdə həyata keçirilən siyasi-iqtisadi və hüquqi islahatlar Konstitusiyanın müddəalarının zamanın tələblərinə uyğun təkmilləşdirilməsini zəruri etmişdir. 2002, 2009 və 2016-cı illərdə keçirilən referendumlar nəticəsində Əsas Qanuna əlavə və dəyişikliklər edilmiş, dövlət idarəçiliyinin müasirləşdirilməsi və hüquqi mexanizmlərin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bu proses Azərbaycanın dəyişən reallıqlara uyğun inkişaf edən hüquqi dövlət olduğunu nümayiş etdirir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti müstəqil Azərbaycanın siyasi və iqtisadi potensialının gücləndirilməsinə, beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə və milli maraqlarının ardıcıl müdafiəsinə yönəlmişdir. Bu siyasətin ən böyük tarixi nəticəsi Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasıdır.
2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Qələbə xalqımızın milli iradəsinin, dövlətimizin siyasi qətiyyətinin və Azərbaycan Ordusunun qəhrəmanlığının təntənəsi oldu. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin bütün ərazilərində suverenlik təmin edildi. Bununla da Konstitusiyada təsbit olunmuş ərazi bütövlüyü və dövlət müstəqilliyinin qorunması prinsipləri real tarixi məzmun qazandı. Azərbaycanın bütün ərazisində vahid hüquqi məkanın təmin edilməsi dövlətçilik tariximizin yeni mərhələsini formalaşdırdı.
Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, müasir şəhər və kəndlərin salınması, sosial infrastrukturun yaradılması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin 2024-cü il dekabrın 28-də imzaladığı Sərəncamla 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi xüsusi məna daşıyır. Konstitusiyanın qəbulunun 30-cu ildönümü və dövlət suverenliyinin tam bərpası ilə bağlı təşəbbüs hüquqi dövlətçilik ənənələrinin, milli müstəqillik ideallarının və konstitusion dəyərlərin daha geniş təbliğinə xidmət etmişdir.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalının təsis edilməsi də dövlətçilik tariximizə və hüquqi inkişafımıza töhfə verən şəxslərin xidmətlərinin qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Bu təşəbbüs Əsas Qanunun milli dövlətçilik sistemindəki yerinə verilən yüksək qiymətin ifadəsidir.
Konstitusiyanın əhəmiyyəti yalnız onun müddəalarının mövcudluğu ilə məhdudlaşmır. Əsas məsələ həmin prinsiplərin gündəlik həyatda tətbiqi, hüquq mədəniyyətinin yüksəldilməsi, qanunun aliliyinə hörmət və vətəndaş məsuliyyətinin gücləndirilməsidir. Azərbaycan bu gün tarixi Zəfərdən sonra yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ərazi bütövlüyünün və suverenliyin təmin edilməsi dövlətimizin qarşısında daha geniş strateji imkanlar açmış, hüquqi və institusional inkişafın əhəmiyyətini artırmışdır. Bu mərhələdə Konstitusiyanın aliliyinin qorunması və insan hüquqlarının etibarlı müdafiəsi milli inkişafın əsas şərtlərindəndir.
12 Noyabr – Konstitusiya Günü xalqımızın müstəqil dövlətçilik irsinə, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-hüquqi strategiyaya və Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş tarixi nailiyyətlərə ehtiramın ifadəsidir. Konstitusiya milli iradənin hüquqi təcəssümü, suverenliyin təminatı və gələcək inkişafın etibarlı yol xəritəsidir.