2020-ci ilin payızında Azərbaycan Xalqının Vətən müharibəsində göstərdiyi rəşadət və Dəmir Yumruq əməliyyatı sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu. 44 gün davam edən Zəfər yürüşünün ən mühüm və strateji dönüş nöqtələrindən biri məhz 20 oktyabr 2020-ci il tarixi - Zəngilan şəhəri və rayonun bir sıra kəndlərinin işğaldan azad edildiyi gündür. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti zamanı Zəngilan şəhərinin və rayonun kəndlərinin azad olunması xəbərini verməsi ölkə daxilində və onun hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlıda böyük qürur və coşğu hiss yaratdı.
Kiçik Qafqazın cənub-qərbində, Araz çayının sol sahilində yerləşən Zəngilan rayonu mühüm coğrafi və geostrateji mövqeyə malikdir. İran İslam Respublikası və Ermənistan ilə həmsərhəd olan bu ərazi həm də Zəngəzur dəhlizinin açılması baxımından xüsusi əhəmiyyət daşıyır. 1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra 27 il ərzində Zəngilanın zəngin təbii ehtiyatları, o cümlədən qızıl, mis, mərmər yataqları, nadir Şərq çinarı meşələri və infrastrukturu vəhşicəsinə istismar edilmiş, rayonun yaşayış məntəqələri tamamilə dağıdılmışdı.
27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri cənub istiqamətində, xüsusilə Cəbrayıl və Füzuli rayonları ərazisində uğurlu əməliyyatlar həyata keçirərək sürətlə Zəngilan istiqamətinə irəlilədi. Azərbaycan Ordusunun peşəkarlığı, yüksək döyüş hazırlığı və müasir hərbi taktikası sayəsində düşmənin müdafiə xətləri qısa müddətdə yarıldı. 20 oktyabr 2020-ci ildə Zəngilan şəhəri ilə yanaşı, rayonun Hovus, Havalı, Zərnəli, Məmmədbəyli, Şərifan, Muğanlı kəndləri və Həkəri qəsəbəsi də işğaldan təmizləndi. Zəngilanın azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədinin böyük bir hissəsi üzərində nəzarət tam bərpa olundu, Ermənistanın cənub sərhədi boyunca hərəkət marşrutları kəsildi və qarşı tərəf ağır strateji zərbə aldı. Bu zəfər, eyni zamanda Qubadlı və Laçın istiqamətlərində irəliləmək üçün əlverişli şərait yaratdı.
Dövlət başçısının müvafiq sərəncamına əsasən, Zəngilan şəhərinin azad edildiyi 20 oktyabr tarixi hər il ölkəmizdə "Zəngilan Şəhəri Günü" kimi təntənəli şəkildə qeyd olunur. Zəngilanın azad olunmasında rəşadət göstərmiş hərbi qulluqçular dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, minlərlə əsgər və zabit "Zəngilanın azad olunmasına görə" medalı və digər dövlət təltifləri ilə mükafatlandırılmışdır.
Müharibədən dərhal sonra Zəngilanda genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi. İşğaldan azad olunmuş ərazilərdə ilk "Böyük Qayıdış" məhz Zəngilanın Ağalı kəndinə reallaşdırıldı. Müasir texnologiyalarla təmin olunmuş "Ağıllı kənd" layihəsi çərçivəsində sakinlərin rahat yaşaması üçün bütün lazımi şərait yaradıldı. Bölgənin beynəlxalq nəqliyyat və loqistika qovşağına çevrilməsində 2022-ci ilin oktyabrında istifadəyə verilən Zəngilan Beynəlxalq Hava Limanı həlledici rol oynayır. Zəngilan, həmçinin dəmir yolu və avtomobil magistralı ilə Naxçıvan və Türkiyəni birləşdirəcək beynəlxalq Zəngəzur dəhlizinin mərkəzi nöqtəsidir. Eyni zamanda rayonda Bəsitçay Dövlət Təbiət Qoruğu bərpa olunur, su və günəş elektrik stansiyaları vasitəsilə ekoloji təmiz "yaşıl enerji" istehsalı həyata keçirilir.
20 oktyabr 2020-ci il tarixi təkcə bir rayonun azad olunması deyil, Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi yolunda atılmış ən böyük addımlardan biridir. Bu gün Zəngilan sürətlə bərpa olunan, müasir infrastruktura və strateji nəqliyyat imkanlarına malik, Qarabağ və Şərqi Zəngəzurun parlayan incisinə çevrilməkdədir.
Şamo Qasımov
YAP Laçın rayon təşkilatının sədr müavini