Prezident İlham ƏLİYEV: “İdmançılarımız ötən illər ərzində Paralimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında çoxsaylı qələbələr əldə etmişlər”
Sağlam bədəndə sağlam ruh olar, - deyiblər. Sağlamlıq xoşbəxt həyatın əsas şərti və təminatıdır. Əlbəttə ki, insan ruhunun sabitliyi, baş verən hadisələrə psixoloji baxımdan düzgün yanaşması fiziki sağlamlıq faktoru ilə sıx bağlıdır. Sağlamlıq ən böyük nemətlərdən olduğundan hər bir insan onu qorumağı bacarmalıdır. İdmanla məşğul olmaq insan sağlamlığının qorunmasında, ruh yüksəkliyinin artmasında müstəsnadır. Ölkəmizdə gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsi dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanıldığından bu sahənin inkişafı istiqamətində mühüm qərarlar verilir və sənədlər imzalanır. “Azərbaycanda idmanın və sağlam həyat tərzinin təşviq edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara ünvanladıgı müraciətındə bildirib.Qeyd edək ki, bu gün Azərbaycanda Olimpiya Hərakatı öz inkişaf dövrünü yaşayır. Dövlətin idmana olan qayğısı baxımından Azərbaycan dünyada öndə gedən ölkələr sırasındadır. Xüsusi olaraq vurğulayaq ki, Azərbaycanda idman hərəkatı Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra inkişaf etməyə başlayıb. Bununla da, demək olar ki, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Müasir dövrdə bu siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, Azərbaycan dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır. Azərbaycanda keçirilən dünya və Avropa çempionatları, bir daha sübut edir ki, həqiqətən də, Azərbaycanda idman uğurla və sürətlə inkişaf edir.Olimpiya Oyunları dedikdə, yalnız idman yarışlarını, idman həyatının insanlara bəxş etdiyi dəyərləri dar mənada yox, geniş və fəlsəfi anlayış kimi qəbul olunur. Olimpiya Oyunlarının böyüklüyü idmançıların təkcə yarışlarda göstərdikləri idman nəticələri deyil, bu oyunlarda idmançı mənəviyyatı, onun kamil bir insan kimi formalaşması prosesinin reallaşdırılması, onun müqəddəs ideyalara xidmət etməsindən irəli gəlir. Olimpiya Hərəkatı sülh və əmin-amanlıqla daim yanaşı durmuşdur.
“AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN TƏŞƏBBÜSÜ İLƏ 1996-CI İLİN FEVRAL AYINDA MİLLİ PARALİMPİYA KOMİTƏSİ TƏSİS EDİLMƏKLƏ, ÖLKƏMİZDƏ PARALİMPİYA HƏRƏKATININ SİSTEMLİ İNKİŞAFI ÜÇÜN ZƏMİN YARADILMIŞDIR”
Azərbaycanda Olimpiya Hərəkatının inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Belə ki, 1992-ci ildə Milli Olimpiya Komitəsi fəaliyyət göstərməyə başladı. 1997-ci ildən Milli Olimpiya Komitəsinə Cənab İlham Əliyev Sədr seçiləndən sonra Azərbaycanda Olimpiya Hərəkatı böyük vüsət almağa başladı. Bu illər ərzində, Milli Olimpiya Komitəsinin təşkilati və quruculuq işləri bir an belə səngimədi. Prezident İlham Əliyevin müraciətində bildirdiyi kimi, “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ilin fevral ayında Milli Paralimpiya Komitəsi təsis edilməklə, ölkəmizdə paralimpiya hərəkatının sistemli inkişafı üçün zəmin yaradılmışdır.” Azərbaycanın hər bir yerində yeni və müasir idman komplekslərinin tikintisinə başlanıldı. Azərbaycan Milli Olimpiya Komitəsi başqa Olimpiya komitələri üçün örnək oldu. 1998-ci ildə respublikamız ilk dəfə Qış Olimpiya Oyunlarına qatıldı. Yaponiyanın Naqano şəhərində keçirilən XVIII Qış Olimpiya Oyunlarında respublikamız 5 nəfər idmançı ilə dörd yarışda təmsil olundu. 2000-ci ildə Sidney Olimpiyadasında Azərbaycan idmançıları 2 qızıl, 1 bürünc medal qazandı. Azərbaycan komanda hesabına 199 ölkə arasında 34-cü, Avropa ölkələri arasında isə 23-cü oldu. Bu ölkənin Olimpiya Hərəkatı tarixində ən böyük uğuru idi. 2002-ci ildə Azərbaycan ikinci dəfə Qış Olimpiya Oyunlarının iştirakçısı oldu. Beləliklə, uğurlar və nailiyyətlər Azərbaycan idmançılarını adına yazılmağa başladı. Məlumdur ki, bu yaxınlarda Parisdə keçirilən Yay Olimpiya Oyunlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edərək, Azərbaycan Bayrağını ucaldıb və bütün xalqımızı sevindirdilər. Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almış Azərbaycan 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazandılar. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə diqqətlə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb.
“NAİLİYYƏTLƏR İDMANÇILARIMIZIN YÜKSƏK PEŞƏKARLIĞININ, İRADƏSİNİN VƏ ƏZMKARLIĞININ PARLAQ NÜMUNƏSİDİR”
Müasir dövrdə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün ən kütləvi vasitə idmandır. Paralimpiyaçılarımızın idmana olan sevgisi və yeni zirvələri fəth etmək arzusu minlərlə idmançının həyatına uğur gətirib. Azərbaycanın "Tokio-2020" Yay Paralimpiya Oyunlarında iştirakı və uğur qazanmaları Azərbaycan idman tarixində önəmli yer tutur. İdmanın 22 növü üzrə 529 dəst medal uğrunda keçrilən yarışlarda Azərbaycan millisinin 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə 19 medal qazanması böyük nailiyyət oldu. İdmançılarımız "Paris-2024" Yay Paralimpiya Oyunlarında iştirak etdilər. "Paris-2024" Yay Paralimpiya Oyunlarında da idmançılarımız uğur qazandılar. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. “Əlilliyi olan insanların sosial müdafiəsinin gücləndirilməsi və idman infrastrukturunun davamlı inkişafı paralimpiyaçılarımızın nailiyyətlərinin ildən-ilə artmasına əlverişli şərait yaratmışdır. Qürurverici haldır ki, idmançılarımız ötən illər ərzində Paralimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında çoxsaylı qələbələr əldə etmişlər. Məhz həmin nailiyyətlər idmançılarımızın yüksək peşəkarlığının, iradəsinin və əzmkarlığının parlaq nümunəsidir. Onların qazandıqları hər bir medal Azərbaycan xalqına sevinc bəxş etməklə yanaşı, əlilliyin insana idmanla məşğul olmağa maneə törətmədiyini bir daha sübut edir”, - deyə Prezident bildirib.
Əlbəttə ki, qazandığımız tarixi Zəfər hər bir azərbaycanlının başını uca edib, onları qürurlandırır. Bu gün dünya ölkələrinə müxtəlif məqsədlərlə səfər edən insanlarımız Qalib xalqın nümayəndəsi olaraq fəxarət hissi keçirirlər. Dünya arenasında idman ölkəsi kimi tanınan Azərbaycanın idmançıları bu gün yarışlara qalib ölkənin nümayəndələri kimi qatılırlar. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində qeyd etdiyi kimi, "Biz müstəqil ölkə kimi böyük idman yarışlarına qatılanda torpaqları işğal edilmiş ölkə kimi çıxış edirdik. Sübut etməli idik və sübut edirdik ki, bizim gücümüz də var, iradəmiz də var və beynəlxalq idman arenalarında göstərdiyimiz məharət, güc özünü döyüş meydanında da göstərəcək."Əlbəttə ki, xalqımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır. Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər mühiti formalaşıb. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına geniş imkanlar açıb. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Xalqımızın qəhrəmanlıq tarixini yazanlar da gənclərdir. Qazanılan uğurlar, bir daha onu sübut edir ki, hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsədi və məsuliyyəti dərk edir.İdman sahəsinə ayrılan diqqət və göstərilən qayğı gənclərin bu sahəyə olan marağını artırıb. ”Əminəm ki, Milli Paralimpiya Komitəsi bundan sonra da paralimpiya hərəkatının əsas dəyərləri – əzmkarlıq, həmrəylik, bərabərlik, inklüzivlik və qarşılıqlı hörmət prinsiplərini rəhbər tutaraq, ölkəmizdə bu sahənin daimi inkişafına və beynəlxalq idman arenalarında Dövlət Bayrağımızın yüksəldilməsinə mühüm töhfə verəcəkdir”, - deyə Prezident bildirib. Kütləvi olaraq bu sahəyə axın var. Prezidentin cıxışlarının birində bildirdiyi kimi, "Biz ləyaqətli xalqı və böyük hörmətə layiq olan ölkəni təmsil edirik. Siz idmançılar bundan sonra, sizdən sonra gələn nəsillər həmişə müzəffər ölkəni təmsil edəcəksiniz".
Zümrüd BAYRAMOVA