PDF Oxu

Siyasət

  • 1 269

“Azərbaycan və Türkiyə bir bədəndə iki candır, heç bir din bizi bir-birimizdən ayırmamalıdır” - ŞƏRH

“Azərbaycan və Türkiyə bir bədəndə iki candır, heç bir din bizi bir-birimizdən ayırmamalıdır” - ŞƏRH

"Təəssüflə qeyd etmək istərdim ki, Türkiyə ilə Azərbaycan cəmiyyətini üz-üzə gətirən, qarşı-qarşıya qoyan məsələlərdən biri İslam dinidir. Biz də müsəlmanıq, yəni xalqımızın böyük əksəriyyəti müsəlmandır. Türkiyə də müsəlman ölkəsidir". Bunu SİA-ya açıqlamasında siyasi ekspert Azər Həsrət deyib.onun sözlərinə görə, amma bizim insanlarımızın İslama, ümumiyyətlə, dinlərə baxışı fərqlidir, daha sağlamdır: "Yəni biz fanatizmdən, cəhalətdən, xurafatdan uzaq olmağa çalışırıq.Təəssüf ki, qardaş Türkiyədə din adı altında özlərini cəhalətə təslim etmiş bir kəsim var və bu kəsimdən anti-Türk mərkəzləri və xarici dövlətlər ustalıqla istifadə edərək bizi, türkləri, qarşı-qarşıya gətirirlər.Biz qardaş Türkiyə ilə münasibətlərdə həmişə demişik ki, heç bir din bizi ayıra bilməz, ayırmamalıdır. Ümumiyyətlə, dinlərə baxışlarımız bizi ayırmamalıdır. Amma Türkiyədəki həmin kəsim hesab edir ki, biz əvvəlcə müsəlmanıq, sonra türk. Biz də onlara sual veririk: 1400 il əvvəl İslam dini yox idi, yəni müsəlmanlıq yox idi. Onda biz kim idik? Əgər əvvəl müsəlman, sonra türk idiksə, İslam olmayanda kim idik?Bu sualın cavabını, təbii ki, o cahil kəsim verə bilmir, amma inadkarlıqla öz dediklərində dayanır. Biz buna da heç nə demirik, deyirik ki, bu sizin seçiminizdir, olsun. Lakin problem ondadır ki, bu adamlar "Əvvəl müsəlmanıq, sonra türk" deyərək Azərbaycanı kafir, mültət, münafiq olmaqda ittiham edirlər. Dövlətimizi də, Prezidentimizi də, xalqımızı da, ayrı-ayrılıqda bizim kimi fəalları da ittiham edirlər.Bax, son həftələr ərzində qardaş Türkiyədən ünvanıma yazılan söyüşlərin sayı-hesabı yoxdur. Özlərinə dindar deyirlər, özlərini din adamı, ağzı dualı insanlar kimi təqdim edirlər, amma yazdıqları ancaq söyüşdür, təhqirdir, küçə söyüşləridir. Öz ata-analarına, öz əzizlərinə yaraşdıra bilməyəcəkləri söyüşləri başqalarına yazırlar.Məndə də təəccüb yaranır ki, əgər siz doğrudan da din və mənəviyyat adamlarısınızsa, bizimlə mübahisənizi də mədəni şəkildə, mənəvi çərçivədə aparın. Niyə söyüşlə edirsiniz? Bu da onun göstəricisidir ki, deməli, kimsə ortalığı qarışdırır, o cahil, özünü dindar adlandıran, əslində isə kindar olan kəsimdən də ustalıqla istifadə edir ki, Türkiyə və Azərbaycan xalqlarını qarşı-qarşıya qoysun.Biz də çağırışlarımızı ona yönəldirik ki, gəlin, aldanmayaq, bir-birimizi söyməyək. Söyməyək deyəndə, mən, təbii ki, heç vaxt söyməmişəm, söymərəm də. Heç kimin söyüşünə söyüşlə cavab verməmişəm. Ümumiyyətlə, onların əksəriyyətinin troll hesabları olduğunu görürəm. Qarışdırmaq istəyənlərin olduğunu bildiyimə görə təmkinli davranıram, onların səviyyəsinə enmirəm.Amma bizi narahat edən, əslində, heç bu da deyil. Bizi ən çox narahat edən odur ki, bu proses, bu çirkin kampaniya davam edərkən qardaş Türkiyənin iqtidardakı AK Partiyası bu məsələlərə olduqca loyal yanaşır. Yəni «Bir dayanın!» demir, bunun qarşısını almaq üçün addım atmır. Nə dövlət, nə də partiyanın özü ciddi addım atır. Arabir bir açıqlama verib çəkilib otururlar yerlərində. Dövlət tərəfindən faktiki olaraq heç bir açıqlama verilmir. Yəni dövlət sakitcə seyr edir.Halbuki Rəcəb Tayyib Ərdoğanı azacıq tənqid edən kimi adamı tutub basırlar dama. Amma həftələrdir Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə seqmentində təhqir olunur, heç bir hərəkət yoxdur. Bu da bizi şübhələndirir. Biz düşünürük ki, çox güman, bu kampaniyanın arxasında AK Partiyanın özü də var. İstəməzdik belə olsun, amma belədirsə, biz də məcburiyyətdən cavab verməli oluruq.Ona görə də Yeni Azərbaycan Partiyası bir bəyanatla bu məsələyə reaksiya verdi, daha doğrusu, reaksiya verməyə məcburiyyətində qaldı.Demək istədiyim odur ki, bu proseslərin haradan qaynaqlandığını biz yaxşı başa düşürük. Türkiyə ictimaiyyətinə də bunu anlatmağa çalışırıq, amma o məlum kəsim bunu anlamamaqda israrlıdır. Bununla belə, sevindirici bir tərəf də var: bir sıra partiyalar və onların rəhbərləri açıq mətnlə Azərbaycanın mövqeyini dəstəkləyir, Azərbaycana iftira atanlara öz fikirlərini bildirir, onları tənqid edir və s.Yəni vəziyyət budur. Təbii ki, nə olmasından asılı olmayaraq, biz qardaş Türkiyədən vaz keçmədik, keçməyəcəyik də. Türkiyə bizim üçün qardaş ölkədir. Biz istənilən şəraitdə Türkiyəyə qarşı olmamışıq, indi də deyilik.Azərbaycan və Türkiyə bir bədəndə iki candır. Belə də davam edəcək".

Müəllif: Lətifə Musayeva

Digər xəbərlər