Bu gün "Əminlər Şirkəti"ndə Yeni Azərbaycan Partiyasının sədri, cənab Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı tarixi çıxışının mahiyyətinə və əhəmiyyətinə həsr olunmuş tədbir keçirilib.
Tədbir müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş əziz şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov bildirib ki, cənab Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı dərin məzmunlu çıxışı partiyamızın gələcək fəaliyyət istiqamətlərini və dövlətimizin strateji inkişaf hədəflərini müəyyən edən mühüm yol xəritəsidir. O qeyd edib ki, dövlət başçısının rəhbərliyi ilə əldə olunan tarixi zəfərlər, ölkəmizin iqtisadi qüdrətinin artması və azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri hər bir partiya fəalının üzərinə böyük məsuliyyət qoyur.
Daha sonra çıxış edən "Əminlər Şirkəti"nin direktoru Məmməd Mənsimov ölkədə özəl sektorun inkişafına, sahibkarlara göstərilən dövlət qayğısına görə cənab Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O vurğulayıb ki, kollektivin hər bir üzvü dövlətimizin iqtisadi potensialının güclənməsi və cənab Prezidentin qurultayda verdiyi tövsiyələrin icrası yönündə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə hazırdır.
Tədbirdə çıxış edən partiya fəalları Zülfüqar Məmmədov və Neymətağa Zeynalov Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi tərəqqisindəki aparıcı rolundan bəhs ediblər. Natiqlər cənab Prezident İlham Əliyevin siyasi kursunu fəal şəkildə dəstəklədiklərini, Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq ölkəmizin inkişafı naminə əzmlə çalışacaqlarını diqqətə çatdırıblar