Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nəticələri və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrlə bağlı YAP Neftçala rayon təşkilatının “Xıllı-2” və “Xıllı Balıq MMC” ərazi partiya təşkilatlarının üzvlərinin iştirakı ilə birgə iclas keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev çıxış edərək VIII Qurultayın siyasi əhəmiyyətindən, Prezident İlham Əliyevin nitqində ifadə olunan əsas müddəalardan və qarşıda duran vəzifələrdən danışıb. O, ərazi partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsinin, üzvlərin təşəbbüskarlığının və ictimai-siyasi fəallığının artırılmasının vacibliyini vurğulayıb. Partiya üzvlərinin çalışdıqları sahələrdə və yaşadıqları ərazilərdə fəal mövqe nümayiş etdirməsinin, əhali ilə davamlı ünsiyyətin və yerli təşəbbüslərin dəstəklənməsinin əhəmiyyətini qeyd edib.
VIII Qurultayın nümayəndəsi, “Neftçala-Gündoğar” qəzetinin baş redaktoru Bədirə Niftalıyeva çıxış edərək qurultayla bağlı təəssüratlarını bölüşüb. Prezident İlham Əliyevin nitqində səsləndirilən siyasi mesajların və müəyyənləşdirilən vəzifələrin partiya üzvləri üçün əhəmiyyətindən danışıb. Qurultayın nəticələrinin ictimaiyyətə dolğun çatdırılmasının, dövlətçilik dəyərlərinin təbliğinin və maarifləndirici fəaliyyətin ardıcıl aparılmasının vacibliyini vurğulayıb.
“Xıllı-2” ərazi partiya təşkilatının sədri, Xıllı qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru Rəhim İmanov çıxış edərək qurultaydan irəli gələn vəzifələrin yerinə yetirilməsində partiya üzvlərinin məsuliyyətindən bəhs edib. Ərazi partiya təşkilatında birgə fəaliyyətin, üzvlərlə müntəzəm əlaqələrin və ictimai təşəbbüslərin əhəmiyyətini qeyd edib. Heydər Əliyev irsinin, azərbaycançılıq ideologiyasının və milli-mənəvi dəyərlərin təbliğinə yönəlmiş işlərdə fəal iştirakın vacibliyini bildirib.