PDF Oxu

Siyasət

  • 614

Birgə Bəyanat və viza sazişi: əməkdaşlığın hüquqi təməli - ŞƏRH

Birgə Bəyanat və viza sazişi: əməkdaşlığın hüquqi təməli - ŞƏRH

Hər bir dövlətlərarası münasibət üçün siyasi iradə nə qədər vacibdirsə, bu iradənin hüquqi sənədlərdə təsbit olunması da bir o qədər əhəmiyyətlidir. Laos Prezidenti Thonqlun Sisulitin oktyabrın 13-də Azərbaycana rəsmi səfəri məhz bu baxımdan da yadda qalan hadisəyə çevrildi. Səfər çərçivəsində “Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat” qəbul olundu, iki ölkə arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi Prezident İlham Əliyevin və Prezident Thonqlun Sisulitin iştirakı ilə keçirildi.

Birgə Bəyanat bu sənədlər paketinin mərkəzində dayanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit bu sənədi birgə qəbul etdilər. Dövlətimizin başçısı mətbuata bəyanatında vurğuladı ki, qəbul edilmiş Birgə Bəyanat əslində iki ölkənin gələcək əməkdaşlığını özündə ehtiva edir və əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir. Başqa sözlə, bu sənəd Azərbaycan–Laos münasibətlərinin yaxın və orta müddətli perspektiv üçün yol xəritəsi rolunu oynayır.
Səfər zamanı aparılan müzakirələr Birgə Bəyanatın əhatə etdiyi sahələrin genişliyi barədə təsəvvür yaradır. Siyasi dialoq və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, parlamentlərarası və partiyalararası əlaqələr, ticarət və investisiyalar, nəqliyyat və bağlantılar, energetika, mədənçilik və kənd təsərrüfatı, təhsil və humanitar əməkdaşlıq, minalarla mübarizə sahəsində təcrübə mübadiləsi – bütün bu istiqamətlər dövlət başçılarının gündəliyində yer aldı. Laos Prezidenti də qəbul edilən sənədlərin əməkdaşlıq baxımından rəmzi məna daşıdığını xüsusi qeyd etdi.
Mübadilə olunan ikinci mühüm sənəd “Azərbaycan Respublikası Hökuməti ilə Laos Xalq Demokratik Respublikası Hökuməti arasında xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”dir. Sazişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Laosun Baş nazirinin müavini və xarici işlər naziri Tonqsavan Fomfihan mübadilə etdilər. Bu sənəd iki ölkənin xidməti pasport sahiblərinin qarşılıqlı səfərləri üçün viza tələbini aradan qaldırır və beləliklə, dövlət qurumları arasında təmasların daha çevik və operativ həyata keçirilməsinə şərait yaradır.
Viza sazişinin praktiki əhəmiyyəti səfər zamanı səslənən bəyanatlar fonunda daha aydın görünür. Laos Prezidenti bildirdi ki, investisiya, təhsil, enerji və Azərbaycan üçün maraq kəsb edən digər sahələrin genişləndirilməsində mühüm rol oynaya biləcək daha çox nazir göndərəcək ki, ətraflı müzakirələr davam etdirilsin. O, həmçinin vurğuladı ki, hökumətlər dövlət başçıları səviyyəsində əldə olunan razılaşmaların reallaşdırılmasında əsas hərəkətverici qüvvə olacaq. Məhz bu prosesdə nazirliklərin və dövlət qurumlarının nümayəndə heyətlərinin intensiv səfərləri zəruridir və viza sazişi bu səfərləri xeyli asanlaşdıracaq.
Sazişin mübadiləsində iştirak edən şəxslərin simvolikası da diqqət çəkir. Laos Prezidenti mətbuata bəyanatında xatırlatdı ki, Laosun Baş nazirinin müavini və xarici işlər naziri Tonqsavan Fomfihan Laosun sevimli sabiq Prezidenti Keyson Fomfihanın oğludur. O, bu faktı Azərbaycanın indiki Prezidentinin, Ulu Öndər Heydər Əliyevin oğlu İlham Əliyevin onunla üzbəüz əyləşməsi ilə müqayisə edərək nəsillər arasında davam edən dostluğun rəmzi kimi təqdim etdi.
Üçüncü sənəd – Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Laos Xalq Demokratik Respublikasının Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumudur. Bu sənədi Azərbaycanın Laosdakı səfiri Şövqi Mehdizadə ilə Laosun kənd təsərrüfatı və ətraf mühit naziri Linkham Duanqsavan mübadilə etdilər. Aqrar sahə hər iki ölkənin iqtisadiyyatında mühüm yer tutur və bu sahədə təcrübə mübadiləsi, birgə layihələr və ticarətin genişlənməsi üçün geniş imkanlar mövcuddur.
Qəbul olunan sənədlərin ümumi məntiqi aydındır: siyasi səviyyədə əldə olunan razılaşmalar konkret hüquqi mexanizmlərlə dəstəklənir. Birgə Bəyanat strateji istiqamətləri müəyyənləşdirir, viza sazişi rəsmi təmasların təşkilatı tərəfini asanlaşdırır, kənd təsərrüfatı memorandumu isə sahəvi əməkdaşlıq üçün konkret çərçivə yaradır. Bu kompleks yanaşma əməkdaşlığın yalnız bəyanatlar səviyyəsində qalmayacağını, real nəticələrə çevriləcəyini göstərir.
Qeyd etmək lazımdır ki, Azərbaycan son illərdə müxtəlif ölkələrlə viza rejiminin sadələşdirilməsinə dair bir sıra sazişlər imzalayıb və bu sənədlər həm rəsmi, həm də işgüzar təmasların genişlənməsinə real təsir göstərib. Laos ilə mübadilə olunan saziş də bu siyasətin davamıdır. Bu tip sənədlər ölkələr arasında qarşılıqlı etimadın göstəricisi olmaqla yanaşı, gələcəkdə daha geniş kateqoriyalar üçün viza rejiminin yüngülləşdirilməsi barədə müzakirələrə də zəmin yarada bilər.
Bundan əlavə, Laos Prezidentinin səfəri çərçivəsində Milli Məclisin sədri və Baş nazirlə görüşlərin nəzərdə tutulması qəbul edilən sənədlərin icrasının müxtəlif səviyyələrdə izləniləcəyini göstərir. Qanunverici orqanlar arasında əməkdaşlıq beynəlxalq sənədlərin təsdiqi və icrası baxımından da mühüm rol oynayır.
Prezident İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, görüşlərdə bir çox önəmli məsələlər müzakirə olunub və konkret addımlar müəyyən edilib. Qəbul edilən sənədlər bu addımların hüquqi təməlini təşkil edir. Əminliklə demək olar ki, Birgə Bəyanat və onu müşayiət edən sazişlər Azərbaycan–Laos münasibətlərinin yeni, daha məzmunlu mərhələsinin başlanğıcı kimi tarixə düşəcək.

Günay Mehdiyeva,

YAP Nəsimi rayon təşkilatının əməkdaşı

Digər xəbərlər