Müasir Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmlənməsi prosesində siyasi partiyaların, xüsusilə də aparıcı siyasi qüvvə kimi Yeni Azərbaycan Partiyasının (YAP) rolu müstəsna əhəmiyyət kəsb edir. 1992-ci il noyabrın 21-də Naxçıvanda əsası qoyulan bu siyasi təşkilat qısa zamanda sadəcə bir partiya çərçivəsindən çıxaraq, ölkənin ictimai-siyasi sabitliyinin və milli həmrəyliyinin əsas dayağına çevrilmişdir. Ümummilli Lider Heydər Əliyevin ideyaları üzərində qurulan YAP ötən illər ərzində həm tarixi sınaqlardan uğurla çıxmış, həm də Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirən aparıcı siyasi mərkəz statusunu qorumuşdur.Partiyanın yaranmasını şərtləndirən amillər XX əsrin sonlarında ölkədə hökm sürən mürəkkəb tarixi-siyasi reallıqlarla birbaşa bağlı idi. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda dərinləşən iqtisadi tənəzzül, hakimiyyət böhranı və cəmiyyətdəki qeyri-müəyyənlik yeni, güclü və xalqın etimadını qazana biləcək siyasi birliyin formalaşmasını qaçılmaz edirdi. Məhz bu taleyüklü məqamda — 1992-ci il oktyabrın 16-da ölkənin tanınmış ziyalılarından ibarət “91-lər” hərəkatı Heydər Əliyevə müraciət edərək, yeni siyasi partiyaya liderlik etməsini xahiş etdi. Ziyalıların bu təşəbbüsü cəmiyyətin sosial sifarişini əks etdirməklə yanaşı, Azərbaycanın siyasi mədəniyyət tarixində dövlətçilik naminə birləşməyin bariz nümunəsi oldu.Heydər Əliyevin həmin müraciətə verdiyi müsbət cavab ölkədə demokratik prinsiplərin və siyasi plüralizmin bərqərar olması yolunda mühüm mərhələnin başlanğıcını qoydu. 1992-ci il noyabrın 21-də Naxçıvanda respublikanın bütün bölgələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə keçirilən təsis konfransı Yeni Azərbaycan Partiyasının rəsmi fəaliyyətinə start verdi. Konfransda partiyanın əsas sənədləri — Nizamnamə və Proqram qəbul edildi, Heydər Əliyev yekdilliklə sədr seçildi, eyni zamanda idarəetmə strukturları formalaşdırıldı. Bu hadisə ölkənin siyasi sistemində institusional sabitliyin bünövrəsini qoymaqla yanaşı, sonrakı onilliklərin inkişaf kursunu müəyyən etdi.Yarandığı ilk dövrlərdən etibarən ümumxalq partiyası kimi fəaliyyət göstərən YAP cəmiyyətin bütün təbəqələrini, müxtəlif etnik və sosial qrupların nümayəndələrini vahid milli maraqlar ətrafında birləşdirməyə nail oldu. Qanunvericilik çərçivəsində fəaliyyət göstərən partiya ölkədə sivil siyasi mübarizə və konstruktiv dialoq ənənələrinin formalaşmasına töhfə verdi. 2005-ci ildə keçirilən III qurultayda Prezident İlham Əliyevin partiyanın sədri seçilməsi YAP-ın siyasi kursunda varisliyi təmin etdi və təşkilatın müasir çağırışlara uyğun yenilənməsi prosesini sürətləndirdi.Müasir dövrün tələblərinə uyğun olaraq partiyanın struktur və ideoloji bazası mütəmadi şəkildə təkmilləşdirilir. 2021-ci il martın 5-də baş tutan VII qurultay bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Qurultayda yenilənmiş Nizamnamənin qəbul edilməsi, yeni İdarə Heyətinin və Veteranlar Şurasının yaradılması, eləcə də Mehriban Əliyevanın partiya sədrinin birinci müavini təyin olunması idarəetmənin səmərəliliyini əhəmiyyətli dərəcədə artırdı. Bu islahatlar partiyanın yalnız daxili təşkilatlanmasını deyil, həm də dövlət və cəmiyyət həyatındakı modernləşmə proseslərindəki rolunu gücləndirdi.
Yeni Proqramda partiyanın fəaliyyət fəlsəfəsi və uzunmüddətli hədəfləri aydın şəkildə ifadə olunmuşdur. Azərbaycançılıq ideologiyası, müstəqilliyin qorunması, hüququn aliliyi, sosial ədalət və multikultural dəyərlər bu strateji sənədin əsas sütunlarını təşkil edir. Partiya daxilində peşəkarlıq, etik prinsiplər, innovativ yanaşma və sağlam rəqabət mühitinin təşviqi əsas meyarlar kimi müəyyən edilmişdir. Eyni zamanda, davamlı iqtisadi inkişaf, vətəndaş cəmiyyətinin gücləndirilməsi, milli-mədəni irsin qorunması, ordu quruculuğu və işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdışın təmin edilməsi partiyanın gündəliyində duran prioritet istiqamətlərdir.
YAP-ın cəmiyyətdəki nüfuzu və siyasi çəkisi ilə öz real təsdiqini tapmışdır. 2024-cü il prezident seçkilərində İlham Əliyevin 92,12 faiz səslə inamlı qələbə qazanması, həmin ilin parlament seçkilərində partiyanın 68 deputat mandatı əldə etməsi və 2025-ci il bələdiyyə seçkilərində qazanılan yüksək nəticələr xalqın bu siyasi kursa olan yüksək etimadının göstəricisidir. Bununla yanaşı, partiya ölkədə siyasi dialoqun dərinləşdirilməsinə və beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinə xüsusi önəm verir.
Ümumilikdə, Yeni Azərbaycan Partiyası bu gün ölkənin siyasi sistemində sabitliyin, milli birliyin və davamlı tərəqqinin əsas təminatçılarından biri kimi çıxış edir. Tarixi təcrübəni müasir idarəetmə prinsipləri ilə uzlaşdıran partiya Azərbaycanın dövlətçilik ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.
Yeni Azərbaycan Partiyası -dünənin,bu günün,sabahın partiyasıdır!
Sevinc Həsənova
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Kimya İnstitutu PHŞ
Strateji inkişaf,qiymətləndirmə və monotorinq sektor müdiri
YAP Yasamal rayon Ərazi Partiya Təşkilatının sədri