Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələr mövzusunda AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, "Nizami küçəsi 30" (Naxçıvan MR Şəhərsalma və Arxitektura Komitəsi), "Heydər Əliyev prospekti 14" (Naxçıvan MR Dövlət Arxiv İdarəsi), "Atatürk 1" (Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) və “Əziz Əliyev 120” (Naxçıvan MR Səhiyyə Nazirliyi) ünvanında yerləşən ərazi partiya təşkilatında tədbirlər keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirlərdə çıxış edən natiqlər vurğulayıb ki, Yeni Azərbaycan Partiyası 1992-ci ilin noyabrında ölkənin son dərəcə çətin və ağır bir dövründə Naxçıvan şəhərində yaradılıb. Həmin dövrün mürəkkəb tarixi şəraitindən, Ermənistanın torpaqlarımızı işğalından, daxildə isə dərin qarşıdurmaların və idarəolunmaz böhranın hökm sürdüyündən danışan natiqlər bildirib ki, cəmiyyətin qabaqcıl ziyalıları və nümayəndələri Azərbaycanı düşdüyü çıxılmaz vəziyyətdən yalnız Ulu Öndər Heydər Əliyevin xilas edə biləcəyini dərk edərək ona müraciət etmiş, 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider əvvəlcə atəşkəs rejiminin əldə olunmasını təmin etmiş, ardınca isə ölkənin iqtisadi müstəqilliyinin təməlini qoyan tarixi “Əsrin müqaviləsi”ni imzalamışdır.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməsi, ölkə başçısının qətiyyətli və müdrik siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə nüfuz sahibi bir dövlətə çevrilib.
Prezidentin çıxışında vurğulandığı kimi, vaxtilə “Qarabağ Ermənistandır” deyənlərin bu gün “Qarabağ Azərbaycandır” reallığı ilə barışdığını və ölkəmizin ərazi bütövlüyünün rəsmi olaraq tanındığını bildirən natiqlər, dövlət başçısının sosial-iqtisadi inkişaf, təhsil, yüksək elmi biliklərə malik kadrların hazırlanması və milli təhlükəsizliyin qorunması ilə bağlı irəli sürdüyü hədəflərin əhəmiyyətini qeyd ediblər.
YAP-ın VIII qurultayının məhz yeni geosiyasi şəraitdə gerçəkləşməsi Zəfər tariximizin başlıca nəticələrinin real təhlili və qazanılan uğurların davamlılığının təmin olunmasını şərtləndirən prioritet vəzifələrin müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Qurultayın Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirildiyini vurğulayaraq bu yeni geosiyasi reallığın arxasında xalqın dövlət və ordu ətrafında sıx birləşməsi, milli və dövlətçilik dəyərlərinə sədaqət, həmçinin qəhrəman şəhidlərimizin və qazilərimizin timsalında nümayiş etdirilən yüksək vətənpərvərlik amillərinin dayandığını bildiriblər.
Tədbirdə YAP fəallarının ölkənin inkişafındakı rolu yüksək qiymətləndirilib və qarşıda duran vəzifələrin layiqincə yerinə yetiriləcəyinə əminlik ifadə olunub.