PDF Oxu

Siyasət

  • 693

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr Şıxakəran kəndində müzakirə olunub - ŞƏRH

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr Şıxakəran kəndində müzakirə olunub - ŞƏRH

Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüş keçirilib. Tədbir Şıxakəran kənd tam orta məktəbinin akt zalında təşkil olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşü giriş sözü ilə açan Şıxakəran ərazi partiya təşkilatının sədri Əsədzadə Asif YAP-ın VIII Qurultayında müəyyənləşdirilən hədəflərin ölkənin siyasi, iqtisadi və sosial inkişafı baxımından əhəmiyyətindən danışıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin Azərbaycanın qarşısında yeni inkişaf imkanları açdığını qeyd edib. Asif Əsədzadə vurğulayıb ki, partiya üzvləri qurultayda qarşıya qoyulan vəzifələrin mahiyyətini dərindən mənimsəməli, dövlətçilik dəyərlərinin qorunması və təbliği istiqamətində fəal mövqe nümayiş etdirməlidirlər.

YAP Lənkəran rayon təşkilatının sədr müavini Əlövsət Qurbanov çıxışında VIII Qurultayın partiyanın qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində mühüm mərhələ olduğunu bildirib. O, ölkəmizin əldə etdiyi uğurların möhkəm siyasi iradənin, xalq-iqtidar birliyinin və ardıcıl dövlət siyasətinin nəticəsi olduğunu diqqətə çatdırıb. Əlövsət Qurbanov qeyd edib ki, hər bir partiya üzvü Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının həyata keçirilməsinə öz fəaliyyəti ilə töhfə verməli, cəmiyyətdə milli həmrəyliyin, vətənpərvərlik ruhunun və dövlətə bağlılığın gücləndirilməsinə çalışmalıdır. O, xüsusilə gənc nəslin dövlətçilik ruhunda tərbiyəsinin, milli-mənəvi dəyərlərə hörmətin və ictimai məsuliyyətin artırılmasının vacibliyini vurğulayıb.

Şıxakəran kənd tam orta məktəbinin direktoru Elnur Kərimov çıxışında təhsil müəssisələrinin gənc nəslin dünyagörüşünün formalaşmasında və vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynadığını bildirib. O qeyd edib ki, müasir təhsil yalnız bilik və bacarıqların aşılanması ilə məhdudlaşmamalı, eyni zamanda şagirdlərdə milli kimliyə bağlılıq, dövlətçilik düşüncəsi və cəmiyyət qarşısında məsuliyyət hissi formalaşdırmalıdır. Elnur Kərimov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsinin inkişafına göstərilən diqqətin əhəmiyyətini vurğulayaraq, gənclərin savadlı, fəal və vətənpərvər vətəndaşlar kimi yetişməsinin Azərbaycanın gələcəyi üçün əsas şərtlərdən biri olduğunu qeyd edib.

YAP fəalı Adilə Cavadova çıxışında partiyanın VIII Qurultayında səsləndirilən çağırışların gündəlik fəaliyyət üçün mühüm istiqamət müəyyən etdiyini bildirib. O, partiya üzvlərinin ictimai proseslərdə fəal iştirakının, əhali arasında maarifləndirmə işlərinin aparılmasının və dövlətin həyata keçirdiyi siyasətin mahiyyətinin düzgün izah edilməsinin vacibliyini diqqətə çatdırıb. Adilə Cavadova qeyd edib ki, partiyanın nüfuzunun daha da möhkəmlənməsi hər bir üzvün məsuliyyətli davranışından, təşəbbüskarlığından və fəaliyyətində nümayiş etdirdiyi nümunədən asılıdır.

Digər YAP fəalı Günel Eyvazova çıxışında milli-mənəvi dəyərlərin qorunması, ailə və cəmiyyət münasibətlərində sağlam prinsiplərin təşviqi, eləcə də gənclərin ictimai fəallığının artırılması məsələlərinə toxunub. O bildirib ki, dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsi hər kəsin üzərinə düşən mühüm vəzifələrdəndir. Günel Eyvazova vurğulayıb ki, gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakı, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, həmçinin vətənpərvərlik ruhunda yetişdirilməsi Azərbaycanın davamlı tərəqqisinə xidmət edir.

YAP fəalı Sadiq Quliyev isə çıxışında qurultayda müəyyənləşdirilən vəzifələrin uğurla həyata keçirilməsi üçün birlik, həmrəylik və ardıcıl fəaliyyətin əhəmiyyətini qeyd edib. O, partiya üzvlərinin fəaliyyət göstərdikləri kollektivlərdə fəallıqları, məsuliyyətli mövqeləri və cəmiyyətə faydalı təşəbbüsləri ilə seçilməli olduqlarını bildirib. Sadiq Quliyev əlavə edib ki, ölkənin qazandığı nailiyyətlərin qorunması və yeni uğurların əldə olunması üçün hər bir vətəndaş öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.

Görüş çərçivəsində YAP-ın VIII Qurultayında müəyyənləşdirilən strateji hədəflər, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritetləri, dövlətçilik ideologiyasının təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, partiya üzvlərinin ictimai fəallığının artırılması və milli həmrəyliyin möhkəmləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonda qeyd olunub ki, qurultayda qarşıya qoyulan vəzifələrin reallaşdırılması hər bir partiya üzvünün fəallığından, məsuliyyətindən və ümumi məqsədlərə verdiyi töhfədən asılıdır. Dövlətə sədaqət, milli maraqların qorunması və cəmiyyətin inkişafına xidmət edən təşəbbüslərin dəstəklənməsi ölkəmizin gələcək uğurlarının əsasını təşkil edir.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb

Digər xəbərlər