PDF Oxu

Siyasət

  • 521

25 Oktyabr – Qubadlı Şəhəri Günü Azərbaycanın tarixi zəfər salnaməsində özünəməxsus yer tutur - ŞƏRH

25 Oktyabr – Qubadlı Şəhəri Günü Azərbaycanın tarixi zəfər salnaməsində özünəməxsus yer tutur - ŞƏRH

Azərbaycanın müasir tarixində elə günlər var ki, onlar yalnız təqvimdə bir tarix deyil, bütöv bir xalqın yaddaşına həkk olunmuş qürur, azadlıq və milli iradə rəmzidir. 25 Oktyabr – Qubadlı Şəhəri Günü də məhz belə əlamətdar tarixlərdəndir. Bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsinin, dövlətimizin qətiyyətli siyasətinin və xalqımızın sarsılmaz birliyinin təcəssümüdür. Qubadlının azad edilməsi uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların arzularına qovuşması, tarixi ədalətin bərpası və yeni inkişaf mərhələsinin başlanması deməkdir. Qubadlı rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biri olmaqla zəngin təbiəti, əlverişli coğrafi mövqeyi, tarixi-mədəni irsi və zəhmətkeş insanları ilə seçilir. Lakin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Qubadlı uzun illər işğal altında qalmış, rayon sakinləri doğma ev-eşiklərindən didərgin düşmüşlər. İşğalın ağır nəticələri yaşayış məntəqələrinin dağıdılmasında, təsərrüfat həyatının pozulmasında və tarixi-mədəni irsin zərər görməsində özünü göstərmişdir. Azərbaycanın ərazi bütövlüyünün bərpası dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri olmuşdur. Ölkəmizin iqtisadi və hərbi potensialının gücləndirilməsi, müdafiə qabiliyyətinin artırılması və milli maraqlara əsaslanan siyasətin həyata keçirilməsi bu məqsədə çatmaq üçün mühüm zəmin yaratmışdır.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın tarixində yeni mərhələnin əsasını qoydu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızın azadlığı uğrunda misilsiz qəhrəmanlıq nümayiş etdirdi. Döyüş meydanında əsgər və zabitlərimizin göstərdiyi şücaət, hərbi peşəkarlıq və yüksək döyüş ruhu xalqımızın qələbə əzmini bütün dünyaya nümayiş etdirdi. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsi Vətən müharibəsinin mühüm hərbi-strateji uğurlarından biri oldu. Qubadlının azadlığı həm hərbi baxımdan mühüm nailiyyət, həm də illərlə yurd həsrəti çəkən insanların mənəvi qələbəsi idi.
Prezident İlham Əliyev Qubadlının azad edilməsinin əhəmiyyətini belə ifadə etmişdir: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”. Bu sözlər Qubadlının azadlığının mahiyyətini aydın ifadə edir. Çünki torpağın azadlığı yalnız ərazi üzərində nəzarətin bərpası deyil, həm də insanların doğma yurdla bağlı hüquqlarının, ümidlərinin və gələcək arzularının gerçəkləşməsidir. Qubadlının azadlığı uğrunda mübarizədə şəhidlərimizin fədakarlığı və qazilərimizin qəhrəmanlığı xüsusi ehtiramla xatırlanmalıdır. Şəhidlərimizin əziz xatirəsini yaşatmaq, qazilərimizə diqqət və qayğı göstərmək, onların qəhrəmanlıq nümunələrini gənc nəslə çatdırmaq cəmiyyətimizin mənəvi məsuliyyətidir. Qələbədən sonra qarşıda duran əsas vəzifələrdən biri azad edilmiş ərazilərin bərpası, müasir infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı üçün zəruri şəraitin təmin edilməsi olmuşdur. Məqsəd yalnız dağıdılmış əraziləri bərpa etmək deyil, həm də insanların rahat yaşaya, işləyə və gələcək planlarını həyata keçirə biləcəkləri müasir yaşayış məkanları yaratmaqdır.
Prezident İlham Əliyevin 2021-ci il oktyabrın 25-də Qubadlıya səfəri rayonun gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşımışdır. Səfər zamanı Xanlıq–Qubadlı yolunun təməlqoyma mərasimi keçirilmiş, “Qubadlı” yarımstansiyasının açılışı olmuş, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışı həyata keçirilmişdir. Bu layihələr azad edilmiş ərazilərdə həyatın bərpasının müxtəlif istiqamətlərini əhatə edir. Yol infrastrukturu nəqliyyat əlaqələrinin genişlənməsinə, enerji təminatı iqtisadi fəaliyyətin inkişafına, sərhəd mühafizəsi infrastrukturu isə dövlət təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. Belə layihələr Qubadlının təkcə yaşayış məntəqəsi kimi deyil, iqtisadi və sosial baxımdan inkişaf edən rayon kimi formalaşması üçün əsas yaradır. Ümumilikdə 79 812 hektar torpaq fonduna malik Qubadlı rayonu kənd təsərrüfatı, heyvandarlıq və digər iqtisadi fəaliyyət sahələrinin inkişafı üçün əhəmiyyətli potensiala sahibdir. Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin yaradılması da bərpa prosesinin mühüm istiqamətlərindəndir. Müasir inkişafla tarixi irsin uzlaşdırılması Qubadlının özünəməxsus simasının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini

Digər xəbərlər