PDF Oxu

Siyasət

  • 750

Milli iradənin və tarixi ədalətin təntənəsi - ŞƏRH

Milli iradənin və tarixi ədalətin təntənəsi - ŞƏRH

20 Oktyabr-Zəngilan şəhəri günü Azərbaycanın müasir tarixində milli iradənin, ərazi
bütövlüyünün bərpasının və azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq
siyasətinin təcəssüm etdiyi əlamətdar tarixlərdən biridir. Bu gün Zəngilanın işğaldan
azad olunması ilə qazanılmış tarixi Zəfəri, xalqımızın doğma torpaqlara qayıdış əzmini
və dövlətimizin Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində həyata
keçirdiyi ardıcıl siyasəti bir daha xatırladır.
Zəngilanın azad edilməsi yalnız hərbi-strateji baxımdan mühüm qələbə deyil, həm də
Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ərazi bütövlüyünün təmin olunması
istiqamətində tarixi nailiyyətlərindən biridir. 2020-ci il sentyabrın 27-də başlayan
Vətən müharibəsi Azərbaycan xalqının tarixi ədalətin bərpası uğrunda mübarizəsinin
həlledici mərhələsi oldu. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində işğal altında olan ərazilərimizin azad edilməsinə başlanıldı. Cəbrayıl
istiqamətində qazanılan uğurlar Zəngilan rayonunun azadlığına aparan yolun açılmasında mühüm rol oynadı. Oktyabrın 18-də Zəngilan istiqamətində başlanan
əməliyyatlar qısa müddətdə əhəmiyyətli nəticələr verdi və 2020-ci il oktyabrın 20-də
cənab Prezident xalqa müraciətində Zəngilan şəhərinin, Havalı, Zərnəli,
Məmmədbəyli, Həkəri, Şərifan və Birinci Muğanlı kəndlərinin işğaldan azad edildiyini
elan etdi. Sonrakı döyüşlər nəticəsində rayonun dörd qəsəbəsi və 49 kəndi də azad
olundu. Zəngilanın azad edilməsi Azərbaycan Ordusunun döyüş qabiliyyətinin,
peşəkarlığının, yüksək mənəvi ruhunun və müasir hərbi strategiyasının təntənəsi idi.
Bu qələbə, eyni zamanda, dövlətimizin qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün
siyasi iradəsinin, hərbi gücünün və xalq-ordu birliyinin nümayişi oldu. Vətən
müharibəsində əldə edilmiş Zəfər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış
sərhədləri daxilində suverenliyinin və ərazi bütövlüyünün bərpası üçün həlledici
mərhələ təşkil etdi. Zəngilanın azad olunması ilə Azərbaycan-İran dövlət sərhədinin
işğal altında qalmış 132 kilometrlik hissəsi də bərpa edildi. Bu hadisə hərbi-siyasi
əhəmiyyəti ilə yanaşı, dövlət sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi və
regionda yeni nəqliyyat-kommunikasiya imkanlarının formalaşdırılması baxımından
da mühüm nəticə idi. Sərhəd boyunca müvafiq mühafizə və müdafiə infrastrukturunun
qurulması Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi istiqamətində atılan
addımların tərkib hissəsinə çevrildi. Zəngilanın tarixi taleyi regionun mürəkkəb siyasi
və geosiyasi prosesləri ilə sıx bağlıdır.
Zəngilan şəhər məscidinin işğal dövründə dağıdılması və təhqir olunması dini-mədəni
irsimizə qarşı törədilmiş vandalizmin bariz nümunələrindəndir. XIX əsrdə inşa edilmiş
tarixi məscid işğal zamanı ilkin görkəminin böyük hissəsini itirmiş, ondan təyinatına
uyğun olmayan şəkildə istifadə edilmişdir. Ərazilərimiz azad olunduqdan sonra
Heydər Əliyev Fondunun dəstəyi ilə burada bərpa və yenidənqurma işləri həyata
keçirilmiş, tarixi məscidin konservasiyası ilə yanaşı, yeni məscid binası inşa
olunmuşdur. 2024-cü il mayın 18-də məscidin açılışı Zəngilanın dini və mədəni
həyatının dirçəldilməsi istiqamətində əhəmiyyətli hadisə olmuşdur.
Bu istiqamətdə həyata keçirilən işlər Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə
mədəni irsin qorunmasına verdiyi önəmi nümayiş etdirir. Tarixi abidələrin bərpası, dini
məkanların yenidən istifadəyə verilməsi və mədəni irsin gələcək nəsillərə çatdırılması
dövlətin bərpa siyasətinin mühüm istiqamətlərindəndir. Bu fəaliyyət həm də beynəlxalq ictimaiyyətə mədəni irsin qorunmasının və işğalın humanitar nəticələrinin aradan qaldırılmasının vacibliyini göstərir. Zəngilanın işğalı zamanı rayon sakinləri ağır sınaqlarla üzləşdilər. Füzuli və Cəbrayıl rayonlarının işğalından sonra mühasirə şəraitində qalan zəngilanlılar 67 gün ərzində müqavimət göstərdilər. 1993-cü il oktyabrın 25-dən 29-dək davam edən ağır hadisələr zamanı əhali son imkanlarınadək mübarizə apardı. Nəticədə, 235 nəfər şəhid oldu və ya itkin düşdü, sakinlər Araz çayını keçərək İran ərazisindən Azərbaycana qayıtdılar və ölkənin 43 rayonunda müvəqqəti məskunlaşmağa məcbur oldular. Bu faciə minlərlə insanın həyatında dərin iz buraxdı, ailələri doğma torpaqlarından didərgin saldı və nəsillərin yaddaşında ağrılı bir tarixə çevrildi.

Zəngilanın azad edilməsindən sonra qarşıda duran əsas vəzifə ərazinin bərpası, iqtisadi potensialının yenidən reallaşdırılması və keçmiş məcburi köçkünlərin doğma
torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin olunmasıdır. Dövlət başçısının
azad edilmiş ərazilərə mütəmadi səfərləri, burada həyata keçirilən infrastruktur
layihələri ilə tanış olması və yeni obyektlərin təməlqoyma və açılış mərasimlərində
iştirakı bərpa prosesinin sistemli və ardıcıl xarakter daşıdığını göstərir.
Bu gün Zəngilanda bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə
Zəngilanın Ağalı kəndində icra edilib, burada 200 evdən ibarət gözəl kənd salınıb.
Kəndin genişləndirilərək əlavə 150 fərdi ev inşa edilib. Burada məşğulluq, məktəb,
bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə
dəstək xidmətləri mövcuddur. 2022-ci ilin may ayından Ağalı kəndinin ilk sakinləri
doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın
ən müasir kəndlərindən biridir.
Hazırda Zəngilanda bir sıra logistik layihələr həyata keçirilir. Böyük strateji
əhəmiyyəti olan Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası aparılır. Bu dəmir
yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması
üçün böyük əhəmiyyətə malik olacaq. Zəngilanda inşa olunmuş hava limanı bu bölgəni
beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradıb. Buradan
dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Ümumi uzunluğu
124 kilometr olan Zəngilan-Horadiz avtomobil yolunun çəkilişı başa çatıb.
2023-cü il oktyabrın 6-da Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında
İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi
Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni
kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu”
çərçivəsində avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə
sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirilib və tikinti işlərinə
başlanılıb. Avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun göstəricilərinin
ölkələrin ərazisindən keçən tranzit yükdaşımalarının artımına və Naxçıvan Muxtar
Respublikasına gediş-gəlişin asanlaşdırılmasına xidmət göstərəcək. Belə ki, 7 gediş-
gəliş xətti olacaq dövlət sərhədindən buraxılış məntəqəsinin, eləcə də avtomobil
körpüsünün gündəlik qəbul edə biləcək yük-nəqliyyat vasitələrinin sayı ən azı 1 100
təşkil edəcək.
Zəngəzur dəhlizinin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar
Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın qədim Zəngəzura yenidən
qayıdışını təmin edəcəkdir.
Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən
şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Sərəncam işğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır. Bu gözəl bayram Zəngilanda böyük coşqu ilə qeyd edilir.

Şövqi Həsənov,
YAP Şəmkir rayon təşkilatı Aparatının əməkdaşı

Digər xəbərlər