PDF Oxu

Siyasət

  • 758

30 illik həsrətə son qoyan şanlı tarix.

30 illik həsrətə son qoyan şanlı tarix.

Qubadlı rayonu 1993-cü il avqustun 31-də mənfur düşmən tərəfindən işğal edilmiş, yerli əhali öz doğma yurdundan didərgin salınmış və şəhər tamamilə dağıdılaraq xarabazara çevrilmişdi. Uzunmüddətli işğala 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi ilə son qoyuldu.Müharibənin 29-cu günü — 25 oktyabr tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa Qubadlı şəhərinin və ətraf kəndlərin düşmən tapdağından təmizlənməsi müjdəsini verdi. Cəbrayıl və Zəngilan rayonlarının ardınca həyata keçirilən Qubadlı əməliyyatı hərbi baxımdan strateji dönüş nöqtələrindən biri oldu. Dağlıq və çətin relyefə malik olan Qubadlının azad edilməsi, Laçın dəhlizinə və Hadrut-Şuşa istiqamətinə gedən yollarda ordumuzun manevr imkanlarını maksimum dərəcədə genişləndirdi.Qubadlının azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi həm dövlətimiz,həm də xalqımız tərəfindən hər zaman uca tutulur. Bu şanlı döyüşlərdə şəxsi igidlik və şücaət göstərmiş 15 mindən çox hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib. Uca Tanrıdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm!
2020-ci il dekabrın 23-də dövlət başçısı,Müzəffər Ali Baş Komandan İlham Əliyev səfəri çərçivəsində Qubadlı şəhərində üçrəngli Azərbaycan bayrağını ucaldaraq, bu torpaqların əbədi sahiblərinə qayıtdığını bəyan etdi.
Bu gün azad Qubadlı artıq sadəcə tarixi bir zəfər xatirəsi deyil, həm də sürətli bərpa, tikinti və dirçəliş mərkəzidir. Dövlətin xüsusi diqqət və qayğısı altında rayonda irimiqyaslı layihələr icra olunur.Bölgənin gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edən Qubadlı-Eyvazlı və yeni Qubadlı-Laçın avtomobil yollarının inşası sürətlə davam etdirilir.Qubadlı şəhərinin ilk müasir yaşayış məhəlləsinin, həmçinin Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli atılaraq, sakinlərin mərhələli şəkildə öz dədə-baba yurdlarına köçürülməsi üçün hər cür şərait qurulur.
25 oktyabr hər il ölkəmizdə Qubadlı Şəhəri Günü kimi böyük qürur və təntənə ilə qeyd olunur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilən bu əlamətdar gün, təkcə bir şəhərin azad olunması,Qubadlı əhalisinin sevinci deyil, bütöv bir xalqın əyilməz iradəsinin və tarixi ədalətin bərpası bayramıdır.
Qubadlı Şəhəri Günü hər bir azərbaycanlı üçün milli qürur günüdür. Göylərdə dalğalanan üçrəngli bayrağımız və bölgəyə yenidən qayıdan həyat sübut edir ki, Qubadlı əbədi olaraq Azərbaycandır!
Elçin Salahov
YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər