20 Oktyabr – Zəngilan Şəhəri Günü xalqımızın yaddaşında tarixi Zəfərin, milli birliyin və doğma torpaqlara qayıdışın rəmzi kimi xüsusi yer tutur. Bu əlamətdar gün Zəngilanın keçmişinə ehtiramla yanaşı, şəhərin gələcəyinə olan inamı da ifadə edir. Zəngilan şəhərində ilk yaşayış binasının təməlqoyma mərasimi isə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin mühüm mərhələlərindən biridir. Bu təməl yalnız yeni bir binanın başlanğıcı deyil, həm də doğma yurda qayıdan insanların ümidlərinin, arzularının və gələcək həyatının təcəssümüdür.Zəngilanın azadlığı Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin mühüm səhifələrindən biridir. Bu tarixi nailiyyət şəhidlərimizin canı və qanı, qazilərimizin qəhrəmanlığı, Azərbaycan əsgərinin rəşadəti hesabına əldə olunub. Vətən uğrunda həyatını fəda edən qəhrəmanlarımızın əziz xatirəsi hər zaman ehtiramla anılır. Bu gün azad torpaqlarda ucalan hər bir yaşayış binası, salınan hər bir yol, tikilən məktəb və yaradılan yeni infrastruktur şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramın ifadəsidir. Onların fədakarlığı sayəsində bu torpaqlarda yenidən həyat canlanır, doğma yurd yerləri öz sakinlərini qəbul etməyə hazırlaşır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri davam etdirilir. Böyük Qayıdış proqramı çərçivəsində müasir yaşayış məntəqələrinin salınması, yol və kommunikasiya infrastrukturunun qurulması, sosial obyektlərin inşası insanların doğma torpaqlarına təhlükəsiz və layiqli qayıdışına xidmət edir. Zəngilanda həyata keçirilən layihələr də dövlətimizin azad edilmiş ərazilərin inkişafına, əhalinin rifahına və bölgənin iqtisadi potensialının gücləndirilməsinə verdiyi önəmi göstərir.Zəngilanın gələcək inkişafı üçün yaradılan şərait şəhərin yalnız yaşayış məntəqəsi kimi deyil, həm də mühüm iqtisadi və nəqliyyat mərkəzi kimi formalaşmasına imkan verir. Müasir infrastrukturun qurulması, yeni iş yerlərinin yaradılması və sosial imkanların genişləndirilməsi bölgədə davamlı inkişafın əsasını təşkil edir. İlk yaşayış binasının təməlqoyma mərasimi bu baxımdan insanların öz doğma şəhərlərində yenidən məskunlaşması, ailə ocaqlarının bərpası və yeni həyatın başlanması istiqamətində atılan əhəmiyyətli addımdır.
Bu gün Zəngilanın timsalında Azərbaycan xalqının iradəsi, dövlətimizin gücü və milli həmrəyliyimizin əhəmiyyəti aydın görünür. İşğalın ağır nəticələrinə baxmayaraq, şəhərin yenidən qurulması gələcəyə inamı daha da artırır. Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyası azad edilmiş ərazilərin dirçəldilməsinə, tarixi torpaqlarımızda həyatın bərpasına və gələcək nəsillər üçün möhkəm təməlin yaradılmasına yönəlib.
20 Oktyabr – Zəngilan Şəhəri Günü münasibətilə bu torpaqların azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Zəngilanda ucalan hər yeni bina, açılan hər yeni yol və qurulan hər bir yaşayış məkanı Azərbaycanın Zəfər tarixinin davamıdır. Doğma yurda qayıdışın sevincini yaşayan xalqımız üçün Zəngilanın dirçəlişi milli qürur, tarixi ədalətin təntənəsi və gələcəyə inam deməkdir.
Anar Əhmədov
YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi