"Qardaş Türkiyə ilə münasibətlərimizi, əlbəttə ki, yüksək səviyyədə saxlamalıyıq. İqtidarlar gəlir və gedir. Bu gün Türkiyədə AKP iqtidarında Azərbaycana qarşı çıxış edənlər və ya ölkəmizə qarşı haqsız hücumlar edənlər varsa, bu, o demək deyil ki, biz qardaş Türkiyəyə arxa çevirməliyik".Bunu SİA-ya açıqlamasında siyasi ekspert Azər Həsrət deyib.Siyasi eksperti sözlərinə belə davam edib:"Əslində, belə hallar ilk dəfə baş vermir. Yaxın tariximizdə də Azərbaycanla Türkiyə arasında müəyyən gərginliklər yaşanıb. Bundan əlavə, qədim tariximizə nəzər saldıqda, böyük imperiyalarımız arasında da bu cür qarşıdurmaların olduğunu görürük. Məsələn, Osmanlı və Səfəvi imperiyaları arasında 1514-cü ildə baş vermiş məşhur Çaldıran döyüşü tariximizə öz damğasını vurub. Hər iki tərəfdə türk və müsəlman olan insanlar bir-birinə qarşı vuruşublar.Lakin görürük ki, aradan yüzillər keçdikdən sonra Azərbaycan və Türkiyə yenidən bir araya gəlib. Türkiyə və Azərbaycan bir bədəndə iki can olmağı bacarıb. Niyə? Çünki bizim etnik köklərimiz və milli kimliyimiz birdir, eynidir. Nə qədər fikir ayrılıqları və qarşıdurmalar olsa da, biz yenə də birlikdəyik və birlikdə olmağa davam edəcəyik.Bu gün Türkiyədə hansısa iqtidar müəyyən mərhələdə öz maraqları naminə Azərbaycana qarşı bu və ya digər şəkildə hücumları təşviq edirsə, bu, Azərbaycan dövlətinin öz suveren hüquqlarından imtina etməli olduğu və ya kiminsə qarşısında geri çəkilməli olduğu anlamına gəlmir. Əlbəttə, biz geri çəkilməyəcəyik. Bununla belə, bir məqamı da unutmamalıyıq: qardaş Türkiyə ilə münasibətlərimiz, əlbəttə ki, bərabərhüquqluluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanmalıdır. Biz bunu Türkiyədəki müəyyən dairələrə də anlatmağa çalışırıq.Sudan, Liviya və Suriya ilə bağlı məsələlər də hər zaman diqqətimizdə olub və bu gün də diqqətimizdədir. Türkiyənin həmin ölkələrlə bağlı atdığı addımları və tutduğu mövqeyi mən özüm dəfələrlə əvvəlki illərdə tənqid etmiş, bunların yanlış olduğunu bildirmişəm. Bu sıraya Misiri də əlavə edə bilərik.Türkiyənin İsraillə münasibətlərində də ciddi yanlışlıqlar olduğunu düşünürəm. Fələstini və müsəlman qardaşlarımızı müdafiə etmək naminə İsraillə münasibətləri korlamağa dəyməz. Mənə elə gəlir ki, qardaş Türkiyə İsraillə dialoq apararaq hətta Fələstin məsələsinin də köklü həllinə töhfə verə biləcək gücə malikdir. Təəssüf ki, bunun əvəzinə qarşıdurma yolunu seçiblər və sərt ritorikaya üstünlük veriblər. Nəticədə İsraillə Türkiyə arasında dərin uçurum yaranıb.Demək istədiyim odur ki, Türkiyə iqtidarı zaman-zaman belə yanlışlara yol verib. Lakin Azərbaycana münasibətdə də bu cür yanlışlıqların edilməsi, əlbəttə ki, xoşagələn hal deyil. Çünki biz bir millət, iki dövlətik. Bu həqiqəti dərindən anlamalıdırlar".
Müəllif: Günel Fərzəliyeva