PDF Oxu

Siyasət

  • 652

YAP Xocalı rayon təşkilatında müşavirə keçirilib və yeni ərazi partiya təşkilatı yaradılıb

YAP Xocalı rayon təşkilatında müşavirə keçirilib və yeni ərazi partiya təşkilatı yaradılıb

20 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyasının (YAP) Xocalı rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrə və Xocalı rayonunun Təzəbinə kəndində yeni ərazi partiya təşkilatının yaradılmasına həsr olunmuş müşavirə keçirilib.

Xocalı Şəhər Təzəbinə kəndində keçirilən müşavirədə 25 nəfər partiya fəalı iştirak edib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Müşavirədə YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev məruzə ilə çıxış edib. O, çıxışında Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli fikirlərin əhəmiyyətindən, partiyanın qarşısında duran mühüm vəzifələrdən, fəaliyyət istiqamətlərindən və partiya üzvlərinin üzərinə düşən məsuliyyətin layiqincə yerinə yetirilməsinin vacibliyindən bəhs edib. Qeyd olunub ki, partiyanın ideoloji prinsiplərinin təbliği, dövlət siyasətinə dəstəyin gücləndirilməsi və ictimai-siyasi proseslərdə fəal iştirak partiya təşkilatlarının əsas fəaliyyət istiqamətlərindəndir.
Tədbir çərçivəsində Təzəbinə kəndində yeni ərazi partiya təşkilatının (ƏPT) yaradılması məsələsi müzakirə olunub. Yeni yaradılan ərazi partiya təşkilatının sədri və sədr müavini seçilib. Səsvermənin nəticələrinə əsasən, Toğrul Məmmədov ərazi partiya təşkilatının sədri, Savad Musayeva isə sədr müavini seçilib. Yeni təşkilatın yaradılmasının partiya fəaliyyətinin genişləndirilməsi, üzvlər arasında əlaqələrin möhkəmləndirilməsi və ərazi üzrə təşkilati işlərin daha səmərəli qurulması baxımından əhəmiyyəti vurğulanıb.
Məruzə ətrafında Təzəbinə kənd ərazi partiya təşkilatının sədri Toğrul Bəxtiyarov, eləcə də partiya üzvləri Ədibə Hüseynova, Arifə Zeynalova və Loğman Məmmədov çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikirlərini bölüşüblər. Çıxışlarda partiya fəaliyyətinin daha da gücləndirilməsi, qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi, partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəallığının artırılması və yeni yaradılan ərazi partiya təşkilatının fəaliyyətinin səmərəli təşkili məsələlərinə toxunulub.
Müşavirə zamanı iştirakçılar tərəfindən müxtəlif təkliflər səsləndirilib, müzakirələr aparılıb və qarşıda duran vəzifələrin icrası ilə bağlı fikir mübadiləsi edilib. Bildirilib ki, yeni ərazi partiya təşkilatının yaradılması partiyanın yerlərdə fəaliyyətinin gücləndirilməsinə və partiya üzvlərinin birgə fəaliyyətinin daha yaxşı əlaqələndirilməsinə töhfə verəcək.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və müşavirə başa çatıb.

Digər xəbərlər