Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş iclas Lənkəran şəhər Azər Məhərrəmov adına 7 nömrəli tam orta məktəbdə keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclası giriş sözü ilə açan məktəbin direktoru Aynur Məmmədova YAP-ın VIII Qurultayının ölkəmizin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini qeyd edib. O, təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdən, şagirdlərin bilikli, məsuliyyətli və vətənpərvər vətəndaşlar kimi yetişdirilməsinin vacibliyindən danışıb.
Sonra çıxış edən YAP Lənkəran rayon təşkilatının əməkdaşı Yalçın Əliyev qurultayda qarşıya qoyulan vəzifələrin mahiyyəti barədə ətraflı məlumat verib. O, partiyanın cəmiyyətin müxtəlif sahələrində həyata keçirilən proseslərdə fəal iştirakının, ideoloji işin gücləndirilməsinin və dövlət siyasətinin əsas prioritetlərinin ictimaiyyətə çatdırılmasının əhəmiyyətini vurğulayıb.
YAP fəalları Məhəmmədəli Vahabzadə və İlkanə Əhmədova da çıxışlarında dövlətçilik ənənələrinin qorunması, milli-mənəvi dəyərlərin təbliği və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması məsələlərinə toxunublar. Onlar Azərbaycanın əldə etdiyi uğurların qorunub saxlanılmasında və ölkənin qarşısında duran hədəflərin reallaşdırılmasında hər bir vətəndaşın üzərinə düşən məsuliyyəti diqqətə çatdırıblar.
İclas çərçivəsində YAP-ın VIII Qurultayında müəyyənləşdirilən strateji hədəflərin yerli partiya təşkilatlarının fəaliyyətində nəzərə alınması, təhsil sahəsində keyfiyyətin yüksəldilməsi, gənclərin ictimai fəallığının artırılması və milli ideoloji dəyərlərin təbliği istiqamətində fikir mübadiləsi aparılıb.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.