Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbir Lənkəran şəhərində fəaliyyət göstərən Lənkəran-Astara Regional Təhsil İdarəsində təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev çıxışında VIII Qurultayda müəyyənləşdirilən vəzifələrin mahiyyəti və onların yerli partiya təşkilatlarının fəaliyyətində tətbiqinin əhəmiyyəti barədə danışıb. O bildirib ki, partiyanın qarşısında duran əsas vəzifələrdən biri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mahiyyətini ictimaiyyətə çatdırmaq, dövlətçilik ideyalarını təşviq etmək və cəmiyyətin müxtəlif təbəqələri ilə əlaqələri daha da gücləndirməkdir. İ.Əmənullayev qeyd edib ki, qurultayda səsləndirilən müddəalar partiya üzvlərinin fəaliyyətində yeni yanaşmaların formalaşdırılması, təşəbbüskarlığın artırılması və qarşıya qoyulan məqsədlərin ardıcıl şəkildə həyata keçirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. O, təhsil müəssisələrində fəaliyyət göstərən partiya təşkilatlarının gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, milli-mənəvi dəyərlərin qorunması və fəal vətəndaş mövqeyinin formalaşdırılması istiqamətində rolunu xüsusi vurğulayıb.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov çıxışında təhsil sisteminin ölkənin strateji inkişafında mühüm yer tutduğunu bildirib. O qeyd edib ki, müasir təhsil yalnız bilik və bacarıqların aşılanması ilə məhdudlaşmamalı, eyni zamanda, milli kimliyə bağlı, yüksək vətəndaşlıq məsuliyyətinə malik gənclərin yetişdirilməsinə xidmət etməlidir.
Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin direktoru Gülnarə Seyfullayeva çıxışında məktəblərin gənc nəslin şəxsiyyət kimi formalaşmasında, milli-mənəvi dəyərlərin yaşadılmasında və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində mühüm rol oynadığını bildirib. O qeyd edib ki, şagirdlərə dövlət rəmzlərinə hörmət, tariximizə bağlılıq, Vətənə sevgi və cəmiyyət qarşısında məsuliyyət kimi keyfiyyətlərin aşılanması təhsil işçilərinin əsas vəzifələrindəndir. G.Seyfullayeva vurğulayıb ki, qurultayda müəyyənləşdirilən vəzifələrin həyata keçirilməsində təhsil müəssisələrində fəaliyyət göstərən ərazi partiya təşkilatlarının fəallığı, müəllim kollektivlərinin təşəbbüskarlığı və gənclərlə məqsədyönlü işin təşkili xüsusi əhəmiyyət daşıyır.
Sonda çıxış edən Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri, VIII qurultay nümayəndəsi Bəhruz Mehdiyev YAP-ın VIII Qurultayının ölkənin siyasi həyatında və gələcək inkişaf prioritetlərinin müəyyənləşdirilməsində mühüm əhəmiyyət daşıdığını bildirib. O, Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlərin dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli maraqların qorunması və qarşıya qoyulan hədəflərə çatmaq baxımından mühüm istiqamət müəyyən etdiyini vurğulayıb. B.Mehdiyev təhsil sahəsində çalışanların gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi və dövlət siyasətinin əsas prioritetlərinin təbliği istiqamətində üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirmələrinin vacibliyini qeyd edib.
Tədbir çərçivəsində YAP-ın VIII Qurultayına həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarxda qurultayın əsas məqamları və qarşıya qoyulan vəzifələr diqqətə çatdırılıb.
Görüş zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritetləri, təhsilin inkişafı, gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsi, dövlətçilik ənənələrinin qorunması, eləcə də partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonda vurğulanıb ki, YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələrin uğurla həyata keçirilməsi hər bir partiya üzvünün fəallığından, təşəbbüskarlığından və məsuliyyətindən asılıdır. Dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi, milli maraqların qorunması və Azərbaycanın davamlı inkişafına töhfə verilməsi istiqamətində birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi qeyd olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.